10 noyabr qələbəsi tarixə düşdü

"Son 30 il ərzində Azərbaycan insanının xəyallarında yaşatdığı bütün arzular tam həcmdə həyata keçirildi"


10 noyabr müasir tariximizə milli qürur və fəxarət günü kimi daxil oldu. 27 sentyabrdan bugünədək yaşadığımız dövr xalq-dövlət birliyinin, Ordu və Ali Baş Komandan şücaətinin birgə yazdığı qəhrəmanlıq salnaməsinə çevrildi. 30 ilə yaxındır işğal altında olan torpaqlarımız erməni istilasından qurtuldu. Əsgərimiz canı və qanı bahasına müqəddəs torpaqlarımızı qaytarmağa müvəffəq oldu. Düşmənin “məğlubedilməz ordu” mifi darmadağın edildi. İndi qarşımızda daha iki böyük vəzifə durur: - işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazım olan infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın vətənlərinə köçürülməsi.

Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resurslarımız, maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzm və iradə var! Əfsuslar olsun ki, Prezidentin xalqa qələbə müraciətindən dərhal sonra baş qaldırmış ənənəvi qaraguruh, hər zaman hər şeydən narazı olan şəxslərin məntiqsiz etirazları gündəmə gəlməkdədir. Halbuki, proseslər ciddi təhlil edildikdə ortada kifayət qədər önəmli uğurların, tarixi nailiyyətlərin olduğu gün kimi aydınlaşır. Məgər 30 ildir tapdaq altında olan yaşayış məskənlərimizin bizə qayıtması, milli qeyrət qalamız olan Şuşada Azərbaycanın üçrəngli bayrağının dalğalanması, ordumuzun dünyaya gücünü nümayiş etdirməsi, zərbələrimiz nəticəsində Ermənistanda dövlətçiliyin və hakimiyyətin uçuruma yuvarlanması qələbə deyilmi? 44 gündə yaşanan inanılmaz gərginlik, hərbi-siyasi, diplomatik təzyiq və təhdidlərə tab gətirərək məqsədə nail olmaq zəfər sayılmırmı? 

Məsələni “Şərq”ə dəyərləndirən millət vəkili Nəsib Məhəməliyev bəyan edib ki, tarixi qələbəmizə kölgə salmaq istəyənlər bilsinlər ki, 10 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Qara ləkədən xilas olduğumuz gündür. Dövlətimizin gücünün bütün dünya tərəfindən qəbul olunmasıdır. Deputat vurğulayıb ki, məhz 10 noyabrda yüz ildən bəri xəstə ideyalarla öz millətini və dünya xalqlarını aldadan “məğlubedilməz” Ermənistan darmadağın oldu, törətdiyi cinayətlərə görə hesab verməyə başladı.

Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, qələbəmizin dəyərini kiçiltməyə çalışan fikirlər yayılır. Hesab edirəm, indiki halda bu, zərərli yanaşmadır. Narazı şəxslər bəyannamənin maddələrini diqqətlə oxumayıblar.

Son 30 il ərzində Azərbaycan insanının xəyallarında yaşatdığı bütün arzular tam həcmdə həyata keçirildi. Dağlıq Qarabağ ətrafında 7 rayon işğaldan azad olundu. 4 rayonu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı döyüşlər nəticəsində düşməndən təmizləndi. 3 rayonu isə müqaviləyə uyğun erməni silahlı qüvvələri tərk edəcək. Şuşa, Xocalı, Xocavənd ordumuzun nəzarətindədir. Dağlıq Qarabağa hər hansı bir status verilməyib. Düzdür, rus sülhməramlıları 5 il müddətinə Laçın koridoruna, Kəlbəcər yoluna nəzarəti həyata keçirir. Ancaq hər hansı bazanın yaradılmasından söhbət getmir. Hazırda qardaş Türkiyə ilə birlikdə müqavilənin icra vəziyyətinə nəzarət üçün yaradılacaq monitorinq mərkəzinin fəaliyyət detalları üzərində məsləhətləşmələr aparılır. 100 ildən sonra Naxçıvana dəhliz açılır. Bu nəqliyyat dəhlizinin açılması Azərbaycanla bərabər, qardaş Türkiyə üçün, türk dünyası üçün son dərəcə əhəmiyyətlidir. Qaçqınların evlərinə qayıtması üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisi yaranacaq. Bu da bağlanmış müqavilənin beynəlxalq birlik tərəfindən tanınması deməkdir”.

Parlament üzvü vurğulayıb ki, bəzi vətəndaşların problemin həllinə maksimalist yanaşmasını başa düşür. Ancaq nəzərə almaq lazımdır ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, dünya siyasətinin aparıcı dövlətləri, problemin həlli istiqamətində heç bir ciddi addım atmayıblar:

“Bəzi hallarda təhqiramiz formada, Qarabağı və ətraf rayonları ermənilərə güzəştə getməyimizi tələb edirdilər. Yüzlərlə mənasız görüşlərin nəticəsi olaraq, “Madrid”, “Kazan” prinsipləri, Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendum oyunları ortaya atılıb.

Ona görə də 10 noyabr qələbəsi Ali Baş Komandan İlham Əliyevin arxasında, Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin, uzun illər ərzində aparılan diplomatiyanın, ordu quruculuğunun, sosial-iqtisadi siyasətin nəticəsidir.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu qürur hissini yaşatdığı, “Qarabağ” adında yaranı sağaltdığı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirirlər.

Tam məsuliyyətlə bildirirəm. Bu tarixi qələbəni  İlham Əliyevdən başqa kimsə əldə edə bilməzdi. Hər xalqın tarixində çoxsaylı liderlər olub. Ancaq xilaskar kimi öz xalqının tarixinə düşmək nadir şəxsiyyətlərin alın yazısıdır. İlham Əliyev Azərbaycan tarixinə, həm qurucu, həm də xilaskar kimi düşdü”.