Rusiya sülhməramlılarının komandanı ilə görüş: “Konkret məqamlar müəyyənləşib”

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarabağa yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovla görüşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.



 Millət vəkili Elman Məmmədov görüşün əhəmiyyətini “Sherg.az”a şərh edib: 

“Yəqin ki, sülhməramlıların mandatına uyğun onların fəaliyyətləri müzakirə edilib.

Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlılarla münasibətlərinin, təmaslarının hansı formada aparılacağı da gündəmə gətirilib.

Ümumiyyətlə, rus hərbçilərinin funksiyaları barədə detallı fikir mübadiləsi aparılıb və konkret məqamlar müəyyənləşib”.