Türkiyəli jurnalistdən ciddi MESAJ: “Azərbaycan-Türkiyə həmrəyliyini zəiflətməyə çalışacaqlar”

Abdulhamit Avşar: “Qardaş xalqlar əlaqələrin möhkəmlənməsinə çalışmalıdırlar”

“Mən bunu sərhədlərin aradan qalxmasından daha çox, siyasi, sosial, mədəni və iqtisadi birləşmə olaraq görürəm”

“Yolu isə böyük mütəfəkkir İsmayıl bəy Qaspiralının sözlərilə desək, dildə, fikirdə, işdə birlikdir”




Bəzi ölkələr nə qədər “üç meymun” oynayıb, özlərini karlığa, korluğa, lallığa vursalar da, əslində son bir aydır ki, bütün dünyanın gözü Azərbaycandandır. Bizi bəziləri fərəhlə, bəziləri həsədlə, bəziləri də qısqanclıqla izləyir. Amma izləyir. Necə deyərlər, Allah ordumuzu, xalqımızı bəd nəzərdən qorusun! Azərbaycanın apardığı əks-hücum əməliyyatlarını ən tanınmış hərbi eksperlər, diplomatlar, politoloqlar təqdir edir, alqışlayırlar. Çünki biz cəmi 44 gün içində otuz illik mifi dağıtdıq. Bax, buna deyirlər, qanı qanla yumaq.

 Qarabağın açarı sayılan Şuşanın ötənlərdə düşmən tapdağından azad olunması xəbəri isə təkcə Azərbaycanda yox, bir çox dost ölkələrdə, o cümlədən ilk gündən bizə dəstək olan, ürəkləri bizimlə döyünən qardaş Türkiyədə coşqu ilə qarşılandı.

Türkiyənin TRT kanalının Özbəkistan təmsilçisi, dosent Abdulhamit Avşarın “Sherg.az”a müsahibəsi zamanı ətraflı cavabları onların hər addımımızı yaxından izlədiklərini göstərir.

- Necə düşünürsünüz, müharibə niyə məhz indi başladı?

-   Bu, bəlkə də, ən vacib suallardan biridir. Məsələyə erməni cəsarəti kimi yox, beynəlxalq münasibətlər konteksindən yanaşmaq lazımdır. Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarına qarşı hücum cəhdlərinə belə demək mümkünsə, öyrəşmişdik. Amma Tovuz təxribatını başa düşmək bir az çətindir. Kənardan baxanda bunun üç müxtəlif səbəbi görünür. Birincisi, Tovuz mühüm enerji və nəqliyyat qovşağıdır. Ola bilsin, iğalçılar burada narahatlıq yaratmaqla təhlükəsizliyi pozmağı, Azərbaycanı iqtisadi cəhətdən çətin vəziyyətə sala biləcəklərini düşünürdülər. Beləliklə, TANAP-a, beynəlxalq dəmiryolu əlaqələrinə, Asiya ilə Avropa arasındakı quru yoluna təsir edərək, Azərbaycan olan beynəlxalq inamı, əməkdaşlığı zəiflədərək Azərbaycanın Avrasiyadakı “yüksələn ulduz” statusuna kölgə salmaq niyyətində idilər. İkinci ehtimal Ermənistanın arxasındakı xarici güclərə güvənərək status-kvonun dəyişilməyəcinə əmin olması və işğalı genişləndirməsindən ibarətdir. Düşmən əgər Tovuzu ələ keçirə bilsə, Azərbaycan-Türkiyə-Gürcüstan xəttində nəzarəti alacaq və regionda strateji üstünlük qazanacaqdı. Bu isə Azərbaycanın beynəlxalq əlaqələrini zəiflədəcəkdi. Dediyim iki ehtimala görə, Azərbaycan adekvat cavab verməməli idi. Yox, əgər rəsmi Bakı  əks-hücum əməliyyatlarına dərhal başlasa idi, Ermənistan bunu fürsət bilərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qaydalarına uyğun olaraq, Rusiyanı da iştirakçıya çevirəcək və hərbi əməliyyatların miqyasını böyüdəcəkdi. Hətta Qərb ictimaiyyətini ayağa qaldırıb 1990-cı illərdə olduğu kimi, yeni torpaqları işğal etmək barədə planlar cızılırdı.

- Bəs növbəti ehtimal?

- Beynəlxalq güclərin qurduğu tələlərə düşməyərək Suriya, İraq, Libya, Aralıq dənizi kimi bir çox ərazidə sözünü deyən Türkiyəni Qafqazda sıxışdırmaq idi. Azərbaycanı öz təhlükəsizliyi barədə düşünməyə məcbur edərək iki qardaş arasına məsafə qoymaq isə üçüncü ehtimaldır. Həm də işğalçı Azərbaycanın müvafiq cavab verməyəcəyinə inanırdı. Elə bilirdi ki, otuz il ərzində qurulan sərt istehkamları, keçilməz hesab etdikləri sədləri aşmaq mümkün olmayacaq. Daha konkret desəm, rəsmi İrəvan qalib gələcəyi, Azərbaycanın yenə uduzacağı ilə bağlı illuziyaya qapılmışdı. Fəqət Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə necə gücləndiyini əyani şəkildə gördülər. Həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlığın da sözlə məhdudlaşmadığını, hər iki tərəfin digəri üçün lazım gələrsə, bütün risklərə gedəcəyinin şahidi oldular. Əgər düşmən sizin belə cavab verəcəyinizi təxmin etsəydi, nəinki təxribat törətməz, bir yarpağı titrəməsinə də icazə verməzdi.

- Savaş təkcə silahla yox, informasiya ilə də aparılır. İkinci barədə nə deyə bilərsiniz?

- Çox düz buyurdunuz. Artıq hərbi əməliyyatlar şərti mənada lokal xarakter daşıyırsa, informasiya müharibəsi daha qlobal səciyyəyə malikdir. Buna görə informasiya müharibəsi də döyüşlər qədər vacibdir. Beynəlxaq ictimaiyyət öz hökumətlərinin xarici siyasətlərindən təsirlənərək formalaşır. Beynəlxalq ictimai rəyin yaradılması isə xeyli dərəcədə yayılan məlumatlardan asılıdır. Yaxın illərədək informasiya və bilgi ənənəvi media vasitəsilə yayılırdı. Beynəlxalq toplum məhz bu yolla məlumatlanırdı. İndi isə vəziyyət dəyişib. “Sosial media” adlanan məfhum xəbərlərin yayılması və ictimai rəyin formalaşmasında çox mühüm vasitəyə çevrilib. Beləliklə, İkinci Qarabağ müharibəsində də gördüyümüz kimi, informasiya müharibəsi yalnız dövlət və təşkilatların deyil, ayrı-ayrı fərdlərin də qoşulmasını tələb edən sahəyə çevrilib. İndi ənənəvi media ilə yanaşı, fərdlərin də informasiya müharibəsinə qoşulması zəruridir. Amma şəxsi və ictimai əhəmiyyət daşıyan xəbərlərin fərqləndirilməsinə diqqətlə yanaşmalıyıq. Belə ki, şəxsi paylaşımlar bəzən, xüsuilə də belə vəziyyətlərdə fayda əvəzinə, ziyan verə bilir. Məsələn heç nəyi düşünmədən cəbhədən məlumat və ya görüntü yaymaq, ya da hansısa səbəbdən ölkənin milli mənafelərinə zidd nə isə yazmaq düşmənin əlinə “kozor” verməkdir. Azərbaycan mediasının və sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin bu məsələdə həssas davranmaları sevindiricidir. Zaman-zaman “peyda olan” saxta səs yazılarının sahiblərinin kim olduğu onsuz da müəyyənləşir, ortaya çıxır. Təəssüf ki, qarışıq qanlı, xaraktersiz insanlar hər yerdə var. Bizim öhdəmizə düşən onların saxtakarlıqlarına, hiylələrinə və oyunlarına qarşı soyuqqanlı, ehtiyatlı olmaqdır.

- Ermənistan ard- arda dezinformasiyalar yayır. Bir jurnalist kimi məsələyə münasibətiniz necədir?

Biz bir çox hallarda özümüzü anlada, haqlı olduğumuzu göstərə bilmirik. Əlbəttə, bunun tarixi və fəlsəfi səbəbləri var. Biz böyük milətik, tarixdə söz sahibiyik. Biz özümüzə qarşı hücumların öz gücümüzlə qarşısı ala biləcəyimizi daim göstərmişik. Yalan danışmaq, başqalarına özümüzü aciz, yazıq kimi göstərərək onların dəstəklərini “dilənmək” dünya görüşümüzə ziddir. Biz nəinki yalanlar vasitəsilə dəstək almağı, hətta ən çətin anımızda kimdənsə kömək istəməyi də özümüzə ar bilirik. Türklər XVIII əsrədək başqa ölkələrə elçi də göndərmirdilər. Özlərini dünyanın mərkəzində bildiklərinə görə, bunu zəiflik hesab edirdilər. Ermənilər isə mövcudluqlarını, dövlət qurmalarını başqalarının himayəsinə, özlərini onlara yazıq kimi göstərməyə, yalvarmalarına borcludurlar. Güclü qarşısında susmaq, əllərinə fürsət düşdüyü an vəhşiliklər törətmək və daim özlərini aciz timsalında təqdim edərək yaşamaq xarakterlərinə hopub. XX əsrin əvvəllərində Rusiyanın havadarlığı ilə həm  Osmanlı, həm də Azərbaycan torpaqlarında qətliam törətmələrinə rəğmən, eyni vəhşilikdə bizi ittiham etdilər və təəssüf ki, bunu bacardılar. Halbuki əsl vəhşiliyi özləri törədiblər. Bunu bir az vicdanı olan hər kəs görə, anlaya bilər. Həmin dövrün sənədlərində də tarixi həqiqətlər olduğu kimi göstərilib. Biz hüzur və sülh olsun deyə, olanları unutmağa çalışdıq, qətliamların şahidlərinin yaşadıqlarını vaxtında dünya ictimaiyyətinə çıxarmadıq. Ermənilər isə bir müddət keçdikdən sonra soyırım iddialarını gündəmə gətirdilər. Hətta bu gün də dünyanın dörd bir yanında əsassız iddialarla bizi təqsirləndirirlər. Analoji təbliğatlar vasitəslə Sovetlər Birliyi vaxtında Azərbaycan əleyhinə bir çox addımlar atdılar. İndi də eyni “strategiya”nı davam etdirirlər. Məqsəd xristianlıq, Türk düşmənliyi kimi ideologiyalarla onlarla səmimi davranan beynəlxalq ictimaiyyəti hər cür yalan xəbərlərlə qıcıqlandırmaq və Azərbaycana təzyiqi, əməliyyatların dayandırılmasını təmin etməkdir. Bununla mübarizə aparmağın yolu soyuqqanlılığı qoruyaraq, bütün istiqamətlərdə ancaq həqiqətlərə sığınmaqdır

- Belə vəziyyətlərdə media necə davranmalıdır?

-Ən vacibi, Türk dünyası başda olmaqla, insaf və ədalət duyğusu daşıyan bütün media quruluşlarının informasiya təminatını, ötürülməsi prosesini sürətləndirmək, erməni yalanlarının, dezinformasiyalarının beynəlxalq ictimaiyyətə nüfuz etməsinin qarşısını almaqdır. Bunun üçün səbrlə, bezib-yorulmadan, dincəlmədən mübarizə aparılmalıdır. Həm cari hadisələr, həm də regionun tarixinə dair əcnəbi dillərdə, xüsusilə ingilis və rusca xəbərlər, proqramlar hazırlanmalı və onlar sosial media vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu zaman məsələyə təkcə subyektiv yanaşmaq lazım deyil. Əksinə, informasiya harada yaşamasından asılı olmayaraq hər kəsin başa düşə biləcəyi formada çatdırılmalıdır. Xarici həmkarla əlaqələr qurulmalı və hazırlanan materiallar qarşılıqlı dəyişdirilərək, translitirasiya edilməli, yayılmalıdır. Bildiyiniz kimi, dünya ölkələrində media quruluşları mənbə kimi məhdud sayda və bəlli xəbər agentliklərindən yararlanırlar. Onlara alternativlər verilsə, hamısı olmasa da, insaflıları informasiya siyasətlərini dəyişə və daha tərəfsiz davrana bilərlər. Başqa bir variant isə Azərbaycan səfirlərinin olduqları ölkələrdəki rəsmilərlə şəxsən görüşmələri və həqiqəti danışmalarıdır. Bu mənada, deyə bilərəm ki, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çox səmərəli fəaliyyət göstərir. O, müharibənin başladığı ilk gündən etibarən reallığı Qazaxıstan rəsmilərinə, həmçinin ictimaiyyətinə çatdırmaq naminə ciddi əmək sərf edir və uğurlar qazandı. Bu müddətdə Türkiyə mediasının da ciddi sınaqdan çıxdığını, beynəlxalq aləmdə sahib olduğu mətbu güclə Azərbaycanın haqlı davasının yanında yer aldığını, haqq səsinin eşidilməsinə töhfələr verdiyini gördüyümə görə xoşbəxtəm. Bunun belə olması üçün uzun illərdir çalışan biri kimi sevincimin həddi-hüdudu yoxdur.

-İkinci Qarabağ savaşı türk dövlətlərinin birliyini bir daha göstərdi. Sizcə, dünya bundan dərs çıxaracaqmı?

-Bəli, müharibənin ən mühüm nəticələrindən biri də bu oldu. Türkiyə açıq bir şəkildə dəstəyini ortaya qoyarkən digər türk dövlətləri də eyni səviyyədə olmasa da, ürəklərinin Azərbaycanla olduğunu nümayiş etdirdilər. Əlbəttə, Türkiyə istisna olmaqla, digərlərinin münasibətini qiymətləndirərkən mövcud geosiyasi vəziyyəti, daxili və xarici problemləri də nəzərə almaq lazımdır. Əslində Türk dövlətlərinin reaksiyalarını görmək üçün Türk Şurasının məsələyə münasibətinə diqqət etmək kifayətdir. Türk Şurası bu müharibədə konkret formada Azərbaycanın yanında oldu  və Ermənistanı təxribatlarına görə dəfələrlə qınadı. Deməyim odur ki, türk dövlətləri öz mövqelərini sözügedən qurum vasitəsilə ortaya qoydular. Əlbəttə, dünya bundan dərs çıxaracaq. Yəni bundan sonra hansısa bir türk dövlətinə qarşı təxribat törədiləndə o biriləri ilə də hesablaşmalı olacaqlar. Bu, məsələnin müsbət tərəfidir. Amma bilməliyik ki, regionda gözü olanlar göstərilən birlik və həmrəyliyi aradan qaldırmaq, zəiflədə bilməkdən ötrü daha ciddi çalışacaqlar. Ona görə də dövlətlərimizin və qardaş xalqların bir-birilərinə daha da yaxınlaşmasına, əlaqələrin, ortaq qərar vermə mexanizmlərinin daha da möhkəmlənməsinə çalışmaq lazımdır.

- Gələcəkdə türk dövlətlərinin birləşməsilə bağlı fikirlər var. Siz necə düşünürsünüz?

- Mən bunu sərhədlərin aradan qalxmasından daha çox, siyasi, sosial, mədəni və iqtisadi birləşmə olaraq görürəm. Yolu isə böyük mütəfəkkir İsmayıl bəy Qaspiralının sözlərilə desək, dildə, fikirdə, işdə birlikdir. Hərçənd türk dünyasının hansısa bir yerində yaşayan bir insan bir başqa türk ölkəsinə ürəkdən yaxınlıq bəsləyirsə, həmin ölkəni də öz vətənitək sevirsə, ora gedəndə özünü ölkəsində olduğu kimi hiss edirsə, tərcüməçisiz danışa bilirsə, deməli, türk dövlətlərinin birliyi qurulub. Əlbəttə, siyasi birlik də hər zaman bir idealdır. Turan düşüncəsi daim olmalıdır. Amma bunu məcburi bir şərt olaraq görmək doğru deyil. Ayrıca türk dövlətlərinin birliyi yalnız müstəqil dövlətlərin birliyi demək deyil. Suverən dövlətlərin hər bir vətəndaşının digər türklərin məsələləri, problemləri ilə də maraqlanmaları bütün türklərin duyğu, ideal birliyini daha inkişaf etdirəcək məqamlardandır.

- Sizcə, müharibənin nəticəsi necə olacaq?

- Artıq Azərbaycan qalib gəldi. İşğal edilən torpaqlar tamamilə azad ediləcək. Prezident, Ali baş komandan İlham Əliyev Sovet illərində burada yaşayan ermənilərin Azərbaycan vətəndaşı olaraq yaşamağa davam etməkdə heç bir problem olmadığını dəfələrlə qeyd edib. Onun sözügedən fikri çox vacib və yerində qərardır. İndi Türkiyədə on minlərlə erməni heç bir ayrı seçkiliyə uğramadan, bütün vətəndaşlıq hüquqlarından istifadə edərək sülh içində yaşadığı kimi, sizin ölkənizdə də yaşaya bilərlər. Çünki biz türklərin məqsədi, arzuları bütün insanların firavan yaşamalarına şərait yaratmaq, bunu təmin etməkdir. Cənab İlham Əliyevin liderliyini və göstərdiyi dövlət adamı imicini alqışladığımı və qürurla izlədiyimi demək istəyirəm. İndilərdə Azərbaycan prezidenti bacarığı və inamlı rəhbərliyi ilə böyük bir dastan yazır. Bu dastan tarixə qızıl hərflərlə düşəcək.

- Müharibə regiona necə təsir göstərdi?

- Əslində bölgədə hər şey dəyişdi. İlk növbədə status-kvo paramparça edildi. Ermənilərin iddia elədikləri vəziyyətin leqallaşamayacağı göstərildi. İşğalçıların cəbhədə vuruşa biləcək bir millət olmadığı anlaşıldı. Onların ancaq quldurluq edən, müdafiəsiz insanlar qarşısında “mərdlik” göstərə bilən bir xalq olduğu növbəti dəfə ortaya çıxdı. Hamı Azərbaycanın Qafqazın ən güclü və təsirli dövləti olduğundan və onu nəzərə almadan regionda nə isə etməyin mümkünsüzlüyündən agah oldu. Rəsmi Bakının lazım olanda bütün maneələri aşaraq, öz varlığını qoruya biləcək gücə malik olduğu dosta da, düşmənə də nümayiş edildi.

Həmçinin Türkiyə-Azərbaycan dostluğunun sözlə məhdudlaşmadığı da bilindi. Bu iki dövlət arasındakı münasibətlərin bir mənfəət xətrinə yox, qardaşlıq və eyni millət olmaq həqiqətindən qaynaqlandığı, birinə edilən hücumun digərinə edilmiş kimi qəbul olması faktı növbəti dəfə üzə çıxdı. Beləliklə, bu savaş regionda Ermənistan vasitəsilə planlar həyata keçirməyə çalışan böyük güclərin arzularını puça çıxardı. Onlar bildilər ki, Azərbaycanı hesaba qatmadan hansısa planın həyata keçirilməsi mümkünsüzdür. Ermənilər də başqa dövlətlərin piyadası olaraq yaşamağın çətinliyini başa düşdülər. Çox güman, bundan sonra Rusiyaya daha çox baş əyəcəklər, onun sözündən çıxmamağa çalışacaqlar. Müharibənin başqa vacib nəticəsi də İranla bağlıdır.

Rəsmi Tehran ermənipərəst siyasətinə qarşı ölkəsindəki türklərin sonsuzadək səssiz qalmayacağını anladı. Farsdilli mətbuatda ermənipərəst çıxışlara davam edilməsinə rəğmən, Xamneyninin son açıqlamaları İranın həqiqəti anladığını, Azərbaycanı təcrid etdiyi bir siyasətin onlara xeyir gətirmədiyini başa düşdüyünü göstərir.