Virus infeksiyalarının artan dövrüdür

Maskadan düzgün istifadə edilsə, bu qədər yoluxma olmaz

"Bəzən koronavirusu digər respirator xəstəliklərlə qarışdırırlar"

“Yoluxma sayının artması insanların qaydalara riayət etməməsi - maska taxmaması, ara məsafəsini gözləməməsi ilə əlaqədardır. Həmçinin payız fəslidir, qrip və digər kəskin respirator virus infeksiyaların artan dövrüdür. Ona görə də sayda artım müşahidə olunur.  Əvvəl koronavirusa yoluxma orta yaşlı insanlar arasında çox idisə, indi yaşlılar arasında daha çoxdur”. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu Xəstəliklər kafedrasının dosenti İlham Bayramov deyib. Həkim yoluxma sayının daha da artacağı ilə bağlı xəbərdarlıq edib: "COVID-19-a yoluxma sayı daha da arta bilər. İctimai yerlərdə, nəqliyyatda insanlar maskadan düzgün istifadə etmir. Bunun nəticəsində yoluxma halları daha da artır". 

İ.Bayramov vurğulayıb ki, bəzən koronavirusu digər respirator xəstəliklərlə qarışdırırlar:

"Sadəcə olaraq qripdə ağırlaşma olur, pnevmoniya sonradan əmələ gəlir. Koronavirusda isə bu, ilk gündən əmələ gəlir. Bəziləri qripin ağırlaşmasını, boğulma tutmalarını koronavirusla səhv salırlar. Bunlar koronavirusda ilk gündən olur. Diabeti, hipertoniya və xroniki tənəffüs xəstəlikləri olan  şəxslərdə bu əlamətlər ilkin gündən daha qabarıq görünür. Çünki həmin şəxslərdə koronavirusla yanaşı digər xəstəliklər olduğuna görə,  xəstəliyin gedişini ağırlaşdırır. Amma bəzən koronavirus assimptomatik şəkildə olur. Həmin şəxs analiz verməsə, bəlkə də virus aşkar edilməz”. 

Həkimin sözlərinə görə, sentyabrda məktəblər açıldığına görə virusa yoluxmanın artmasını onunla əlaqələndirirdilər:

“İndi məktəb də yoxdur, amma koronavirusa yoluxma artır. Əhalinin sayı baxımından karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur, amma insanların məsuliyyətli  olması vacibdir”.