“Avtobuslarda yoluxma riski yüksəkdir” 

Son zamanlar ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin artır. Bu gün Azərbaycanda COVİD-19 infeksiyasına 1202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 18 nəfər isə vəfat edib.Avropa yenidən sərt karantin rejiminə geri dönməyə hazırlaşır. Artıq bir çox ölkədə kafe və restoranlar, ictimai məkanlar bağlanır. Eyni zamanda ölkəmizdə də sərt karantin rejiminin tətbiqi gündəmə gəlib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, ən azı 2-3 həftə sərt karantin rejiminə keçilməlidir.

Mövcud durumla bağlı “Sherg.az”a danışan Sağlamlığın Qorunması" İctimai Birliyinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, payız mövsümü infeksiyaların daha çox yayıldığı bir zamandır.
Onun sözlərinə görə, immun sisteminin gücləndirilməsi çox vacibdir. Çünki  immun sistemi güclü olan şəxs koronavirus və digər infeksiyalara qalib gələ bilir:

“Amma soyuqdəymə olan zaman koronavirusa yoluxma halları daha çoxdur. Koronavirusa yoluxma ən çox yas mərasimlərində olur. Təəssüf ki, vətəndaşlarımız qaydalara əməl etmirlər. İctimai nəqliyyatların sayını da artırmaq lazımdır. Avtobuslarda da yoluxma riski yüksəkdir”.

Birlik sədri sərt karantin rejiminin əleyhinə olduğunu deyib:

“Çünki əhali normal şəkildə qaydalara əməl etsə, problem bu qədər ciddi olmaz. Maskadan düzgün istifadə etmək lazımdır.
Saat 6-7 günün pik vaxtıdır. Fikrimcə, iş saatı 4-5-də sona çatmalıdır. Yaxud da növbəli iş qrafikinə keçmək lazımdır. Çünki ən böyük problem günün pik saatlarında baş verir. İnsanlar işləməlidir, bu, iqtisadi baxımdan lazımdır. Lakin iş saatlarında müvəqqəti dəyişiklik edilməlidir”.

Y.Abdıyeva qeyd edib ki, indiki məqamda normal yuxu və idman önəmlidir:

“D vitamini də mütləq yoxlanmalıdır. Həmçinin meyvələrdən, sink tərkibli qidalardan istifadə etməklə immun sistemini  gücləndirmək lazımdır”.