Diqqət ! - Sosial şəbəkələrdə növbəti “tələ”: “Şəxsi məlumatları ələ keçirirlər”  

«Tanış olmayan internet platformalara daxil olmaq təhlükəlidir »

« Vətəndaşların bu sahədə maariflənməsini genişləndirmək lazımdır»


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti fişinq kampaniyasını qeydə alıb. Nazirlikdən verilən məlumata görə, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə "Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan" başlığı altında saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək zərərli keçidlərə daxil olmağa sövq etməklə onları "tələyə" salmaqdır.

Elanda göstərilən keçidə (sites.google.com) daxil olan istifadəçidən anket formasını doldurması istənilir və anketi dolduran istifadəçi zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına "zərərli proqramlar" ("adware") yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına "pop-up" menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və bu növ elanları elanın sağ küncdə yerləşən üç nöqtə (...) üzərinə klik etməklə şikayət etsinlər.



 Baş verənləri “Sherg.az”a dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, əvvəllər də sosial şəbəkələrdə belə fişinq kampaniyaları olub. Bu kampaniyaların əsas məqsədi istifadəçilərin diqqətini cəlb edib, insanların zərərli keçidə daxil olmasını təmin etməkdir:

“Beləliklə zərərli proqramlar vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını ələ keçirirlər. Kibercinayətkarlar vətəndaşlarımızın şəxsi məlumatlarını başqa ölkələrin dövlət qurumlarına ötürə bilərlər.

Ona görə də maksimum diqqətli olmaq lazımdır. Başqa başlıqlardan da istfiadə edib, diqqət cəlb edə bilərlər.  İndiki məqamda və bundan sonra da internet platformalarında diqqətli olmaq lazımdır.

Yaxşı olar ki, vətəndaşlar tanış olmayan sayt və internet resurslarına daxil olub, şəxsi məlumatlarından istifadə etməsinlər.

Yalnız başlıqlar deyil, eyni zamanda müxtəlif səs yazıları göndərməklə də istifadəçilərin diqqətini cəlb edirlər. Bu baxımdan tanış olmayan internet platformalara daxil olmaq təhlükəlidir. Vətəndaşların bu sahədə maariflənməsini genişləndirmək lazımdır”.