Əllərdə bayraq, dillərdə Qarabağ ! – REPORTAJ

Qaldır başını, qərənfil, zəfər bizimdir!

8 noyabr 2020-ci il. Yəqin ki, bu tarixi azərbaycanlılar illər keçsə də unutmayacaq.  Səbəbini bütün oxucularımız bilir. Amma hələ həmin günün səhəridir. Birdən hər yerdə xəbər yayılır: Prezidentin çıxışı gözlənilir! Bəli, Ali Baş Komandanın xalqa müraciətinin anonsu verilir. Hamı həyəcanlıdır, hər kəsin gözü telefonda, televizordadır. Az-çox təxmin edirik və bilirik ki, şad xəbərlər var.  Lakin “nədir, haradır, hansı şəhərimiz işğaldan azad olunub?” sualların cavabını cənab İlham Əliyev verəcək.  Ona görə ürəyimiz döyünə-döyünə gözləyirik.

Mən və otaq yoldaşlarımın isə çoxdan verdiyi söz var. Fəxri Xiyabana və şəhidlərimizi ziyarətə getməliyik. Çox gec olmadan evdən çıxırıq. Hələ ölkə başçısının xalqa müraciəti yayımlanmayıb. “Nə xoş xəbər gəlsə, yolda agah olarıq” deyirik. Belə də olur. Yavaş-yavaş Fəxri Xiyabana tərəf yol alırıq. Həftə sonu olduğundan ictimai nəqliyyatın fəaliyyəti dayanıb, ona görə piyada gedirik. Yolda müzakirə edirik, görəsən Prezident hansı şəhərimizi elan edəcək?  Spontan olaraq dilləndim:



- Kaş bayraq götürərdik.

Təxmini bu istiqamətdə söhbət edərək yeriyirik. Məhəllədəki “Avto yuma”nın yanından keçəndə o xoş xəbəri eşdirik. Əvvəlcə cənab Prezidentin səsi gəlir. Sonra insanların hayqırtısı, maşın siqnalları Bakını bürüyür. Biz hələ də bilmirik, görəsən hansı şəhərimiz işğaldan azad olunub? Laçın, Kəlbəcər, Xocavənd, Ağdam ya Şuşa?  Bilmirik. Tez telefonu açıb,votsapa girirəm. Axı hamı xoş xəbəri bir-birilə paylaşır.

 Bir anda gözlərim dolur, inana bilmirəm. Gözümdən yaş axa-axa,  təkrar-təkrar  oxuyuram. Bəli, Şuşa! Elə bil yuxudur! Küçədə olduğumu unudub, atılıb – düşürəm:

-Şuşanı deyib! Prezident Şuşanı deyib!

Qızlar da sevincimə qoşulur, gülə-gülə gedirik.  Maşın siqnalları, sevinən insanlar , dalğalanan bayraqlar həyəcanımı birə min artırır. Qarşıda piyada keçidi görünür, yolu keçməliyik. Üzü bizə sarı bir dayı gəlir. Yaşı 60-dan çox olar, fiziki məhdudiyyəti var. Qoltuq dəstəyi ilə yolu keçir,  o bir əli ilə də maşınlara salam verir. Sevinci üzündən, gözündən bəllidir. İndi bu yazını yazanda “Kaş fotosonu çəkərdim” deyirəm. Amma  necə deyərlər mənim fotomu çəkən lazım idi.  Sevindiyimdən nə etdiyimi  bilmirəm. Beləcə addımlayırıq.  Getdikcə küçədə həyəcan, şadlıq səsləri artır. Metronun “Elmlər Akademiyası” stansiyasına gedən yol ilə irəliləyirik. Sağda pəncərədən əlindəki çiçəyi yellədən balaca qız görürəm. Bayrağı yoxdur, amma sevincini güllə göstərir. O sırada ağlıma atam gəlir, atamı təbrik etməliyəm! Axı o da şuşalıdır. Bəlkə Şuşanı görməyib, əli çatmayıb, amma şuşalıdır. Bizim babalarımız çox illər öncə Şuşadan köçməli olub. Ona görə nə atam nə də babam Şuşanı görüb. Nə olsun ki? Yenə də şuşalıdır. Bir də ki o gün hamımız şuşalı, qarabağlıydıq.

Hə, atamı təbrik edirəm:

-Ata, necəsən? Şuşanı azad elədik. Təbriklər!

-(həyəcanlı şəkildə) Prezident dedi?

-Hə!

-Gözümüz aydın!



Yenə yol gedirik. Üzü Fəxri Xiyabana tərəf addımlayırıq.  Nəhayət “İncəsənət” Gimnaziyasının yanına çatırıq. Orada izdiham böyüyür. İnsanlar əllərində bayraq, dillərində “Qarabağ bizimdir!” şüarı ilə yola axın ediblər. Dairədən maşınlar bayraqlarla, səs-səsə verib şütüyürlər. Vətəndaşlar isə yolun kənarında durub maşınları salamlayır, əllərində bayraqla  onların hayqırışlarına qoşulurlar. Birdən yanımızdan balaca oğlan uşağı keçir.Bayrağımızı başının üstünə qaldırıb, o körpə səsi ilə  qışqırır:

- Qarabağ bizimdir! Şuşa bizimdir!

Bir az ona baxırıq, sonra yolun o biri tərəfindəki  camaata... Necə xoşbəxtdirlər... Orada xeyli durandan sonra İkinci Fəxri xiyabana tərəf yol alırıq. Düzü evdən çıxanda əvvəlcə Birinci Fəxri Xiyabana getməyi düşünürdük. Sonra qərar verdik ki, öncə İkinci Fəxri Xiyabana baş çəkək. Üzü yuxarı gedirik, sevinə-sevinə, gülə-gülə danışırıq. 

 Yasamal qəbiritsanlığının yanına çatanda qərənfil satan bir gənc gördük. Dedik həm qərənfil alaq, həm də xiyabanın yerini dəqiqləşdirək. Nə yalan deyim İkinci Fəxri Xiyabanda heç olmamışdım. Ona görə yerini yaxşı tanımırdım.

Elə həmin gəncə yaxınlaşdıq. Yanımdakı qızlardan biri:

-Salam. İkinci Fəxri Xiyaban hansı tərəfdədir?

-Burdan yuxarı çıxın.  “Qurd Qapısından” sağa dönün, 100 metr irəliləyin qarşıda görəcəksiniz.

-Çox sağ olun. Bəs, qərənfillər neçədir?

-Siz neçə ədəd alacaqsınız?

-8  

-Əslində biri 50 qəpikdir. Amma şəhidlərimizi ziyarətə gedirsiniz. 3 manat versəz bəs edər.

Qərənfil satan gənclə sağollaşıb, onu xoş xəbər münasibətilə təbrik edib gedirik.  Addım-addım xiyabana yaxınlaşırıq. Qarşıda yenə qərənfil satan görürük. 8 ədəd bəs etməz deyə yenə alırıq. O an qərənfillərin fotosunu çəkirəm, elə həmin dəqiqə ürəyimdən bir cümlə keçir:  Qaldır başını, qərənfil, zəfər bizimdir!



Beləcə ünvana çatırıq. Girişdən daxil olub, addımlayırıq. Bir xeyli adam gəlib, təəccüb edirik. Elə  onları təqib edərək, əsas məkana çatacağımıza inanırıq. Yenə də tam dəqiləşdirmək üçün kimdənsə soruşmaq istəyirik.  Sağ tərəfdəki məzarlıqda iki nəfər usta qəbirə mərmər düzür. Yanlarına yaxınlaşıb  sual veririk:

-İkinci Fəxri Xiyaban hansı tərəfdədir?

-Mübarizi ziyarət edəcəksinizsə, elə buradır. Qabaqdan sola dönün. Generalın dəfn olunduğu yeni xiyaban isə lap yolun axırındadır.

Çox sağ ol deyib gedirik. Düzü belə ünvan  izah etməsi gözümü doldurur. Mübariz İbrahimov və general-mayor Polad Həşimov. Bu iki əfsanəvi adla yolu izah etdi dayı...Biz də onun dediyi istiqamətlə irəliləyirik. Əvvəlcə generalın və yaxınlarda şəhid olan igidlərimizin dəfn olunduğu yerə tərəf yol alırıq. Girişdən daxil oluruq. Elə lap başda Polad generalımız qarşılayır bizi... Elə bil ayağım yerimir. Qəribə, tanış olmayan bir hiss dolur ürəyimə. Həm qürur duyuram, həm sevinirəm, həm də hüzünlənirəm. Elegiya dedikəri bu olsa gərək.  Bir xeyli adam var. Yəqin ya şəhid ailələridir, ya da bizim kimi ziyarət üçün gələnlərdir. Generalın məzarının yanına yaxınlaşırıq. Əlimdəki qərənfili yavaşca qəbrinin üstə qoyuram. Sonra əzbər bildiyim tək-tük dualardan olan “Fatiha”nı oxumağa başlayıram. O sırada gözüm Cənab Həşimovun baş daşı şəkilindədir. Yadıma onun şəhadət xəbərini eşitdiyim gün gəlir. Onda redaksiyada idim, birdən dedilər ki, general şəhid olub. Elə bil gözümdə qocaman bir dağ devrildi. İndi o dağ bütün əzəməti ilə qarşımda idi. Gözümü zilləyib  baxmağa davam edirəm. Qəfildən acı ağı səsi ilə silkələnirəm. Cərgənin başında bir qadın ağlayır:

-Can qardaş!

Diqqətlə baxanda qadının başı üstə ağladığı məzarın Milli Qəhrəman Şükür Həmidova aid olduğunu görürəm.

“Yəqin bacısıdır” deyib, doluxsunuram. Bir neçə addım ona tərəf yaxınlaşırıq. Sonra o biri şəhidlərimizə baş çəkirik. Sıra ilə davam edirik, dua oxuyuruq.  Rus əsilli şəhidimiz Dmitrinin qəbri ilə rastlaşırıq. Bir daha onun yaşadığı torpaqlara olan sədaqətinə, sevgisinə heyran qalıram. O sırada gözüm Cəbrayılı axtarır. Hə, 19 yaşlı igidimiz, qəhrəmancasına şəhid olan mələk adlı Cəbrayılımızı... Nəhayət görürəm. Şəhid Nurlan Ağakişiyevlə yanbayan dəfn olunub. Şəkillərinə baxıram, üzlərindəki nur, gözlərindəki işıq sanki ətrafa yayılır.  Adamlar başlarına toplaşır. Ona görə sıxlıq yaratmamaq üçün irəliləyirik. Bir az irəlidə şəhid məzarı önündə ağlayan gənc xanım var. Yanında yaşlı bir kişi qızın gözünün yaşını silir. Elə  bil başını qaldır, məğrur dayan deyir. Qeyrətinə qurban olduğum millətim...



Ziyarətin sonuna yaxınlaşırıq. Gözümə bir baş daşı sataşır. İlahi, sanki o sağdır deyirəm. Necə də ürək dolusu, içdən gülüb fotoda.  Bilirsiz kim? Həkim şəhidimiz Turqut Xəlilbəyli. Baş daşında əks olunan rəsmində elə gözəl gülüb ki, adam baxdıqca baxır. Ona baxıb mən də gülümsünürəm. Gözüm dolub, amma üzüm gülür.  Nə qəribə hisslərdir...

Oradan çıxırıq. Qapıya yaxınlaşanda  yaşlı bir qadın içəri daxil olur. Sağ tərəfdə dayanan əsgərlərə baxıb: “Allah sizə qüvvət versin!” deyir. Özü də elə nəvazişlə, şəfqətlə səslənir ki... O an yadıma nənəm düşür.  Mən uşaq olanda onunla  tez-tez kəndə, parka, bazara gedirdik. Onda nənəm hərbi formada kimi görsə “Can qurban olaram sizə” deyirdi. Ağlım kəsmirdi, düşünürdüm ki, o niyə tanımadığımız adamlara belə nəvazişlə can deyir. Böyüdükcə öyrəndim. İndi mən də harada bir əsgər görsəm ayağının altında torpaq olmaq istəyirəm. Çünki bilirəm, Vətən, millət üçün canları bahasına xidmət etdiklərini yaxşı anlayıram. Elə o xalanın səsində də həmin hisslər var idi.

Bu dialoqdan sonra Mübarizin dəfn olunduğu yerə tərəf addımlayırıq.  Girişdən daxil olub, şəhidlərə sarı  gedirik. Əvvəlcə 90-cı illərin igidlərini görürük. Torpaqlarımız uğrunda canlarını fəda edən, qanlarının son damlasına qədər vuruşan oğullarımız. Ürəyimdə onlara səslənirəm: Rahat yatın, qisasınız alındı!

Oradan keçib, xiyabanın yuxarı hissəsinə qalxırıq. Başdan “Aprel” döyüşlərində şəhid olan igidlərimiz, sonra Fərid, Mübariz...



Həmin iki qəhrəman. Başlarına xeyli adam toplaşıb. Onların içərisində uşaqlar da var. 

Yanağında Azərbaycan bayrağı əks olunmuş bir balaca qız, ondan yaşca kiçik bir oğlan uşağı.. Valideynləri ilə birgə gəliblər. Atası Mübarizin baş daşını öpür. O an balaca qız təəccüb edərək soruşur:

-Şəkili niyə öpdün?

Atası cavab verə bilmir. Gözünün yaşını silib, qızının başına sığal çəkir. Görünür, keçirdiyi hissləri övladına izah edə bilmir. Hansımız ifadə edə bilirik ki? Bu zəfər günlərində dilimiz sevincdən topuq vurur... Sonra atası keç onun yanında fotonu çəkim deyir qızına... O da əlində bayraq, Mübarizin baş daşışının yanında dayanır. Elə qürurla, məğrur durur ki, elə bil arxasında dağdan böyük igidin olduğunu hiss edir.  Balaca qardaşı isə əlindəki qərənfili ehmalca məzarın üstə qoyur... Onları xeyli müşahidə edirəm. O qədər baxıram, düşünürəm ki, qərənfili Mübarizin qəbri üstə qoymağı unuduram. Qızlar yadıma salır, qayıdıb missiyamı tamamlayıram. Bir neçə foto çəkib, 2. Fəxri xiyabandan çıxırıq. Çöldə o balaca qızı yenə görürəm. Şanlı bayrağımıza bürünüb, elə fəxrlə yeriyir ki..

 Bu arada siqnal səsləri kəsməyib, şəhərdə təntənə davam edir.  Biz də nə yaxşı ki, gəldik deyirik. Nə gözəl günə təsadüf etdi. Qismətdə Şuşanın işğaldan azad olunmasını şəhidlərimizlə qeyd etmək var imiş. Hə, mən bu günü onlarla qutladım. Həm də halallıq aldım, sevincimin memarları haqqınızı halal edin dedim. Elə ağlımda bu fikirlər asta-asta addımlayırıq. Yaman yorulmuşuq, yenə də xoşbəxtik. Yolu aşağı düşürük, yenidən “İncəsənət” gimnaziyasının yanına gəlirik. Hələ də izdiham var, insanlar azalmaqdansa çoxalıb, maşınların sayı artıb. Xoşbəxtlik, sevinc,qürur, illərdir həsrət qaldığımız duyğular... Bütün bu hisslər necə gözəldir... Hamısı məni ağuşuna alıb.



Evə tərəf yol alırıq. Yollarda qışqırışan insanlar, bayraqları dalğalandıran avtomobillər. Elə bil yuxudur. Yola davam edirik. Akademiyanın yanında insanlar yolun kənarına toplaşıb. Maşınları salamlayır, sevinclərini göstərirlər. Bir az orada dayanıb, onlara baxırıq. Sonra evə gedirik. Şad xəbəri eşitdiyimiz həmin  avto yumanın yanındayıq.  O an söhbət edirik:

-Xəbəri burda eşitdik hə?

-Hə tam da burda.

Öz özümə fikirləşirəm. İlahi, indi bu yerlər mənə necə doğma gələcək. Hər burdan keçəndə Şuşanı xatırlayacam...

Nəhayət evə çatırıq. İlk iş prezidentin çıxışına baxmaqdır. Sona qədər gözlərim dolmuş şəkildə izləyirəm. Ali baş Komandan İlham Əliyev “Əziz Şuşa, sən azadsan!” deyəndə gözümün suyu selə dönür...



Nə deyim? Var olun, Ali Baş Komandan!

Yazını yazanda tarix 9 noyabr 2020-ci ildir. Ürək dolusu qeyd etdiyimiz ilk Bayraq günümüz. Bayramımız, Şuşamız mübarək olsun!

Hazırladı: Samirə Ərəbova