Şübhə yoxdur ! - “Hərbçilərimiz Prezidentin qayğısını həmişə hiss edəcək” 

Noyabrın 11-də dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 1 saylı Klinik Təbbi Mərkəzdə müalicə olunan yaralı hərbçilərimizlə görüşüb. Görüş zamanı prezident bir sıra mühüm məqamlara toxunub. Həmçinin yaralı əsgər və zabitlərimizin daim dövlətimizin diqqətində olacağı vurğulanıb. Dövlət başçısı “Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz.

Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar” fikri hərbçilərimizə göstərilən qayğının növbəti təzahürüdür.

Millət vəkili Elman Məmmədov bu barədə “Sherg.az”a danışıb: 

“Prezidentimiz yaralı hərbçilərlə görüşdə çox geniş nitq söylədi. Fərəhləndirici cəhət ondan ibarətdir ki, təkcə yaralılara yox, bütün döyüşçülərimizə, həmçinin şəhidlərimizin ailələrinə xüsusi qayğı göstəriləcək.

Onlar daim dövlətin nəzarətində olacaqlar. Dövlət başçısı öz çıxışında dövlət və özəl strukturlara da müəyyən mesajlar verildi. Yəni qazilərimizin işlə təmin olunmasında heç bir problem olmayacaq.

Cənab İlham Əliyevin dediyi kimi, bu qələbəni Azərbaycan ordusu qazanıb. Odur ki, ordumuzun hər bir üzvü daim prezidentin diqqət və qayğısını həmişə hiss edəcək. Buna heç kimin şübhəsi yoxdur”.