"Xoşbəxt jurnalistəm..."

“Bu dövrü karyeramın zirvəsi hesab edirəm”

Gəncəli jurnalist Nərgiz Əhmədqızı: Gözlərin  dolur, kövrəlirsən, amma eyni zamanda aparıcı təmkinini də qorumalısan"



 Sentyabrın 27-dən başlanan tarixi günlər noyabrın 10-da gecə saatlarında Prezident, Ali Baş Komandan İlham Əliyevdən qələbə xəbərini almaqla başa çatdı. Biz bir aydan çox çəkən İkinci Qarabağ savaşının qalibi olduq və tarixi ədaləti bərpa etdik. Ötən müddət, o cümlədən, necə deyərlər, gözümüzün yolda, qulağımızın səsdə olduğu günlər isə tarixi çevrildi.

Şübhəsiz, bu tarixi yazanlar hərbçilərimiz idisə, onu əbədiləşdirən jurnalistlər oldu. Tarixi günlər, əsgərlərimizin şücaəti, xalqımızın birliyi hazırlanan videomateriallarda, yazılan məqalələrdə daimi qalacaq. Deməli, yeri gələndə “Dördüncü hakimiyyət” nümayəndələri də ordumuz qədər mərdlik, qəhrəmanlıq göstərib. Onlardan biri gəncəli soydaşımız, “Kəpəz” TV-in əməkdaşı Nərgiz Əhmədqızı idi. Nərgiz xanım əsl jurnalistlərə xas şəkildə ilk günlərdən etibarən şəhər küçələrində, xalqın arasında idi. Odur ki, qələbə sevincimiz hələ bitməmiş onunla həmsöhbət olduq.

- Digər həmkarlarımız kimi, siz də müharibənin ilk günündən informasiya cəbhəsində fəal çalışırdınız. Təəssüratlarınız nədən ibarətdir?

- Düşünürəm ki, telejurnalist kimi vəzifəmi ləyaqətlə yerinə yetirirəm. Bilirsiniz ki, düşmən  oktyabrda Gəncəni bir neçə dəfə atəşə tutdu. 11 və 17 oktyabr tarixlərində gecə yarısı Ermənistan ərazisindən ölkənin ikinci böyük şəhərinə ballistik raketlər atıldı. Həmin günlər gecə saatları olmasına baxmayaraq, hadisə baş verən andan digər həmkarlarımla bərabər iş başında oldum. Ümumiyyətlə, sentyabrın 27-dən, yəni Ermənistanın təxribatlarına qarşı şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayandan “Kəpəz” TV kollektivi olaraq biz də öz fəaliyyətimizi gücləndirilmiş rejimdə davam etdirdik. Hər gün, demək olar ki, 14-15 saat iş başında olurduq. Həm jurnalist kimi videomateriallar hazırlayaraq, həm də aparıcı kimi “Kəpəz” TV-də və “Kəpəz” FM radiosunda xəbərləri operativ şəkildə tamaşaçılarımıza çatdırmaqla Vətən qarşısında borcumu müəyyən qədər də olsa, yerinə yetirməyə çalışmışam və çalışmaqda da davam edirəm.

 - Bir zərif cins nümayəndəsi olaraq bir əlində mikrafonla təhlükənin tam mərkəzində olmaq çətin deyildi?

 - Gəncə bir neçə dəfə erməni terrorundan əziyyət çəkdi. Dinc sakinlərimiz həlak oldu, xəsarət aldı, evlər dağıldı. Analar övladsız, uşaqlar valideynsiz qaldılar. O mənzərələri görmək, o xəbərləri çatdırmağın nə qədər çətin olduğunu, yəqin, təsəvvür edirsiniz. Gözlərin dolur, kövrəlirsən, amma eyni zamanda aparıcı təmkinini də qorumalısan. Həqiqətən də, çox çətin idi. Amma eyni zamanda çox xoşbəxt jurnalistəm ki, rayonlarımızın işğaldan azad olunması xəbərlərini, Ordumuzun qələbə müjdələrini xalqıma çatdırmaq mənim də qismətimə düşüb. Bu xəbərlər, bu qələbə, bu sevinc şahidi olduğumuz faciələrin ağrı-acısını unutdura bildi.

 - Gəncə sakinlərinin həmin günlərdəki ovqatı barədə nə deyə bilərsiniz?

 - Bildirim ki, mən həm də "İMZA Sosial İnkişafa Dəstək" İctimai Birliyinin Qərb Regional Nümayəndələyinin rəhbəriyəm. Raketlər atılan yaşayış ərazilərində olub, zərərçəkənlərlə görüşdüm. Onların Vətən eşqinin, Qarabağ sevgisinin şahidi oldum. Əzizlərini itirənlər deyirdilər ki, təki Vətən sağ olsun, təki Qarabağ işğaldan azad edilsin və şəhidlərimizin qanı yerdə qalmasın. Çox şükür ki, onların bu diləkləri çin oldu. Gəncəyə atılan raketlər sakinləri nəinki qorxutmadı, əksinə, insanları daha da birləşdirdi, həmrəy etdi, doğma Vətənə məhəbbətlərini daha da artırdı. Mənə elə gəlir ki, evinə raket düşən və xəsarət alaraq al-qan içində olan oğlan uşağının kamera qarşısında gülümsəməsi bütün gəncəlilərin xarakterinin, o cümlədən məğrurluğunun göstəricisi idi. Bu həm də gəncəlilərin erməni faşistlərinə ən yaxşı cavabı idi. Atılan mərmilərdən əzizlərini itirənlər, evləri dağılanlar, xəsarət alanlar hamısı “Vətən və Ali Baş Komandan sağ olsun” dedilər. 

- Bir aydan çox çəkən ağır və fərəhli günlərdən sonra, nəhayət ki, tarixi ədaləti bərpa etdik. Həm jurnalist, həm də Gəncə sakini kimi hisslərinizi bölüşməyinizi istərdik…

- Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev 10 noyabr gecə yarısı illərdir gözlədiyimiz qələbə xəbərini bizə çatdıraraq xalqımızı, bütün dünya azərbaycanlılarını sevindirdi. Gecə təxminən saat 4-dən iş başında olan jurnalist kimi Gəncə küçələrində şəhər sakinlərinin necə sevindiklərinin, bu tarixi zəfəri necə qürur hissi ilə qeyd etdiklərini gördüm. Bütün gecə çəkilişlərdə olmağıma baxmayaraq, yorulmadan gün ərzində də şəhər ərazisində, Şəhidlər Xiyabanında reportajlar hazırlamaqla Gəncə sakinlərinin o sevincini bütün auditoriyamızla bölüşdüm. “Kəpəz” TV-nin operatoru Ramil İmranoğlu ilə birlikdə hər bir şəhidin məzarını ziyarət edib, gül dəstələri qoyaraq qəhrəman oğullarımızın yaxınlarının dediklərini lentə aldıq. Bu, çox qürurvericidir. Bilirsən ki, illər keçsə də, həmin anlar tarixin yaddaşında əbədi qalacaq. Bu dövrü karyeramın zirvəsi hesab edirəm.

- Düşmənlərimizin çox hiyləgər olduqları sirr deyil. Əgər hərbi əməliyyatlar bərpa edilsə, fəaliyyətinizi cəbhə müxbiri kimi davam etdirərsiniz?

- Cəbhədə müxbir kimi fəaliyyət göstərmək hər zaman mənim arzum olub. Atam Əhməd Qədiroğlu birinci Qarabağ müharisəsində 5 il cəbhə müxbiri işləyib, veteran jurnalistdir. Hər zaman onun cəbhə xatirələrinə böyük heyranlıqla qulaq asmışam. Artıq biz qalib gəldik! QARABAĞ AZƏRBAYCANDIR! Artıq nə cəbhə var, nə təmas xətti. İndi arzum odur ki, işğaldan azad edilən Qarabağdan, orada aparılacaq tikinti-quruculuq işləri, reallaşdırılacaq layihər barədə reportajlar hazırlayım. Əminəm ki, bu da mütləq baş verəcək.