Fransa "ofsayt"da qaldı

Qarabağ razılaşmasından sonra Parisdən qalxan səs-küy mənasızdır

Bu, həm də Rusiyaya münasibətdə doğan qısqanclığın təzahürləri hesab oluna bilər


Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir. Son iki gündə Fransanın yüksək vəzifəli şəxsləri Azərbaycan-Ermənistan arasında yaşanan münaqişə ilə bağlı sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən bəyanatlar səsləndirir. Fransa Xarici işlər naziri Jan-İv Le Drian Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli nizamlanması və gələcək statusunun müəyyənləşdirilməsi üçün tərəfləri danışıqların bərpasına çağırıb.

Bildirib ki, tərəflər arasında danışıqların bərpası zəruridir: “Xüsusilə, son həftələrdə münaqişə nəticəsində köçkün olan insanlar geri qayıtmalı və Dağlıq Qarabağın gələcək statusu təyin edilməlidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində öz rolunu tam oynayacaq”. Müharibənin dayandırılması ilə bağlı etdiyi cəhdlərin boşa çıxdığını görən rəsmi Paris indi də özünü “yuyulmamış çömçə” kimi ortaya ataraq status məsələsindən danışır. Halbuki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyannamədə statusla bağlı bir kəlmə belə yoxdur. Statusu əhatə edəcək ərazilərin bir qismi Azərbaycanın nəzarətindədir. Ermənilərə isə torpaqlarımızda sadəcə yaşamaq “statusu” verilir.

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Minsk qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur. Onun sözlərinə görə, mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür:

“Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir”. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov vurğulayıb ki, əgər Fransanın Normand formatında Ukraynadakı separatizmlə bağlı son dövrlər apardığı siyasətə də nəzər salsaq, Parisin münaqişəni nizamlamalı olan tərəf kimi ortaya qoyduğu mövqeyin necə zəif və etibarsız olduğunu görə bilərik. Ekspertin fikrincə, Qarabağ məsələsində də qızışdırıcı bəyanatlar verən Fransa rəsmiləri bu dövlətin və fransız xalqının maraqlarını düşünmür:

“Onlar erməni maliyyəsi və rüşvət hesabına siyasi işbazlıqla məşğul olaraq öz şəxsi merkantil maraqlarını həyata keçirtməkdədir.

Rusiya, Azərbaycan və Ermənistan arasında razılığın əldə edildiyi bir vaxtda Fransa prezidentinin, xarici işlər nazirinin sərsəm açıqlamaları əldə edilmiş razılığın reallaşması perspektivliyinə xələl gətirir və regionda müharibənin bərpasına gətirib çıxara bilər. Fransa xarici işlər nazirinin indiki vaxtda “Dağlıq Qarabağın gələcək statusu təyin edilməlidir” bəyanatının hansı izahı ola bilər?

Məgər Paris bilmir ki, tərəflər arasında münaqişədə ən ziddiyyətli məqam sayılan Qarabağın statusu məsələsi iki gün əvvəl Paşinyanın razılığı ilə artıq həllini Azərbaycan sərhədləri çərçivəsində tapıb? Yoxsa Fransa əldə edilmiş razılıqdan qane olmayaraq özünü guya ermənilərin halına yanan kimi göstərmək istəyir.

Əslində, Fransanın razılaşmanın əldə olunması prosesindən kənarda qalması, başqa sözlə desək, Qarabağ nizamlanmasında Rusiya tərəfindən “ofsayt”a salınmasından irəli gələn narahatlığı başa düşmək olar. Razılaşmadan sonra Parisdən qalxan səs-küy həm də Rusiyaya münasibətdə doğan qısqanclığın təzahürləri hesab oluna bilər.

30 il ərzində münaqişənin nizamlanması ilə bağlı heç nə etməyən, Cənubi Qafqaza heç bir təsir mexanizmi olmayan Paris yaxşı olardı ki, həmsədr kimi mandatını təhvil versin və öz daxili problemləri ilə məşğul olsun”. 

Z.Məmmədov qeyd edib ki, Fransa nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, sentyabrın 27-dən aşkar şəkildə Ermənistanı dəstəkləyib:

“Makron heç bir fakt və əsas olmadan muzdlularla bağlı Azərbaycanın ünvanına şəxsən böhtan və ittihamlar səsləndirib. Belə olan halda neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın prezidentinin və xarici işlər nazirinin Qarabağ nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan abırsızlıqdır”.