İrəvanda küçələr döyüş meydanına dönür

Ter-Petrosyan isə vətəndaş müharibəsinin başlamasından narahatlığını bildirib

Ermənistanın paytaxtı İrəvan şəhərində kütləvi etiraz aksiyası başlayıb. Paytaxtın Azadlıq meydanına toplaşan etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Minlərlə insan əllərində "Paşinyan xain", "Paşinyan getsin" şüarları yazılmış plakatlarla Azadlıq meydanına toplaşıblar. İrəvanda küçələr döyüş meydanına dönərkən,  rus sülhməramlıları Xankəndinə girib və erməni əsgərləri oradan geri çəkilməyə başlayıb. Digər tərəfdən Ermənistanın keçmiş prezidenti işə qarışıb.

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan müqavilə ilə bağlı partiyası adından açıqlama verib. O, Ermənistandakı siyasi böhranın "konstitusiya yolu ilə həll edilməsinə" çağırıb.

O həmçinin hökumətlə müxalifət arasında sağlam düşüncə razılaşmasının əldə edilməsinin lazım olduğunu söyləyib. Ter-Petrosyan Erməni Milli Konqresi adından verdiyi açıqlamada isə "Bizi narahat edən tək şey vətəndaş müharibəsinin başlanmasıdır" deyib.

BBC-nin İrəvanda baş verən hadisələrlə bağlı verdiyi xəbərdə qeyd olunub ki, İrəvanda toplaşan etirazçılar 44 günlük müharibəni bitirən müqavilənin ləğv edilməsini tələb edirlər.

Ancaq müxalifət partiyalarının parlamentdəki fövqəladə toplantı üçün kifayət qədər səs çoxluğunu əldə edə bilmədikləri vurğulanıb. BBC müxbiri Jonah Fişer bildirib ki, dünənki etiraz aksiyaları zamanı "Dağlıq Qarabağ" itkisini həzm edə bilməyən Ermənistan vətəndaşları göz yaşlarına boğulub.