Paşinyanın acı etirafı ! – “...Xoşbəxt sonluq yoxdur”

Tofiq Abbasov:“Bu məğlubiyyət ilk növbədə siyasi hakimiyyətin səhvlərinin nəticəsidir”

“Azərbaycan indi sadəcə BMT qətnamələrinin şərtlərini yerinə yetirir. Odur ki, ermənilər özlərindən incisinlər”

“Seçdikləri yolun yanlış və heç bir müsbət nəticəyə aparmayacağını, bəlkə, bundan sonra başa düşərlər”



Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı hərbi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdüyünü, bu əməliyyatların Ermənistan üçün faciə ilə bitdiyini bəyan etmək məcburiyyətində qalıb. Ermənistan Baş nazirinin açıqlamalarını “İnterfax” agentliyi dərc edib.
 “Bu, bizim üçün böyük uğursuzluqdur, böyük fəlakətdir, yaxınlarını itirən insanlar üçün böyük bir matəmdir”, - deyə N.Paşinyan qeyd edib.
Ermənistan baş naziri, həmçinin əlavə edib ki, ölkəsi buraxdığı kobud səhvləri yenidən nəzərdən keçirməlidir.

Görünür, rəsmi İrəvan həqiqətin və ədalətin qarşısında artıq aciz qalıb. Ermənistan hərbi-siyasi hakimiyyəti yalanın ayaq tutsa da, yeriməyəcəyini anlayıb. Görəsən, onların folklorunda “Yalanın ömrü qırx gündür” atalar sözü varmı? Ağlım kəsmir.

 Politoloq Tofiq Abbasov Paşinyanın etirafını “Sherg.az”a dəyərləndirib:

“Əlbəttə, belə də olmalı idi. Sözügedən məğlubiyyət ilk növbədə siyasi hakimiyyətin səhvlərinin nəticəsidir. Azərbaycan indi sadəcə BMT qətnamələrinin şərtlərini yerinə yetirir.

Odur ki, ermənilər özlərindən incisinlər. Seçdikləri yolun yanlış və heç bir müsbət nəticəyə aparmayacağını, bəlkə, bundan sonra başa düşərlər. Onların, heç olmasa, yolun yarısından qayıtmağa nə cəsarətləri, nə də gücləri çatdı. Beləliklə, uğursuzluğa düçar oldular, dünya qarşısında bədnam tanındılar.

Bundan sonra Ermənistan siyasi hakimiyyəti üçün yeganə düzgün yol dostluq siyasətinə başlamaqdır. Əks halda onlar üçün xoşbəxt sonluq yoxdur”.