Müharibəni uduzdular, vandallığa başladılar


Pəncərə çərçivələrini, unitazları belə özləri ilə aparırlar

Ərazini tərk edən erməni əhalisi gedərkən apara bilmədikləri şeyləri, meşələri yandırır, məhv edirlər

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilir. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməsi ilə baş tutdu. Belə ki, qalan torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır. Qarabağ Müharibəsində uğursuzluğa düçar olan Ermənistan hökuməti tərəfindən işğal zamanı torpaqlarımıza qanunsuz yerləşdirilən ermənilərin köçürülməsinə başlanılıb.


BBC-nin hazırladığı videoreportaj da razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. Videodan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Onlar hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Ermənistan hər zamankı kimi, mənfur xislətini göstərir. Torpaqlarımız işğalda olan zaman maddi mədəniyyət abidələrimiz dağıdılıb, talan edilib. Elə köç zamanı da işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması davam edir. Ərazini tərk edən erməni əhalisi gedərkən apara bilmədikləri şeyləri, meşələri yandırır, məhv edirlər. Təbii ki, bu, onların necə vandal olduqlarının növbəti bir sübutudur.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov deyir ki, ermənilər üçün heç bir şeyin dəyəri yoxdur. Hüquq müdafiəçisi vurğulayıb ki, ermənilərin ciddi etiraz etmədən Kəlbəcərdən çıxması özü çox yaxşı xəbərdir:

"Baxmayaraq ki, kiçik etirazları var, amma hazırda bu tərzdə çıxmaqları yaxşı bir haldır. Çünki bu, o anlama gəlir ki, onlar imzalanmış razılaşmanı qəbul edirlər. Başqa çıxış yollarının olmadığını yaxşı başa düşürlər. İndi evlərini tərk edənlər təxminən 15-20 ildir ki, bura gəlib məskunlaşanlardır. Onlar rus sülhməramlıların nəzarəti altında torpaqlarımızdan gedirlər. Yəni onlar məcburən atışma nəticəsində qaçmırlar. Təbii ki, bu da bizim bir dövlət kimi humanistliyimizin bir təzahürüdür. Ancaq bu, ermənilərdi. Müharibəni uduzdular və Qarabağı özlərinin saydıqları ərazilərini itirdilər. İndi isə məyusluqlarından evlərini yandıraraq, o cümlədən ərazilərimizə, təbiətimizə ziyan vuraraq gedirlər. Onsuz da evlərin çoxu dağınıq vəziyyətdədir". 

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövləti yaxın gələcəkdə orada yeni evlər tikəcək:

"İnfrastruktur salınacaq, məktəblər, xəstəxanalar, bağcalar tikiləcək. Bir-birindən gözəl olacaq, bütün Qarabağ abadlaşacaq. Qarabağın hər qarışında Azərbaycan qanı var, bütün bölgələrdə vətəndaşlarımız vuruşub. Təbii ki, hər bir azərbaycanlı Kəlbəcərə qayıdanda dövlət ona ev tikəcək, yaxud tikməsə də onlar gedib öz evlərini bərpa edəcəklər. Əsas odur ki, meşələrə, təbiətimizin gözəlliklərinə ziyan vurmasınlar. Onların bu əməlləri yalnız məyusluqlarının bir qiymətidir".