Baydenin Çin siyasəti necə olacaq? - TƏHLİL

ABŞ Dövlət Departamenti radikal meylli uyğurların “Şərqi Türküstan İslam Hərəkatını” noyabrın 10-da terrorçular siyahısından çıxarıb. Adı çəkilən hərəkat 16 il əvvəl Amerikada terrorçular siyahısına salınmışdı. Çünki 2000-ci illərin başlanğıcında Amerika beynəlxalq terrorçulara qarşı mübarizə aparırdı və tərəfdaşlara, o cümlədən Çinlə əməkdaşlığa ehtiyac var idi. İndi isə durum fərqlidir. Çin ABŞ-ın əsas rəqibləridəndir.

ABŞ Çini uyğurlara qarşı qeyri-insani münasibətdə günahlandırır. Uyğurlar Çində xüsusi əmək düşərgələrinə cəlb edilir, onlarla “izahat” işləri aparılır. Donald Tramp prezident olduğu 4 ildə Çinə qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Trampa qarşı mübarizə aparan Konqresin özü də son bir ildə Çinə qarşı müxtəlif sanksiyalara yaşıl işıq yandırdı. Başqa sözlə bir çox məsələdə fikir ayrılıqları olan demokratlarla respublikaçı Trampın Çinə qarşı baxışı eyni idi. Hər ikisi uyğurlara əziyyət verildiyini bildirirdi.



Proseslərə dair fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Donald Tramp prezident seçkisində məğlub oldu. Tramp Cozef Baydenin prezident seçilməsini qəbul etməsə də, dünya liderləri Ağ Evin yeni sahibini təbrik etməkdədirlər:

“Təbrik edənlər arasında Trampın yaxın dostu, Böyük Britaniyanın baş naziri Boris Conson da var. Özü də Boris Conson Baydeni ilk təbrik edənlər arasında olmasıyla fəxr edir.

Əsas sual budur: Cozef Baydenin xarici siyasəti və Çinə münasibəti necə olacaq? Başqa sözlə Bayden Trampın Çinə qarşı sərt siyasətini davam etdirəcəkmi?

Bayden Trampdan fərqli olaraq Rusiyanı Amerikanın əsas düşməni, Çini isə əsas rəqibi adlandırıb. Ancaq bu, o demək deyil ki, Bayden Çinlə münasibətləri yumşaltmağa çalışacaq. İki böyük dövlət arasında ticarət müharibəsi bir qədər səngisə də, Vaşinqtonun anti-Çin ritorikası zəifləməyəcək. Məsələn, Vaşinqton həmişə olduğu kimi Çinin yüksək texnologiyalara yiyələnməsinə mane olacaq”.

Analitikin sözlərinə görə, Çin illərdir ki, müxtəlif yollarla Amerikanın yüksək texnologiyalarını əldə etmək üçün hər vasitəyə əl atıb:

“Amerikada hər il xeyli çinli casus həbs olunur. Həmin casusların bir məqsədi var-Amerikanın elmi mərkəzlərindən və böyük şirkətlərdən texnoloji kəşfləri oğurlamaq.

Bayden də Tramp kimi ölkəsinin texnologiyalarını Çindən qorumaq məcburiyyətindədir. Əks halda Baydeni Çinə yumşaq siyasət yürütməsinə görə ittiham edəcəklər”.

E.Şahinoğlu qeyd edib ki, Amerika ilə Çin arasındakı digər gərgin mövzu Honkonq və Tayvan adasıdır:

“Çin hər ikisini özününkü sayır. Amerika isə Honkonqu və Tayvanı Çinin təzyiqlərindən qorumağa çalışır. Bu baxımdan Bayden də Tramp kimi Çinin hərbi qüdrətinin artmasına və Pekinin qonşularını təhqid siyasətinə qarşı çıxış edəcək”.