Müharibə bitdi, öndə media savaşı var

"Düşmən tərəfi daim öz əlaltılarından istifadə edərək Azərbaycanın adına xələl gətirməyə çalışacaq"

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Azərbaycan Ordusu qısamüddətli əməliyyatlarda inanılmaz uğurlar əldə etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan qurtardı.

Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 300 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bundan sonra Ermənistan Azərbaycan qarşısında kapitulyasiyasını elan etmək məcburiyyətində qaldı. Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağda 44 gündür davam edən döyüşlərin dayandırılması barədə birgə bəyanat imzaladı.

Bu bəyanat bir çox dünya mediasının diqqət mərkəzində oldu və bu barədə bir çox məqalələr dərc edildi. Həmin məqalələrdə Ermənistanın acı məğlubiyyəti, Azərbaycanın isə qələbə sevincinə geniş yer ayrıldı. Məsələn, ABŞ-ın tanınmış “The New York Times” qəzetində Azərbaycanın Ermənistan üzərində qələbəyə və atəşkəsə həsr olunmuş məqaləsi dərc edilib. Məqalədə Rusiyanın vasitəçiliyi ilə bağlanan sazişdə Azərbaycanın Ermənistan ilə onilliklər boyu danışıqlarda əldə etməyə çalışdığı, xeyli güzəştlərə nail olduğu bildirilir.

Ermənistanın baş naziri, döyüş meydanında faktiki məğlubiyyətini etiraf edən Nikol Paşinyan işğal edilmiş ərazilərin qaytarılmasını və digər tələblərini qəbul edərək Dağlıq Qarabağda müharibənin dayandırılması barədə saziş imzalayıb. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan tərəfindən imzalanan saziş Azərbaycanın Dağlıq Qarabağ regionundan erməni işğalçı qüvvələrinin çıxarılmasını nəzərdə tutur. Məqalədə deyilir ki, atəşkəs barədə Rusiya, Fransa və ABŞ ilə bundan əvvəl bağlanmış üç saziş uğurla nəticələnmədi. Budəfəki saziş isə Cənubi Qafqazda təhlükəsizlik xəritəsinin daha daimi və radikal şəkildə yenidən çəkilməsini nəzərdə tutur. Nizamlanma Azərbaycanın vətən müharibəsində onu dəstəkləyən Türkiyənin regionda rolunu möhkəmləndirdi. Müəllif yazır ki, azərbaycanlılar üçün münaqişənin nizamlanması 1994-cü ildə başa çatan birinci Qarabağ müharibəsi zamanı öz evlərini itirən yüz minlərlə məcburi köçkünün doğma ocaqlarına qayıtmasına şərait yaradır. Sazişin imzalanması elan olunduqdan bir neçə saat sonra Yerevanda Paşinyan rejiminə qarşı etiraz aksiyaları baş qaldırdı. Kütlə hökumətin binasına daxil olaraq, baş nazirin kabinetinin qapısı üzərində Paşinyanın adı yazılan lövhəciyi qoparıb atdı. Məqalədə qeyd olunur ki, Ermənistan təqribən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və məcburi köçkünlərin doğma ev-eşiklərinə qayıtmalarını nəzərdə tutan qətnamələrinə məhəl qoymayıb.

Qazaxıstanın “tengrinews.kz”, “inbusiness.kz”, “kaztag.kz”, “azattyq-ruhy.kz” saytlarının və digər kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda da birgə bəyanat haqqında məqalə dərc edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı xalqa müraciət etməsi də qeyd olunub. Eyni zamanda, bildirilir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək. Materiallarda Azərbaycan Prezidentinin çıxışından sitat da gətirilib: “Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzun münaqişələrdən biridir və bu gün sona çatmaqda olan münaqişə tarixi hadisədir, ilk növbədə, Azərbaycan torpaqları çoxillik işğaldan azad olunur”.

Azərbaycan xalqının qələbə sevinci, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb mətbuatının diqqət mərkəzində olub. Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə”, Qətərin “Aljazeera”, İordaniyanın “Almamlaka”, Misirin “MBC Masr”, “Extranews” və “Nilenews”, “Skynews Arabic”, “İ24 Arabic” televiziya kanallarının efirində Azərbaycan xalqının qələbə sevinci, dövlətimizin başçısının xalqa müraciəti haqqında geniş reportajlar yayımlanıb. Ərəb televiziya kanalları, həmçinin Ermənistanın məğlubiyyəti, ermənilərin Yerevanda Paşinyanın kabinetinə hücum etməsi barədə də süjetlər veriblər. Misirin MENA və “Asiaelyoum”, Tunisin TAP xəbər agentliklərinin saytlarında Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və ermənilərin Yerevanda iğtişaşlar törətməsi barədə yazılıb. Tarixi qələbəmiz haqqında materiallar ərəb ölkələrinin nüfuzlu qəzetlərində də işıq üzü görüb. “Arabnews”, “Əl-Əhram”, “Jordantimes”, "Əl Cəzirə" nəşrlərinin səhifələrində müzəffər Ali Baş Komandanımızın xalqa müraciəti və ermənilərin təslim olması barədə yazılar dərc edilib.

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi yaydığı məlumatda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı Ermənistanın məğlubiyyəti adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 10-da xalqa müraciəti əsasında hazırlanmış məlumatda qeyd edilir ki, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin qurtardığını bəyan edib.

Azərbaycan prezidentinin xalqa müraciətinin geniş əks olunduğu xəbərdə bildirilir ki, dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın bu bəyanatı öz istəyi ilə deyil, məhz Bakının dəmir yumruğunun hesabına imzaladığını vurğulayıb. Məlumatda Ali Baş Komandanın sentyabrın 27-dən başlamış döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu əzərək təqribən 300-dək yaşayış məntəqəsini azad etməsinə dair fikrini də qeyd edib. Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilir. Bildirilir ki, 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizi Ermənistan ordusunun işğalı altında idi. Misirin “Eghad” portalı və “Asiaelyoum” informasiya agentliyi də Prezident İlham Əliyevin xalqa müraciəti haqqında xəbərlər yayıb. “Prezident İlham Əliyev müharibənin qələbə ilə başa çatdığını bəyan etdi” sərlövhəli xəbərdə qeyd olunur ki, Azərbaycanın dövlət başçısı şanlı qələbənin döyüş meydanında qazanıldığını, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edildiyini vurğulayıb. Avstraliyanın "7news.com.au”, "sbs.com.au”, "news.com.au”, "smh.com.au”, "9news.com.au” saytlarının və digər kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda birgə bəyanatda onun iştirakçı ölkələrin xalqları tərəfindən necə qarşılanması əksini tapıb. Məlumatlarda Azərbaycanın dövlət başçısının Rusiya prezidenti ilə keçirdiyi videokonfrans formatında görüşündə səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirilib.

BDU-nun professoru Qulu Məhərrəmli "Şərq"ə açıqlamasında bildirib ki, bir çox media orqanlarında birgə bəyanatla bağlı məqalələr dərc olunub. Q.Məhərrəmli qeyd edib ki, dünya mediasında dərc olunan məqalələrin hamısının tarixi əhəmiyyəti böyükdür:

"Dünya mətbuatında 44 gündür davam edən döyüşlərin dayandırılması barədə birgə bəyanatın imzalanması barədə məqalələr dərc olundu. Əlbəttə ki, bu çox təqdirəlayiqdir və tarixi əhəmiyyəti böyükdür. Amma diqqətə çatdırım ki, dərc olunan məqalələrinin hamısı bizi qane etmir. Təbii ki, bunun da tam obyektiv səbəbləri var.

Çünki Azərbaycana rəğbət bəsləyənlər də var, qərəzli yanaşanlar da. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, müharibənin dayandırılması və hər halda müəyyən razılaşdırılmanın ortada olması çox normaldır. Ümumiyyətlə, bu bir faktdır ki, hərbi əməliyyatların aparılması Azərbaycan üçün çox böyük üstünlüklər qazandırdı.

Həmin üstünlüklərdə ortaya çıxan bəyannamədə özünü göstərdi. Bunlar əlbəttə ki, tarixi faktlardır. Bu gün cəbhədə tarixi uğurlar əldə etmişik. Amma nəzərə almalıyıq ki, informasiya müharibəsi illərlə davam edəcək. Düşmən tərəfi daim öz əlaltılarından istifadə edərək Azərbaycanın adına xələl gətirməyə çalışacaq.

Bildiyimiz kimi, bəzii dövlətlər ölkəmizə qarşı qərəzli münasibətlər sərgiləməkdədir. Bundan sonra əsas məsələ odur ki, dünya mətbuatı bütün bunları necə işıqlandıracaq? Aydındır ki, Azərbaycana ənənəvi qərəzli münasibəti olan ölkələrdən biri Fransadır. O özünü ermənilərin himayədarı kimi ifadə etsə də, xüsusi olaraq bu proseslərə onun nə təsiri var, nə də ki söz sahibidir. Fransa artıq özünü ATƏT-in Minsk qrupunda əks əməliyyatların başladığı bir dövrdə tamamilə gözdən salmış bir dövlətdir.

Onun bu müddət ərzində ölkəmizə qarşı mətbuatda qarayaxma siyasətini aydın şəkildə gördük. Ona görə də onun ölkə mətbuatında ölkəmizə qarşı müsbət rəy, münasibət sərgiləməsi absurddur. Həmçinin Azərbaycanın haqq səsini işıqlandıran KİV nümayəndələrinin orada erməni lobbisi tərəfindən dəfələrlə hədələrə məruz qaldıqlarının şahidi olduq. Yerdə qalan digər ölkələr isə əsasən, faktları necə görürlərsə, o cür də mediada izah edirlər. Ona görə də bizim kimdənsə xüsusi tələbəmiz olmamalıdır ki, bunu obyektiv işıqlandır. Hesab edirəm ki, bundan sonra  bir çox ölkələrin KİV-ləri artıq Rusiyanın davranışlarına münasibət bildirəcək, onun davranışlarına daha çox yer ayıracaqlar.

Çünki göründüyü kimi həm Azərbaycan, həm də Ermənistan üzərindən Rusiyanın təsir imkanları hələ də var".