"Ordumuzun, xalqımızın gözü aydın olsun"

Sahib Səfərov: "Bu gün həqiqətən də Qarabağ Azərbaycan oldu!"

"İşğal zənciri qırıldı, Azərbaycan Ordusu nəyə qadir olduğunu döyüş meydanında göstərdi"

Qəhrəman zabitimiz, polkovnik-leytenant Ramil Səfərovun atası Sahib Səfərov Azərbaycanın qazandığı qələbə ilə bağlı fikirlərini “Şərq”ə bildirib. S.Səfərov deyib ki, Azərbaycanın apardığı Vətən müharibəsinin işğal olunmuş ərazilərimizin – Qarabağın azadlığı, Ermənistan silahlı qüvvələrinin bütünlüklə tərksilah edilməsi ilə nəticələnməsi xəbərini gecə saatlarında eşidib və səhərə kimi oyaq qalıb: 

- Səhəri kimi gözümü yummadım. Xəbərləri izləyirdim, bildirildi ki, cənab Prezident xalqa müraciət edəcək. Ürəyim çırpındı ki, görəsən daha hansı əraziləri, kəndləri azad etmişik?! Amma cənab Prezident, Ali Baş Komandan xalqa Böyük Qələbə müjdəsi verdi. O anda keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın müzəffər ordusu, igid, Vətənə canını fəda edən əsgərlərimizin qarşısında baş əyirəm. Azərbaycan xalqı qəhrəman əsgərlərimizlə qürur duyur. Prezidentin çıxışını izlədim. Prezidentin təkcə o yumruğu düşmənə bəsdi. O yumruq onları məcbur etdi ki, sənədə qol çəksinlər. Həqiqətən də o yumruq birliyimizin, gücümüzün, qələbəyə sarsılmaz inamın göstəricisi oldu.
Azərbaycanımızın gözü aydın, ordumuzun, xalqımızın gözü aydın olsun. İndiyədək hər zaman “Qarabağ Azərbaycandır” deyirdik. Amma bu gün həqiqətən də Qarabağ Azərbaycan oldu! İşğal olunmuş ərazilərdən çıxarılmış soydaşlarımız, evini-eşiyini, doğma yurdunu tərk etmiş bizlər tezliklə doğma torpağımıza, evimizə qayıdacağıq.

Erməni vandallarının viran etdikləri kəndlərimizə gedəcəyik və yenidən qurub-yaradacağıq. Cənab Prezident də bunu dedi. Ali Baş Komandan sözünün üstündə durdu, sübut etdi ki, Azərbaycanın qüdrətli ordusu var və torpaqlarımızın bir qarışını da düşmənə güzəştə getməyəcəyik. 28 ildir ərazilərimiz işğal altındaydı. Bir təkana, bir qırılma anına  bağlıydı sanki hər şey. Sentyabrın 27-si həmin qırılma anı baş verdi. İşğal zənciri qırıldı, Azərbaycan Ordusu nəyə qadir olduğunu döyüş meydanında göstərdi. Dünya da gördü. Azərbaycan əsgəri nələrə qadirdir. Ermənistanın döyüşlərə cəlb etdiyi muzdlular da gördülər ki, Azərbaycan əsgəri ilə savaşmaq mümkün deyil. Azərbaycan Ordusu 90-cı illərin ordusu deyil. Ermənilər son  anadək alçaqlıqlarından əl çəkmədilər, hətta Bakıya da raket zərbəsi endirmək fikrinə düşdülər, lakin rəşadətli silahlı qüvvələrmiz, müdafiə sistemimiz paytaxtımızın qələbə sevincinə kölgə düşməsinə izn vermədi.    

S.Səfərov Azərbaycan xalqının məbədgahı Şuşanın alınmasında canından keçən igid oğullarımızın önündə bir daha baş əydiyini dedi: 

- Mən Rusiya informasiya saytlarında, rusların özünün yazdığı məlumatları oxudum. Yazırdılar ki, Azərbaycan əsgəri Şuşanı canıyla, qanıyla aldı. Sıldırım qayalara dırmaşaraq irəliləyən əsgərlər yaralı əsgər yoldaşlarını, hətta şəhid olanları da özləri ilə yuxarıya doğru çəkirdi, onlarla birgə yüksəkliyə dırmanırdılar. Bilirsiz, bu, hər xalqa nəsib olmayan qəhrəmanlıqdır. Azərbaycan əsgəri tarixdə belə anılacaq; Vətənini sevən, onun uğrunda canından keçən və yaralı, hətta həlak olmuş döyüş yoldaşını da özüylə birgə yüksəkliyə daşıyan əsgər! Bundan böyük fəxarət ola bilməz. 
S.Səfərov Azərbaycan xalqının sevimlisi, qəhrəman zabitimiz, hazırda Silahlı Qüvvələrin tərkibində vəzifəsini yerinə yetirən Ramil Səfərovun həmişə qələbəyə inandığını və tez-tez “səbrli olun, təmkinli olun, biz qələbə çalacağıq, bizə birlik lazımdır” söylədiyini vurğuladı.