Siyasi proseslər mərhələsi başlayıb

Biz qardaş Türkiyəyə etimad göstəririk, inanırıq

"Regiondakı mürəkkəb məsələlərin çözülməsində Ankara və Moskvanın ikitərəfli fəaliyyəti praktik, real və faydalı yanaşmadır"


Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb. Memorandum Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu tərəfindən imzalanıb. Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli addım atıldığını vurğulayan Hulusi Akar anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib. Memorandumda mərkəzin vəzifə və prinsipləri də müəyyənləşib. 5 maddədən ibarət Memoranduma əsasən, Türkiyənin Dağlıq Qarabağ üzrə İşçi Qrupu işğaldan azad edilən şəhərlərdən birində yerləşdiriləcək.

Türkiyə Silahlı Qüvvələri erməni tərəfinin hərəkətlərini izləmək üçün sərhəd müşahidə məntəqələri yaradacaq. TSQ atəşkəsin pozulması halında Rusiyanı xəbərdar etməklə atəşkəsi pozan tərəfə qarşı hər hansı tədbir görmək səlahiyyətinə də malik olacaq. Türkiyə sülhməramlılarının Rusiya silahlıları ilə birlikdə Laçın dəhlizinə nəzarət edəcəyi deyilir. Qeyd edək ki, birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı müddəa Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı Bəyanatın 5-ci maddəsində yer alıb. Vurğulanıb ki, mərkəz münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Həmçinin, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu elə olacaq.

O bildirib ki, mərkəz tərəfindən atəşkəsi pozan tərəf müəyyən ediləcək və ona qarşı cəza tədbirləri tətbiq olunacaq: “Sadəcə bir mərkəz olmayacaq, şöbələr də fəaliyyət göstərəcək. Detallar müəyyən edildikdən sonra bu barədə məlumat veriləcək”. XİN rəhbərinin sözlərinə görə, mərkəz müzakirələrdən sonra Azərbaycanın istədiyi ərazidə olacaq. Qardaş ölkənin Milli müdafiə naziri Hulusi Akar da Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib. 

Məsələni “Şərq”ə dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, Türkiyənin prosesdə yaxından iştirakı təbii və məntiqəuyğundur. Keçmiş nazirin sözlərinə görə, Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun heç nəyə nail olmadığını hər kəs gördü:

“Hərbi əməliyyatların yekununda siyasi proseslər mərhələsi başlayır. Siyasi proseslərin əsas iştirakçıları ölkə ictimaiyyəti, xüsusən 30 ilə yaxındır doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızdır. Məsələ münaqişə tərəflərinin ictimaiyyətlərinin kimə, hansı ölkələrə etimad göstərməsindən asılıdır. Etiraf edək ki, sülhün bərqərar olunmasına təkbaşına nail ola bilmərik. Ermənilərin bu prosesdə iştirakı şərtdir. Onların sülhə hazır olub-olmaması isə ayrı mövzudur. Ancaq aydındır ki, ermənilərin az-çox etimad etdiyi, sözünü dinlədiyi tərəf Rusiyadır. Biz isə xalq olaraq qardaş Türkiyəyə etimad göstəririk, inanırıq. O baxımdan regiondakı mürəkkəb məsələlərin çözülməsində Ankara və Moskvanın ikitərəfli fəaliyyəti praktik, real və faydalı yanaşmadır”. 



Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da “Şərq”ə açıqlamasında deyib ki, Rusiya sülhməramlılarının Qarabağa gəlişinə görə təşviş keçirməyə, narahat olmağa ehtiyac yoxdur.

Onsuz da bütün hallarda bölgəyə sülhməramlıların yerləşdirilməsi vacib idi. Odur ki, heç kim rusiyalı sülhməramlıların gəlişini 1920-ci ilin 27 aprelində 11-ci Qırmızı Ordunun gəlişi ilə eyniləşdirməsin, yersiz panika yaratmasın: “Dünya və geopolitik reallıqlar dəyişib. Rusiya bizə qarşı ekspansiya siyasəti yürütməkdə maraqlı deyil.

İstəyimiz və razılığımız olmadan ərazilərimizdə Rusiya hərbi bazasının yaradılması əsla mümkün deyil. İndi yanımızda qardaş Türkiyə Cümhuriyyəti kimi qosqoca müttəfiqimiz və qarantorumuz var.

Türkiyə də Rusiya ilə birlikdə bölgədə sülhün zəmanətçisidir. Qardaş ölkə bizə qarşı hər hansı təcavüzkarlığın baş verməsinə, şərtlərin dəyişdirilməsinə yol verməz.

Dövlətimiz və Ordumuz nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İndi bizimlə heç kim zor dilində danışa bilməz”.