Türkiyə rəsmiləri Bakıda: "Yeni “Yol xəritəsi” müzakirə edilib" - Birgə diplomatik savaş !

“Təmaslar Dağlıq Qarabağ məsələsi ilə bağlı gələcək mənzərənin yaranmasında mühüm rol oynayır”

“Rəsmi Ankara ən qlobal çağırışlara, özünün çətinliklərinə rəğmən, hər an bizi düşündü və düşünür”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib."Sherg.az" xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
-Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət, 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Qarşılıqlı müzakirədən sonra Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

 Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu barədə “Sherg.az”a danışıb. O, görüşün əhəmiyyətini belə səciyyələndirib:

 “Bu, ATƏT-in Minsk qrupundan kənar müstəvidə, daha effektiv işləyən bir qurumun yaradılması deməkdir. Eyni zamanda, deməli, üç dövlət-Azərbaycan, Türkiyə, Rusiya arasındakı münasibətlər yeni fazaya daşınıb. Ötən illər ərzində Azərbaycan-Rusiya münasibətləri böyük inkişaf yolu keçib. Həmçinin Türkiyə-Rusiya münasibətləri də çoxşaxəli xarakter daşıyır, qlobal miqyasda böyük önəm kəsb edir. Tərəflər Avropa Birliyi ilə münasibətlərdə dəfələrlə bir-birilərinə dəstək olublar.

Hər ikisi bölgədə kommunikasiyanın açılmasında, düşmənliyin aradan qalxmasında maraqlıdır. Belə olan halda məğlub və maksimalist iddialarla çıxış edən Ermənistanın dinc yaşamasına şərait yaranar. Odur ki, mövcud danışıqlar, intensiv təmaslar Dağlıq Qarabağ məsələsi ilə bağlı gələcək mənzərənin yaranmasında mühüm rol oynayır. Danışıqlar zamanı, heç şübhəsiz, münaqişəyə dair “yol xəritəsi” müzakirə edildi. Yaradılacaq monitorinq mərkəzində Türkiyənin təmsilçiliyi haqqında danışılıb.

Türkiyənin ən yuxarı səviyyəli adamları ilə bu görüş gələcək dövrdə diplomatik savaşın birgə aparılacağına işarədir. Noyabr ayının 15-i Kəlbəcərin, 20-si Ağdamın qaytarılması və ondan sonra digər bəndlərin icrasında Türkiyə və Azərbaycan rəhbərlərinin birgə qəbul etdiyi qərarlar mühüm rol oynayır. Türkiyənin Qarabağ məsələsi ilə bağlı mövqeyi bizim üçün prinsipial olmalıdır.

Qardaş ölkə məlum sənədi Azərbaycanın qələbəsi kimi qiymətləndirir. Həmçinin rəsmi Moskvanın rolunu da müsbət dəyərləndirirlər. Bu, bizim üçün “yol xəritəsi” olmalıdır və hərəkətimizi indiki situasiyaya uyğun tənzimləməliyik”.

 Z.Oruc, həmçinin Azərbaycan-Türkiyə münasibətlərindən də söz açıb: 

“Ötən bir aydan çox müddət ərzində Türkiyənin bütün strukturları üzrə ən yaxın ortaqlıq, birlik və bərabərlik müşahidə edildi. Prezident də qeyd etmişdi ki, Türkiyə olmasaydı, Dağlıq Qarabağ müharibəsi məlum sərhədlərindən daha geniş əraziyə keçər, beynəlxalq xarakter daşıyardı.

Rəsmi Ankara ən qlobal çağırışlara, özünün çətinliklərinə rəğmən, hər an bizi düşündü və düşünür. Nazirlərin müntəzəm səfərləri, telefon danışıqları, verilən bəyanatlar da bunun sübutudur.
Yəni əldə etdiyimiz qələbədə Türkiyə böyük rol sahibidir. Məhz onların mənəvi dəstəyi, birlik nümayişi xalqımızda da qəti inam formalaşdırdı”.