"Sevincimiz də, narahatlığımız da səmimidir"

Qabil Abbasoğlu: "44 günün sonunda əlimizdə olan bu tabloya bütöv baxmalıyıq"

“Azərbaycanın 27 sentyabrdan başlayan və 44 gün sürən sülhə məcburetmə əməliyyatının nəticələrini əsl milli qələbə hesab edirəm”. 
Bu sözləri “Şərq”ə açıqlamasında “Lent.az” xəbər portalının baş redaktoru, Əməkdar jurnalist Qabil Abbasoğlu deyib. Baş redaktor bildirib ki, ordumuz regionun ən güclü ordusu olduğunu göstərdi:

“Xalqımız torpaq, Vətən üçün canından, övladından keçdi, tarixi haqqımız, ərazilərimiz, dövlət sərhədimiz bərpa olundu. Şuşa kimi bir mənəvi məbədimiz öz hakimiyyətimiz altına qaytarıldı.

Möcüzəli dərəcədə yüksək nəticədir. Və bütün bu saydıqlarım hamısı artıq reallıqdır. Bu reallıqla yanaşı, başqa bir reallıq da var. Ölkəmizin ərazisində başqa dövlətin hərbi qüvvəsi var.

Bu, əlbəttə, bizi narahat edir. Zənn edirəm ki, hakimiyyətin ən yüksək pilləsindən tutmuş, sadə vətəndaşa qədər hamını narahat edir, kiminsə buna görə sevindiyini düşünmürəm. Bu 44 gün ərzində dövlət və cəmiyyət olaraq birliyimiz ortaya qoyuldu. Mühüm nailiyyətlərdən biri də budur”.

Q.Abbasoğlunun sözlərinə görə, bu birlik vətəndaşların şüurlu seçimi, iradəsi ilə baş verdi:

“İndi də həmin iradə və şüurla narahatlıq ifadə olunur. 44 günün sonunda əlimizdə olan bu tabloya bütöv baxmalıyıq. Sevincimiz də, narahatlığımız da səmimidir. Bu cür məsələlərdə ittiham mövqeyindən çıxış etmək zərərli və dediyimiz milli həmrəyliyə xələl gətirən hərəkət olardı”.