Naxçıvana dəmir yolu xəttinin çəkilməsi böyük layihədir


Azərbaycanın qeyri-neft sektorunda istehsal olunan məhsulları daha geniş bazarlara çıxarılacaq


Türkiyə Qafqazdakı son hadisələr fonunda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə dəmir yolu xətti çəkmək niyyətindədir. Bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu məlumat verib. O bildirib ki, ilkin araşdırmalar tezliklə başa çatacaq və dəmir yolu xəttinin inşasına start veriləcək.

 Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə dəmir yolu xəttinin çəkilməsi kifayət qədər böyük layihədir. O bildirib ki, bu nəqliyyat dəhlizi həm Türkiyə, həm də Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək:

"Dəmir yolu xətti ən ucuz nəqliyyat növü hesab olunur.  Vahid logistik nəqliyyat dəhlizinə inteqrasiya Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsində çox vacibdir. Eyni zamanda üstünlüyü ondan ibarətdir ki, bu, hər iki ölkənin iş adamlarının sözügedən dəmir yolu və nəqliyyat dəhlizinə inteqrasiyası vasitəsilə məhsulların daha geniş bazarlara çıxarılmasını təmin edəcək. Bu dəmir yolu xətti vasitəsilə artıq Azərbaycanın, xüsusən qeyri-neft sektorunda istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq. Təbii ki, bu layihə hər iki ölkənin ixracatının artırılması baxımından vacibdir. Region üçün strateji əhəmiyyət daşıyır və onun inkişafına birbaşa töhfə verəcək. Onun iqtisadi, strateji baxımından əhəmiyyəti olduqca vacibdir. Bütövlükdə Qarabağ münaqişəsinin həll olunması gələcəkdə regionda belə strateji layihələrinin sayının artırılmasına imkan verəcək.
Bu da regional ölkələrin faydalanmasına gətirib çıxaracaq".