İşlər görülür ! - “Azad edilən torpaqlarda idarəetmə mexanizmləri yaradılır”

“Necə ki, bu addımlar tədricən atılır, artıq Şuşada polis şöbələri, qərargahlar formalaşdırılıb”

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin ərazilərdə polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə başlanılıb. O cümlədən noyabrın 8-də erməni işğalından azad edilən Şuşa şəhərində də xüsusi idarəetməni Polis Şöbəsi həyata keçirəcək. Eyni zamanda polis rəisi hərbi komendant vəzifəsini icra edəcək.

İşğaldan azad edilən ərazilərimizdə görüləcək işlər barədə “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, 28 illik həsrətdən sonra torpaqlarımızı mənfur düşmənlərdən azad edə bildik. Onun sözlərinə görə, müstəqilliyimizi əldə edərkən bunun dadını duya bilmədik və erməni işğalçıları “qapını kəsib”, torpaqlarımızın 20 faizini işğal etdi.
MQF prezidenti qeyd etdi ki, 28 il ərzində xalqımızın üzü gülmədi, yalnız bir arzu ilə yaşayırdıq: Ali baş komandan əmr versin və müzəffər ordumuz düşmən işğalına son qoysun:

“Azərbaycan xalqı 28 il gözlədi ki, bəlkə, BMT-nin qətnamələri yerinə yetirilər, ATƏT-in Minsk qrupu məsələyə əncam çəkər. Lakin bunların heç biri olmadı. Cənab Prezidentin dediyi kimi, ordumuz BMT-nin qətnamələrini yerinə yetirdi və torpaqlarımız hərb yolu ilə, şəhidlərimizin qanı bahasına işğaldan azad etdi. Təbii ki, bütün bunlar çox şərəflidir. Hər birimiz ordumuzun qüdrəti ilə qürür duyuruq”.

44 günlük hərbi əməliyyat torpaqlarımızın tamamilə azad edilməsi ilə nəticələndiyini deyən R.Zeyni diqqətə çatdırıb ki, xüsusilə Şuşa şəhərinin əlbəyaxa döyüşlə azad edilməsi Azərbaycan hərb tarixində çox önəmli hadisədir:

“İnanıran ki, bu hadisə gələcəkdə beynəlxalq hərb tarixində vacib səhifələrdən biri olacaq. Cənab Prezident Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Tarixi incimiz olan Şuşa, bütövlükdə işğal altındakı torpaqlarımız azad edildi. Xüsusilə 8 noyabrda Şuşanın azad edilməsi xəbəri bütün xalqımızı kövrəltdi. 1992-ci ildə mayın 8-də ağlaya-ağlaya Şuşanı itirmişdik, amma 2020-ci il noyabrın 8-də Şuşamızı qaytardıq. Bu, çox böyük xoşbəxtlikdir, belə məqamda sözlər acız qalır”.

MQF prezidenti vurğulayıb ki, bundan sonra görüləsi işlərimiz çoxdur:

“Azad edilən torpaqlarımızda bütün dövlət sturukturları yaradılmalıdır. Necə ki, bu addımlar tədricən atılır, artıq Şuşada polis şöbələri, qərargahlar yaradılıb. Noyabrın 10-da  Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanat siyasi cəhətdən qələbəmizi təmin etdi. Bu hadisə Azərbaycanda sülhün, stabilliyin təmin edilməsinə xidmət edəcək.

Qarabağ məsələsi birdəfəlik həllini tapdı. Siyasi qələbəmiz Ali baş komandanın uzaqgörən siyasətinin nəticəsi idi”.