Hər şey Azərbaycanın xeyrinədir !- “Türk əsgərlər də prosesin içində olacaqlar” 

“Uzun illərdən bəri Qarabağ torpaqlarının Ermənistana birləşdirilməsi cəhdləri boşa çıxdı”

“Həmçinin erməni vandalizminə birdəfəlik nida işarəsi qoyuldu. Beləliklə, Azərbaycan söz sahibi kimi güclü inkişaf mərhələsinə qədəm basdı”

“Bundan sonra Ermənistan kimi vəhşi və yırtıcı etnos Azərbaycana qarşı hansısa ərazi iddialarında olmayacaq”



İkinci Dağlıq Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Rəşadətli ordumuz 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ali baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı və qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı.

Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı hansısa qərar qəbul edilə bilməz.
İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin Azərbaycanın əlində olması deməkdir.



Şanlı Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətləri “Sherg.az”a dəyərləndirən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, hərbi əməliyyatların aktiv getdiyi 44 gündə Ali baş komandan və onun rəhbərliyi altındakı əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı yüksək qiymətləndirilməlidir.

Parlamentari vurğulayıb  ki, erməni vandalizminə ağır zərbələr vuruldu:

“Heç kim gözləmirdi ki, Azərbaycan Ordusu qısa zaman kəsiyində yüksək rəşadət nümayiş etdirib, torpaqlarımızı azad edə bilər. Bunu xalq olaraq etdik. Qəhrəman övladlarımızın şücaəti, Ali baş komandanımızın iradəsi hesabına buna nail olduq. Cənab Prezidentin ayrı-ayrı ölkələrin mətbuat qurumlarına vermiş olduğu müsahibələrə diqqət etsək, görərik ki, biz yalnız Ermənistanla yox, həm də onların arxasında duran xristian klubu ilə döyüşürdük. Bəzi media nümayəndələri hazır suallarla qərəzli mövqe sərgiləyərək, Azərbaycana gəlir və bu sualları Prezidentimizə ünvanlayırdılar. Təbii ki, ölkə başçısı elitar və yüksək səviyyəli cavabları ilə onları susdurdu”.

F.Ağamalının sözlərinə görə, Ermənistan diz çökərək ağ bayrağı qaldırdı:

“Yenə də itkilərimiz ola bilərdi. Cənab Prezident bunu istəmədiyi üçün hərbi üstünlükdən istifadə edib, diplomatik və siyasi təzyiqlərlə Ermənistanı məcbur etdi ki, üçtərəfli bəyanata qol çəksin. Artıq biz Kəlbəcər, Laçın və Ağdamı itki vermədən bütövlükdə geri aldıq. Eyni zamanda ərazilərimizdə bir nəfər də olsun erməni əsgər və zabiti qalmayacaq. Rus əsgərləri ilə bərabər qardaş türk əsgərləri də prosesin içində olacaqlar. Hər şey Azərbaycanın xeyrinədir. Həm hərbi, həm siyasi, həm də diplomatik üstünlük bizim tərəfdədir”.

Millət vəkili qeyd edib ki, uzun illərdən bəri Qarabağ torpaqlarının Ermənistana birləşdirilməsi cəhdləri boşa çıxdı:

“Həmçinin erməni vandalizminə birdəfəlik nida işarəsi qoyuldu. Beləliklə, Azərbaycan söz sahibi kimi güclü inkişaf mərhələsinə qədəm basdı. Bundan sonra Ermənistan kimi vəhşi və yırtıcı etnos Azərbaycana qarşı hansısa ərazi iddialarında olmayacaq. Çünki Ali baş komandanımız , əsgər və zabitlərimiz buna birdəfəlik son qoydu”.