Onsuz da hamı virusa yoluxacaq

Uşağından tutmuş böyüyünə qədər

"Burada əsas məsələ odur ki, yoluxduğu zaman xəstələnməsin, xəstələndiyi zaman tibbi yardım göstərilə bilinsin"

Dünya ölkələrində "COVID-19" pandemiyasının geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Artıq bir çox ölkələr xüsusi karantin rejimləri tətbiq edir, qaydaları sərtləşdirirlər. Azərbaycan dövləti koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Amma görünən odur ki, virus artmaqda davam edir.

Buna görə də ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. İnfeksiyanın geniş yayıldığı Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, insanların məsuliyyətsizliyi infeksiyanın yayılma sürətini artırdı. Həkim vurğulayıb ki, hazırda dünyada pandemiyanın geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur:

"Hazırda bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da virusa yoluxanların sayı durmadan artır, sanitar-epidemioloji vəziyyət çətinləşir. Buna görə də infeksiyanın yayılma sürəti yeni qaydaların tətbiq edilməsinə gətirib çıxarır.

Gündəlik statistikada müşahidə olunan artma, enmə faktına gəlincə, burada aparılan test sayı və üzərində test aparılan əhali kontingenti ilə müəyyənləşdirilir.

Yəni bura tendensiya təsir etmir. Onsuz da hava-damcı yolu ilə keçən viruslar hamıya yoluxacaq, bunun başqa çarəsi yoxdur. Uşağından tutmuş böyüyünə qədər.

Burada əsas məsələ odur ki, yoluxduğu zaman xəstələnməsin, xəstələndiyi zaman tibbi yardım göstərilə bilinsin. Sosial məsafəni qoruyan, gigiyenik qaydalara əməl edən insanlara virus az miqdarda keçəcək.

O xəstələnmədən virusa qarşı immunitet qazanacaq. Ancaq digər şəxslərə çox virus keçər və immuniteti nə qədər güclü olsa da, yenə də xəstələnib ciddi fəsadlarla qarşı-qarşıya qala bilər".