Tarix təkrarlanır: “Vəfalı Türk gəldi yenə” – Unutmadıq !

“Türkiyə yalnız bu savaşda deyil, tarix boyu Azərbaycanın yanında olub”

“Azərbaycan Xalq Cümhuriyyəti zamanı Qafqaz İslam Ordusunun gördüyü işləri, ölkəmizə xidmətini unutmadıq”

“Əslində mənəvi dəstək, maddi və siyasi-diplomatik dəstəkdən çox önəmlidir”

İkinci Dağlıq Qarabağ müharibəsinin sona çatması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.  Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə son qoyuldu. Üçtərəfli bəyanata əsasən düşmənin Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaratmaq cəhdləri iflasa uğradı.

Qarabağa heç bir status verilmir. Eyni zamanda Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılır. 
Qeyd edək ki, Azərbaycanın haqq mübarizəsində qardaş Türkiyə ölkəmizə və xalqımıza sonadək dəstək verdi. Türkiyə Prezidenti və digər dövlət rəsmilərinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər göz qabağındadır.

Qardaş ölkənin qətiyyətli mövqeyi düşmənə və onun havadarlarına çox şeyi sübut etdi. Ona görə də hazırda əldə edilmiş bəyanatda açıq şəkildə bildirilir ki, Türkiyə sülhməramlı prosesdə iştirak edəcək.

Türkiyənin sona qədər Azərbaycanın yanında olduğunu deyən Klassik Xalq Cəbhəsi Partiyası(KXCP) lideri Mirmahmud Mirəlioğlu “Sherg.az”a bildirib ki, bütün dünya Türkiyənin 27 sentyabr ikinci Qarabağ savaşında Azərbaycana mənəvi, siyasi və diplomatik dəstəyinin şahidi oldu.

KXCP sədri qeyd edib ki, Türkiyə yalnız bu savaşda deyil, tarix boyu Azərbaycanın yanında olub:

“Qardaş ölkənin dəstəyini alqışlayır və dərin təşəkkürlərimizi bildiririk. Azərbaycan Xalq Cümhuriyyəti zamanı Qafqaz İslam Ordusunun gördüyü işləri, ölkəmizə xidmətini unutmadıq.

O zaman məşhur şairimizin bir ifadəsi vardı: “Vəfalı Türk gəldi yenə”. Bu sözlər hər zaman aparıcı şüarımız olub. Əslində mənəvi dəstək, maddi və siyasi-diplomatik dəstəkdən çox önəmlidir.

Ona görə də Türkiyə Cümhuriyyətinə və onun təmsilçilərinə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk”.