Türkiyəli məşhurlardan Qarabağ paylaşımı: “Ölümünə yanındayıq, Azərbaycan!” – Fotolar 

Azərbaycan ordusunun 44 günlük əks- hücum əməliyyatı sona çatıb.  Haqq savaşımız qələbə və Qarabağımızın azad edilməsi ilə nəticələnib. Bu şərəfli yolda qardaş Türkiyənin mənəvi dəstəyi danılmazdır. İstər siyasi xadimləri, istərsə də sənətçiləri daim yanınımızda olduqlarını bildirdilər, dəstəklərini ifadə etdilər. Hər iki ölkə Azərbaycan və Türkiyə bayraqlarına büründü.
“Sherg.az”   olaraq yaşadığımız  şanlı günlərdə Azərbaycana dəstək ifadə edən türkiyəli məşhurların paylaşımlarını təqdim edirik.  


Müğənni Murad Boz rəsmi Feysbuk səhifəsində Azərbaycan bayrağını paylaşaraq bu sözləri yazıb:

“Vətən torpaqlarını geri qaytaran Azərbaycan xalqını və şanlı ordusunu ürəkdən təbrik edirəm.”

Mustafa Ceceli Şuşanın qurtuluşu münasibətilə millətimizi belə təbrik edib:

“Qarabağın ürəyi Şuşa 28 il sonra işğaldan azad edildi. Qarabağ Azərbaycandır!”


 
Daim Azərbaycana dəstək paylaşımları edən bəstəkar, ifaçı Sinan Akçıl  Kim Qardaşyana sözün əsl mənasında “göz dağı çəkib”. İnstaqram səhifəsində Şuşanı paylaşaraq erməni əsilli fenomeni etiketləyib:
“İndi Şuşanı ziyarət etmək istəyirsinizmi?”

“Eşkiya Dünyaya Hökümdar olmaz” serialının sevilən siması Ozan Akbaba Azərbaycanı Müstəqillik günü münasibətilə təbrik edib. Bundan əlavə aktyor mütəmadi olaraq ölkəmizə dəstək göstərir. O 18 oktyabr paylaşımında bu sözləri yazıb:

“Türk mədəniyyətindən, adət-ənənələrindən  təəssüf ki, uzaqlaşdığımız bu zamanda Azərbaycan türk xalqını, dövlətlərinin müstəqilliyini təbrik edir və əzəli torpaqlarına olan həsrətlərinin tezliklə sona çatmasını diləyirəm. Can Azərbaycan! Gücünüz, Qüvvətiniz möhkəm olsun.”



Tanınmış müğənni Alişan böyük qələbəmiz elan olunan gün İnstaqram səhifəsində təbrik paylaşımı edib:
“ Şəhidlərimiz rahat yatsın. Onların sayəsindədir... Qarabağ Azərbaycandır!”



Əslən Azərbaycan türkü olan aktyor Tamər Qaradağlı hələ haqq savaşımız yeni başladığı günlərdə dəstəyini göstərib:

“Tək millət, iki dövlət. Yanındayız Azərbaycan!”



Yaşayan əfsanə Cüneyt Arkın da Müstəqillik günümüzü təbrik edib:

“Can Azərbaycanın Müstəqillik günü qutlu olsun! Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mübarizədə ürəyimiz Azərbaycanla döyünməkdədir”.


Serdar Ortac da  Şuşanın qurtuluş xəbərinə biganə qalmayıb. Təbrik paylaşımı edərək “Yaşa Azərbaycan” qeydini yazıb.


Müğənni İbrahim Tatlısəs isə Azərbaycan və Türkiyə bayraqlarının fotosunu paylaşaraq bu sözləri şərhə əlavə edib:

“İki millət bir dövlət. Türk olaraq  ölümünə yanındayıq, Azərbaycan!”