“Putin Qarabağda erməni gücünü saxlamağa çalışacaq”

İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. İşğalçı ordunun darmadağın edilməsi səbəbindən baş nazir Nikol Paşinyanın başqa yolu qalmadı. Ermənistanın məğlubiyyətini bəyanata imza atmaqla rəsmiləşdirməsi ölkənin hər yerində etiraz aksiyalarına səbəb olub.
Dünən Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan mitinqi keçirilib. Etirazçılar N.Paşinyanın istefasını yox, artıq baş meydanda edamını tələb ediblər. Polis aksiya iştirakçılarını saxlayıb. Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri də olub.

Etiraz aksiyaları bu gün də davam edəcək. “Daşnaksütyun” partiyasının üzvü Artsvik Minasyan Paşinyanın istefasını tələb edən qüvvələrin mətbuat konfransında bildirib ki, artıq onun ən sadə səbəbdən ölkəni idarə etmək hüququ yoxdur: “Danışıqlar masasında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə biləcək, dönüş nöqtəsinə çata biləcək bir adamın lazım olduğuna əminik".

Maraqlıdır, Paşinyanın devrilməsi başa tuta bilərmi və onun  yerinə gələn şəxsin üçtərəfli bəyanata münasibəti necə olacaq?



Ermənistandakı durumu “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli hesab edir ki, Paşinyanın devrilməsi kifayət qədər real olan bir məsələdir.Analitik qeyd edib ki, işğalçı ölkədə mitinqlər davam edir və ermənilər hər müstəvidə buna məğlubiyyət kimi baxırlar:

“Paşinyan devrilsə və hakimiyyətə rusyönümlü şəxs gəlib, bəyanatdakı maddələri heçə saysa, bu, Azərbaycanın xeyrinədir. Çünki Azərbaycan əlində bayraq edəcək ki, “Putinin imzasını heçə sayan Ermənistanla başqa yolla danışmaq mümkün deyil. Ona görə də, digər ərazilərimizi güc yolu ilə azad edəcəyik” ”.

Ə.Məmmədlinin fikrincə, Paşinyanın yerinə gələn şəxs qərbyönümlü olarsa və bəyanata məhəl qoymasa, yenə də ölkəmizin xeyrinə olacaq:

“Hakimiyyətə gələn qərbyönümlülər müqavilə ilə razlışasa da, xeyrimizə olacaq. Çünki onlar qərbə doğru siyasət aparacaqlar. Bu da Rusiyanı qıcıqlandıracaq”.

Analitik vurğulayıb ki, hakimiyyətə gələn rusyönümlü şəxs bəyanatın maddələrinə əməl edəcəksə, bu, bir az Azərbaycanın əleyhinə olacaq:

“O zaman Putin çalışacaq ki, Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda erməni gücünü saxlasın. Paşinyan hakimiyyətdə qalsa da, ölkəmiz nəsə itirən deyil.

Çünki Paşinyan artıq qərbyönümlü siyasət aparacaq. Beləliklə onun Qarabağ adlı yükü olmayacaq və bu hal Rusiyanı qıcıqlandıracaq”.