"«Yenilməz erməni ordusu» mifi darmadağın edildi”

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq  qələbəmizin rəmzinə çevrildi”

“Tarix nə qədər keçmişdə qalırsa, o qədər də gələcəkdən gəlir”


Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahidi oldu. Bu gündən etibarən istər paytaxtımızda, istərsə də işğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu. Azərbaycan Misnk qrupu və BMT-nin həll etməli olduğu dağlıq Qarabağ münaqişəsini öz hərbi gücü ilə tənzimlədi. Bununla da həm ərazi bütövlüyümüzün, həm də beynəlxalq hüququn aliliyini təmin etdi. 

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri  fəaliyyətə başladıqları 1992-ci ildən bugünədək yalnız  nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Prezidentimiz İlham Əliyevin təbirincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Amma bütün dünya gördü ki, Azərbaycan xalqının səbri tükənməz deyil.

Tarixi qələbəmizlə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, yalnız ordumuzun deyil, milli ruhumuzun da Ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanın gözləri qarşısında Azərbaycan xalqının yeni tarixi yaradılır:

“Bu yaradıcılıq missiyası belə bir fəlsəfi həqiqəti bir daha təsdiq edir: Tarix nə qədər keçmişdə qalırsa, o qədər də gələcəkdən gəlir. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü.

Bir sözlə, «yenilməz erməni ordusu» mifi darmadağın edildi. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq  qələbəmizin rəmzinə çevrildi”.

Deputat qeyd edib ki, Azərbaycana qələbə sevincini yaşadan ölkə başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz iradəsi, ordumuzun yenilməz rəşadəti, birliyimiz, həmrəylimizdir:

“Ən əsası, şəhidlərimiz bu möhtəşəm qələbə tarixini öz qanları ilə yazdılar. İşğal altında olan torpaqlarımız, Qarabağın tacı olan Şuşa  özünün tarixi sahibinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında  şəhidlərimizin qanının yerdə qalmayacağını bildirirdi. Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların artıq ruhu şaddır.

Onların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi”.