“Bu bayram havasını şəhidlərin, qazilərin qəhrəmanlığına borcluyuq”

"Bizim bu günləri görməyimiz üçün özlərinin bu günləri görmə haqqını fəda edənləri, əziz şəhidlərimizi minnətlə yad edirik". 

Bunu "Sherg.az"a politoloq Araz Aslanlı deyib.

Siyasi şərhçi bildirib ki, həqiqi qəhrəmanlar onlardır, onların silah yoldaşları əsgərlərimiz, qazilərimizdir:


"Onlar bizimlə bayram qeyd etməyi də seçə bilərdilər. Amma bizə bayram yaşatmağı seçdilər. Bu bayram havasını onların fədakarlığına, qəhrəmanlığına borcluyuq. Onların və fədakar ailələlərinin qarşısında baş əyirik. Hesab edirəm ki, işğaldan azad etmə ilə bağlı istənilən sevinci şəhidlərə, qazilərə, əsgərlərə borclu olduğumuzu hər an hiss etməliyik. İmkanımız daxilində əsgər, qazi və şəhid ailələrinə də hiss etdirməliyik. Sadəcə sevinmək yetmir, onların sayəsində sevinmək və onların ailələri ilə sevinmək, qürurumuzun qaynağının onlar olduğunu hiss etdirmək vacibdir".