Paşinyanın heç bir seçimi qalmadı

Prezident Ermənistanın bütün zərərli oyunlarının qarşısını ustalıqla aldı

“Azərbaycanın Dəmir Yumruğu Ermənistana məğlubiyyətdən başqa yol qoymamışdı. Ermənistan artıq çox yaxşı başa düşür ki, aldatmacalar, hiylələr qətiyyən keçmir: - ya məğlubiyyətlə barışmalı, ya ikiqat məğlubiyyətə düçar olmalıdır!”. Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva feysbuk profilində yazıb. Deputat vurğulayıb ki, qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız işğaldan azad olunur: “Paralel olaraq, Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır.

Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda, məhdud kontingentlə və bəlli müddətə əraziyə yerləşdirilir. Azərbaycan Prezidenti həmişə vurğulayırdı ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir.

Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq (Bəyanatın 5-ci bəndinə uyğun şəkildə) birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir.

Xatırladaq ki, artıq Qarabağda qoşunların təmas xətti anlayışı sıfırlanıb. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Əlbəttə, Birgə Bəyanata qədər 44 günlük aktiv müharibə yolu keçildi. Azərbaycan Böyük Vətən Müharibəsində dövlət-xalq birliyi öz təntənəsini yaşadı, zirvə məqamlarla tarixə düşdü, örnək oldu. Azərbaycan Silahlı Qüvvələri mülki insanlarla müharibə aparmadığını, hərbçinin işinin hərb meydanında olduğunu göstərdi. Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmayan ordumuz, hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsinin heç də çətin bir vəzifə olmamasına baxmayaraq, Ermənistanın və dünya erməniliyinin gözlədiyi addımı atmadı”. 

Q.Paşayeva bəyan edib ki, Prezident İlham Əliyev Ermənistanın bütün zərərli zehn oyunlarının, “Qafqazda xristianlığın son qalası” və s. riyakarlıqlarının, özünə imtiyaz və hüquqlar əldə etmək cəhdlərinin qarşısını ustalıqla aldı:

“Ermənistan elə bir duruma salındı ki, irəli getsə də, geri dursa da bir seçənəyi qalmışdı: məğlubiyyət! Azərbaycan həmişə rəsmi şəkildə, Dağlıq Qarabağda sülh ortamında birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Prezident dəfələrlə açıqlamışdı ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir.

Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışının mümkünlüyünü demişdi. Monoetnik Ermənistanın “demokrat” baş nazirisə birgəyaşayışın qeyri-mümkünlüyündən danışırdı.

Sözdə demokrat Paşinyan, çoxmillətli, sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı Azərbaycanı qara rəngdə göstərmək, gözdən salmaqçün əlindən, ağlından, əlaqələrindən gələn hər şeyi etdi, dəridən-qabıqdan çıxdı, amma Dəmir Yumruq qarşısında geri çəkilməyə məcbur oldu.

Uğursuz dövlətin uğursuz baş nazirinə indi İrəvanda, əsgərlərinin vaxtı ilə Qarabağda qazdığı “siçan yuvası”ndan lazımdır. Maksimalist Paşinyan indi nə öz xalqına, öz ölkəsinin siyasilərinə, ictimai fəallarına cavab verə bilir, nə bizim qarşımıza çıxmağa üzü var.

Öz aqibətini öz səbatsız addımları ilə cızan Paşinyan, tarixin təkərini geri döndərmək mümkün olsaydı, heç hakimiyyətə gəlməz, oturub “qara piarçılığ”ı ilə girlənərdi”.