Müasir Azərbaycan tarixinin ən böyük qələbəsi


"Ali Baş Komandanımızın rəhbərliyi ilə noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini, ardınca 72 yaşayış məntəqəsini və vacib yüksəklikləri işğaldan azad etməsi müharibənin taleyini həll etdi. Bununla da tam qələbəni təmin etmiş oldu. Azərbaycan Ordusunun rəşadəti, yüksək döyüş ruhu qarşısında tab gətirə bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi, daha çox itkilər verməməkdən ötrü müharibənin dayandırılmasına məcbur oldu. Beləliklə də, düşmənin rəzil duruma düşməsini, çarəsizliyini, məğlubiyyətini etiraf etməkdən başqa yolu qalmadı".

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. O bildirib ki, noyabrın 10-da Ermənistan-Azərbaycan arasında mövcud müharibənin dayandırılması məqsədilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin özündə mühüm müddəaları əks etdirən birgə bəyanat imzalanmasını ölkəmizin müasir dövr tarixində böyük uğuru hesab etmək olar:

"Sərhəd bütövlüyü və suverenliyinin tam təmin edilməsi, işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması, məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirilməsi məsələləri Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsidir. Bu həm də erməni mifinin dağılması və Ermənistan dövlətinin siyasi-iqtisadi-hərbi çöküşünün bir sübutudur".

R.Hüseynov qeyd edib ki, bəyanatda əksini tapan mühüm müddəalardan biri kimi Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu yerləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi hazırkı vəziyyət üçün başa düşüləndir:

"İllərlə davam edən bu düşmənliyin tez bir zamanda yox olmasını təsəvvür etmək, hər şeyi tam normal məcraya yönəltmək düzgün olmazdı. Bu baxımdan beynəlxalq praktikadan irəli gələrək, tərəflər arasında münasibətlərin tam normaya düşməsinə qədər olan dövrdə üçüncü tərəfin hərbi qüvvəsinin mövcudluğu doğru hesab edilə bilər. Şübhəsiz ki, məhz Rusiya sülhməramlı kontingentinin bu missiyanı yerinə yetirməsi də tam təbii qarşılanmalıdır.

Nəzər alsaq ki, Rusiya müharibə dövründə neytrallığını qoruyub saxlasa da, bu, onun regiondakı geosiyasi maraqlarından imtinası, nəzarət mexanizmini kiməsə güzəştə getmək fikrində olması anlamına gəlmir. Düşünürəm ki, qüvvələr balansının təmin edilməsi, Azərbaycan dövlətinin mövqeyinin, təsir imkanlarının qorunub saxlanılması və Ermənistanın gələcəkdə hər hansı təxribatlara yol verməməsi baxımından Türkiyənin prosesdə birbaşa iştirakı doğru addımdır.

Bəyanatın 5-ci maddəsində əks edilmiş sülhməramlı mərkəzin yaradılmasında Türkiyənin də mütləq iştirakının nəzərdə tutulmasını Azərbaycanın uğuru hesab etmək olar".