“Şuşanın müjdəsini eşidəndə yarım saat gözümün yaşı dayanmadı”

“Təbii ki, sevincdən irəli gəlirdi. Özümdə deyildim, mənə elə gəldi ki, anam, atam sağdır”

“Elə bildim ki Şuşadakı evimizdən, darvazamızdan, qapımızdan indi çıxdım bayıra...”  


8 Noyabr 2020-ci il. Fəxrlə qeyd edirik ki, bu tarix Şuşanın işğaldan azad olunduğu gündür. Elə bil Şuşanın bəxtinə 8 rəqəmi yazılıb. Axı may ayının 8-i 1992-ci ildə işğal olunub. İndi o qara gün tarixin tozlu rəflərinə gömüldü. Bir də heç vaxt xatırlamayacağıq, mayın 8-i gələndə başımızı yerə salmayacağıq.

İndi şuşalılar da xoşbəxtdir. Şuşadan olmayan şuşalılar da ən az onlar qədər sevinclidir. Ürəyimiz dağdan böyük olub. Hələ Fransanın “Le Monde” qəzetinin yazdığı “Şuşa əlbəyaxa döyüşlərlə alınıb” xəbərini oxuyanda heyran qaldıq. Sən demə igidlərimiz düşmənin nəfəsini öz əlləri ilə kəsib.
Şuşanın ayağı da düşərli oldu.

Hələ onun sevinci bitməmiş, düşmənin  təslim olma xəbəri yayıldı. Bəli,Şuşa bizimdir, Qarabağ bizimdir!

Elə xalq artisti Firəngiz Mütəllimovanı təbrik edəndə də belə dedim.

Axı o da şuşalıdır. Bir-neçə həftə əvvəl həmsöhbət olanda o vaxtdı yurdunda gördüyü, yaşadığı dəhşətlərdən danışıb. İndi isə böyük qələbədən bəhs edib. Sevincli olduğunu, Qarabağda doğulduğuna görə ikiqat fərəhləndiyini söyləyib:     

 “Bütün bu zəfərlər gözlənilməz oldu. Yadınıza gəlirsə, beş rayonu ala bilmirdik. Birdən-birə bütün Qarabağımızı işğaldan azad elədik. Çox sevinirəm! İnanın hələ yuxu kimi gəlir.

Bu sevinci bizə yaşadan əsgərlərimizin, döyüşən, şəhid olan oğullarımızın, Ali Baş Komandanın qarşısında baş əyirəm. Biz şanlı tarixin şahidi olduq. Sevincimizin həddi-hüdudu yoxdur.”

Aktrisa, həmçinin Şuşanın işğaldan qurtuluş xəbərini eşitdiyi zaman keçirdiyi hisslərdən də söz açıb:

“Sual verirlər ki, “Şuşaya ayaq  basanda necə olacaqsan?”.  Bilmirəm... Ümumiyyətlə, necə hiss edirəmsə, ona uyğun yaşayıram. Müjdəni eşitdiyim an  ağladım, güldüm. Yarım saat gözümün yaşı dayanmadı.

Təbii ki, sevincdən irəli gəlirdi. Özümdə deyildim, mənə elə gəldi ki, anam, atam sağdır. Elə bildim ki Şuşadakı evimizdən, darvazamızdan, qapımızdan indi çıxdım bayıra...”