Bütün şərtləri diktə edən Azərbaycan tərəfi olacaq

Ermənilər üçün yaşaya biləcəkləri çox kiçik sahə qalır ki, bu da Xankəndi, Xocalının və Xocavəndin az bir hissəsidir


Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında Dağlıq Qarabağda sentyabrın 27-də başlamış döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə edilib. Əsas müzakirə mövzularından biri razılaşmada nəzərdə tutulan birgəyaşayışdır. Məlum anlaşmanın şərtlərinə görə, ermənilər Azərbaycan torpağında yenə də azərbaycanlılarla birgə yaşaya biləcəklər. Şübhə yox ki, Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır və ölkəmizdə bir çox millətlər bərabərhüquqlu vətəndaş kimi sərbəst yaşayırlar.


Lakin ermənilərlə birgəyaşayış məsələsində müəyyən çətinliklərin olacağı deyilir. Haqlı olaraq dinc əhalini dəfələrlə hədəfə alan, hər fürsətdə torpaq iddiası qaldıran ermənilərə etimad sıfırdır. Amma bölgədə Azərbaycan qanunlarına tabe olan, siyasi ambisiyalarla çıxış etməyən ermənilərin yaşamasına etiraz edilmir. Ekspertlərin fikrincə, azərbaycanlıların və ermənilərin dərhal bir yerdə yaşaması nəzərdə tutulmur, bunun üçün uzun müddət keçməlidir. Ermənilər Azərbaycanda yaşamağın sınağından keçməlidir. 

Millət vəkili Anar Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, ermənilər hərbi yolla azad edilmiş Xocavənd rayonunun böyük hissəsində və Xocalı rayonunun bir hissəsində yaşaya bilməz. Deputatın sözlərinə görə, ermənilər üçün yaşaya biləcəkləri çox kiçik sahə qalır ki, bu da Xankəndi, Xocalının və Xocavəndin az bir hissəsidir:

“Ermənilər bu ərazidə Azərbaycan vətəndaşlığını qəbul etdiyi üçün Azərbaycan dilində danışmağa məcbur ediləcək və təhsil Azərbaycan dilində aparılacaq. Azərbaycan manatı dövriyyəyə buraxılacaq. Bütün şərtləri diktə edən tərəf Azərbaycan tərəfi olacaq və maddi-mənəvi mədəniyyət nümunələrimizin, eyni zamanda ictimai asayişin qorunmasına Azərbaycan polisi nəzarət edəcək.

Yalnız bu şərtlər daxilində ermənilər ərazilərimizdə qala bilər. Azərbaycan ərazi bütövlüyü çərçivəsində bütün şərtləri diktə edən tərəf olaraq məcburi köçkünləri geri qaytararaq demoqrafik balansı öz xeyrinə dəyişəcək. Ərazidə fəaliyyət coğrafiyası, fəaliyyət qaydaları və müddəti Azərbaycanla razılaşdırılacaq. Bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcəyik.

Ermənistanla Qarabağ arasında əlaqə yalnız Laçın koridorunun yanından keçəcək 5 km-lik koridor vasitəsilə mümkün olacaq və bu keçid məntəqəsinə də Azərbaycan nəzarət edəcək.

Ağdərə rayonunun ləğv edilərək Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında bölüşdürülməsi, eyni zamanda Əsgəran rayonunun ləğv edilərək Ağdam rayonuna birləşdirilməsi bu ərazilərdə ermənilərin yaşamayacağı deməkdir”.