“Ermənistanın ödəyəcəyi təzminatın miqdarı dəfələrlə artacaq”

 “Biz hələ ki, yalnız dinc əhaliyə dəymiş ziyanı hesablayırıq. Amma məsələ bununla bitmir”

“Ətraf mühitə vurulan zərəri, azad olunmuş torpaqlarda bərpa işlərinə ayrılacaq investisiyanı, canlı qüvvə itkisini də bura əlavə etmək lazımdır”

“Üstəgəl, otuz ilə yaxındır əldə edə bilmədiyimiz gəlirləri də nəzərə almalıyıq. Əlbəttə, Qarabağ bizdə olsa, indiyədək daha çox işlər görmüşdük”
   


Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla əlaqəli bağladığı üçtərəfli razılaşmaya görə, İrəvanın üzərinə gələcək nəsillərin belə ödəməli olacağı 50 milyard dollardan (85 mlrd. AZN) çox öhdəlik qoyulub.
Bu barədə Ermənistanın keçmiş Baş prokuroru və respublikanın Avropa İnsan Haqları Məhkəməsində sabiq nümayəndəsi Qevork Kostanyan açıqlama verib.

Onun sözlərinə görə, hələ iki il əvvəldən Azərbaycanın Qarabağ və ətraf yeddi rayonda maddi ziyanla əlaqədar təzminat üçün İrəvana qarşı məhkəmə hazırlığı barədə xəbərdarlıq edib.

“Bakı Azərbaycana dəyən zərərin hesablanması üçün beynəlxalq təşkilat tutmuşdu, o da ziyanın miqdarının 50 milyard dollar olduğunu hesablayıb”, - deyə sabir baş prokuror bildirib. Kostanyan hadisələrin belə inkişafının qarşısının alınması üçün Paşinyanın istefasını zəruri addım adlandırıb.
Hardandır, Ermənistanda bu qədər pul? Amma indiki məqamda bizi maraqlandıran bu yox, ədalətin bərpa edilməsidir. Əlbəttə, tökülən qanların yanında ödəniləcək pul, belə demək mümkünsə, heç nədir.



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professoru İsaxan Vəliyev Qevork Kostanyanın sözügedən açıqlamasına dair fikirlərini “Sherg.az”la bölüşüb: 

“Mənə elə gəlir ki, bu, şərti və ən minimal rəqəmdir. Çünki biz hələ ki, yalnız dinc əhaliyə dəymiş ziyanı hesablayırıq. Amma məsələ bununla bitmir. Ətraf mühitə vurulan zərəri, azad olunmuş torpaqlarda bərpa işlərinə ayrılacaq investisiyanı, canlı qüvvə itkisini də bura əlavə etmək lazımdır. Üstəgəl, otuz ilə yaxındır əldə edə bilmədiyimiz gəlirləri də nəzərə almalıyıq.

Əlbəttə, Qarabağ bizdə olsa, indiyədək daha çox işlər görmüşdük. Hazırda baş prokurorluğun rəhbərliyi altında zərərin öyrənilməsi prosesi gedir. Bu məbləğin dəfələrlə artacağını istisna etmirəm. Hətta, məncə, keçmiş baş prokuror səsləndirdiyi rəqəmlə real zərəri kiçiltmək istəyib”.

Professor düşünür ki,  işğalçı ölkə heç bir cəhdlə məsuliyyətdən yaxa qurtara bilməyəcək:

“Azərbaycan prosesi bir neçə istiqamətdə həyata keçirə bilər. Birincisi, bizim Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququmuz var. İkincisi, BMT-in Ədalət məhkəməsində məsələni qaldıra bilərik.

Digər bir tərəfdən isə Paşinyan və onun hərbi-siyasi komandasının cinayət məsuliyyətinə cəlb olunması məsələsi gündəmə gələndə beynəlxalq Haqa məhkəməsinə müraciət edə bilərik. Amma bu məhkəmə yalnız üzv dövlətlər arasında münasibətləri tənzimləyir.

Deməli birbaşa yox, amma bizim tələbəmizlə BMT Təhlükəsizlik Şurasının ixtiyari var ki, beynəlxalq sülhə təhlükə yaratdığı üçün Ermənistanı cinayət məsuliyyətinə cəlb etsin. Obyektivlik əsas götürülərsə və ikili standartlar unudularsa, bu zaman müəyyənləşəcək təzminat əvvəlkindən qat-qat artıq olacaq”.