Moskvadan verilən açıqlamalar ziddiyyətlidir

Lavrov çalışır ki, Qarabağdakı ermənilərin statusu və silahlı dəstələri olsun 

Bu, Ankara və Moskva arasında aparılan danışıqlar prosesinə də ziddir

“Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib. Rusiya XİN başçısı bildirib ki, status Dağlıq Qarabağda etno-konfessional razılıq çərçivəsində müəyyənləşməlidir: “Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə olmağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır”. 

Lavrovun açıqlaması ilə bağlı “Şərq”ə danışan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Moskvadan verilən açıqlamalar ziddiyyətlidir. Lavrov gələcəkdə status məsələsinin müzakirə ediləcəyini qeyd edir. Halbuki, Qarabağda hər hansı statusun olmayacağı vurğulanıb:

“Yeni mübarizə diplomatik müstəvidə davam edəcək. Qarabağa status məsələsi, buradakı separatçıların yenidən “qurum” kimi fəaliyyəti qəbuledilməzdir.

Rusiya XİN isə bu məsələdə israrlıdır. Amma Azərbaycan və Türkiyə tərəfi Xankəndində separatçıların varlığını və hər hansı statusu qəbul etməyəcək. Həmçinin burada “müdafiə ordusu” adı altında silahlılar var. Onların ləğvi reallaşmalıdır.

Həmin güclərin Qarabağda qalması separatizmin inkişafı deməkdir. Ümumiyyətlə, hazırkı prosesdə qeyri-müəyyənlik yaradan Lavrov kimi adamlardır. Çalışırlar ki, Qarabağdakı ermənilərin statusu və silahlı dəstələri olsun. Bu, Ankara və Moskva arasında aparılan danışıqlar prosesinə də ziddir”. 

Politoloq vurğulayıb ki, Azərbaycan diplomatik danışıqlarda tək deyil:

“Türkiyə sülhməramlı qüvvələrinin Qarabağa gəlməsi, həmçinin diplomatik müstəvidə masada olması, hər hansı təzyiqin neytrallaşdırılmasına gətirəcək. Həmçinin Azərbaycan Ordusu Hadrut, Şuşa və Xocavəndin ərazisində olacaq. Hətta Türkiyə ilə birgə baza da ola bilər”.