2020-ci il qaziləri işlə təmin olunacaq

Qələbədə payı olan heç bir şəhidimiz, hərbçimiz diqqətdən kənarda qalmayacaq


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müalicə olunan hərbçilərlə görüşündə Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunacaqlarını bildirib. İlham Əliyev qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacağını diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, bundan sonra onların  həyatında yeni dövr başlayır: "Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız.

Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq".

Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuz şanlı tarix yazaraq möhtəşəm tarixi qələbə əldə etdi, torpaqlarımız erməni işğalından azad edildi:

"Cənab Prezidentimizin qeyd etdiyi kimi, bu qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir".

V.Bayramov diqqətə çatdırıb ki, dövlət başçımızın tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq:

"Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslər cənab Prezidentin tapşırığına əsasən, mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək. Bildiyimiz kimi, şəhid ailələrinin evlə təmin olunması, onların sosial həyatının yaxşılaşdırılması hər zaman dövlət siyasətinin əsas prioritetlərindəndir. Bununla yanaşı gələcəkdə 2020-c il  qazilərimizin işlə təmin olunması da ən önəmli məsələlərdəndir. 

Bu proseslərin daha da sürətlənməsi üçün xüsusi işlər görülür. Ümumiyyətlə, növbəti mərhələdə bununla bağlı xüsusi proqramların hazırlanması, xüsusən də dövlətin məşğulluq siyasətinin elementi olan iş yerlərinin təminatında məhz Qarabağ qazilərinə üstünlük veriləcək.

Bu baxımdan növbəti dövrlərdə qazilərin işlə təmin olunması, sosial təminatının gücləndirilməsi və yeni proqramların həyata keçirilməsini müşahidə edəcəyik".