Ermənistan möhtəşəm ordunun qarşısında diz çökdü

Qələbəyə görə ilk növbədə şəhid ailələrinə, əsgərlərimizə borcluyuq

Bu savaş Çanaqqala, Malazgird savaşı ilə müqayisə edilə bilər

 
Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 10 noyabr tarixli bəyanat tarixi sənəddir və ölkəmizin milli maraqlarına tam cavab verir. Bəyanatın ən birinci əhəmiyyəti ondan ibarətdir ki, 30 ildir pozulmuş ərazi bütövlüyümüz bərpa olunur. Əlbəttə ki, Azərbaycanın tam qələbəsini özündə ehtiva edən bu bəyanata Azərbaycan Prezidenti, Ali Baş Komnandan İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi, xalqımızın birliyi və müzəfər ordumuzun şücaəti nəticəsində nail olunub. Döyüşlər başlayan ilk vaxtlarda Ermənistan kimlərəsə ümid edirdi. Düşünürdü ki, Azərbaycana beynəlxalq təzyiqlər olacaq və bizi dayanmağa məcbur edəcəklər.

Lakin cənab Prezident bütün beynəlxalq təzyiqlərə sinə gəldi. Bunun Azərbaycanın haqq işi olduğunu bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bəyan etdi ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər döyüşlər dayanmayacaq. Bununla belə dövlət başçısı Ermənistana şans verdi, torpaqlarımızdan öz xoşları ilə çıxacaqları halda döyüşlərin dayanacağını bildirdi. Lakin Ermənistan yenə də öz işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi və bunun da acı sonluğu ilə barışmağa məcbur edildi.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Düşməni Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Razılaşmanın digər mühüm əhəmiyyəti isə odur ki, işğalçı qüvvələr torpaqlarımızdan tamamilə çıxarılır.

Ermənistan sənədi imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu. Döyüşlər başlayan ilk vaxtlardan etibarən cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan sülhə hazırdır və Ermənistan işğal olunmuş torpaqlardan çıxmaqla bağlı konkret cədvəl təqdim edərsə, Azərbaycan döyüşləri dayandıra bilər. İmzalanan bu sənəddə artıq belə bir qrafik təqdim olunub. Noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçından işğalçı qüvvələr çıxarılır. Bununla da işğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyulur. Digər vacib məqamlardan biri Dağlıq Qarabağa hər hansı statusun verilməməsi ilə bağlıdır. Əgər əvvəllər Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa, bu gün ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar vəziyyəti dəyişib. Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir ki, bunun da böyük siyasi əhəmiyyəti var. Sözügedən sənədlə Naxçıvanın blokadasına da son qoyulur, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya, rabitə yaradılır. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır ki, bunun da eyni zamanda iqtisadi baxımdan böyük əhəmiyyəti var. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın Vətən müharibəsini qələbə ilə başa çatdırması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması tarixi hadisə ilə yanaşı, əhəmiyyətli iqtisadi zəfər kimi də mühüm əhəmiyyət kəsb edir. 
Rusiya SSRİ-nin varisi və regionda nüfuz sahibi olan fövqəldövlət kimi münaqişənin həllində əsas rol oynamalı idi. Amerika və Fransanın aşkar və qəti şəkildə Ermənistanı müdafiə etməsi və Rusiyanın isə neytral mövqe tutması fonunda bundan yaxşı variant görünmürdü. Rusiyanın mövqeyi və maraqları, hazırkı situasiyada bizim tərəfimizdə idi. Bundan da məharətlə istifadə etdik. İndi Qarabağ həm de-yure, həm de-fakto Azərbaycanındır. Sülhməramlı kontingentinə gəldikdə, bu missiyanın konkret vəzifə və səlahiyyət dairəsi olur. Hansı ölkələrin nümayəndələrindən ibarət olmasına baxmayaraq, BMT mandatı ilə, dəqiq təlimatla hərəkət edə bilərlər. Sülhməramlılar ordu deyil, bir növ müşahidəçi komissiyadır. Sülhməramlılar 5 il müddətinə Qarabağın kiçik bir hissəsində və Laçın dəhlizi boyu 5 km-lik hissədə yerləşdirilir və təhlükəsizliyin təmin olunmasına nəzarət edəcək. Həmçinin, artıq bəlli olduğu kimi sülhməramlı missiyada Rusiya ilə yanaşı Türkiyə də iştirak edəcək. Bu isə qarşıya çıxan problemlərin 2 dost dövlət tərəfindən birgə həllini şərtləndirəcək. Missiyanın mövcudluğu ermənilərin sülhü və razılaşmanın şərtlərini poza bilməməsini, onların qanunlara riayət etməsini təmin edir. 
Millət vəkili Məlahət İbrahimqızı vurğulayıb ki, xalqımızın haqq və ədalət uğrunda başladığı Vətən müharibəsində zəfərin sonsuz qürurunu yaşayır: “Biz xoşbəxtik ki, bu tarixi zəfərin şahidiyik. Ermənistanın mənfur planları 44-45 gün içərisində məhv oldu. Ordumuz müzəffər Ali Baş Komandanın qətiyyəti ilə misilsiz uğurlar qazandı. Ali Baş Komandanın dəmir yumruğunun gücü Ermənistanı diz çökməyə məcbur etdi. Bu gün Vətən müharibəmiz dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu savaşı Çanaqqala savaşı, Malazgird savaşı ilə müqayisə edə bilərik. Bu qələbəni bu gün biz şəhid ailələrinə, əsgərlərimizə borcluyuq. Böyük sərkərdəsi olmayan xalq qələbə qazana bilməzdi. Prezident belə bir fikir ifadə etdi ki, mən nə qədər hakimiyyətdəyəm, Dağlıq Qarabağa status verilməyəcək. Bu gün Prezidentə bildirmək istəyirəm ki, xalqımız sizin siyasətə sadiq qalacaq”.

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da bəyan edib ki, Azərbaycan mümkün olanı etdi. Mümkün olan da Qarabağın düşməndən azad edilməsi idi və Ordumuz buna nail oldu. Millət vəkili vurğulayıb ki, biz “erməniləri tamamilə yox edək” düşüncəsi ilə yaşayıb dünya ilə üz-üzə gələ bilmərik:

“Bu hadisələrdə Rusiyanın addımlarını qiymətləndirməliyik. İlk növbədə Rusiya Qarabağda gedən müharibəyə müdaxilə etmədi, hətta ermənilərin yalvarışlarına da baxmadı. Həmçinin, Naxçıvandan dəmir yolunun bərpası mümkün deyildi. Bunu Rusiya edə bilərdi. Odur ki, Azərbaycanın qazandığı uğura kölgə salacaq heç bir addım yoxdur. Fakt 7 rayon azad edilib, digər ərazilərimizdə də erməniləri etnik təmizləməyə məruz qoyaraq beynəlxalq təzyiqləri üzərimizə yönəldə bilmərik. Ümumiyyətlə, bu yanaşmalar küyçülüklə siyasətin içində yer almaqdan qaynaqlanır. Əhali atılan addımı daha dərindən anlayır. Sıradan adamlar siyasətdəki populist mövqe sərgiləyənlərdən daha yaxşı başa düşür. Sadəcə, bundan süni şəkildə istifadə edib, xal yığmağa çalışırlar”. F.Mustafanın sözlərinə görə, ortada Türkiyə var və Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur: “Rusiyanın 2000 nəfərlik sülhməramlı qüvvəsi dəhliz üzərində nəzarəti həyata keçirməyə başlayacaq. Bütün idarəetmə bərpa olandan sonra hər şey yoluna düşəcək. İnsanlarımız Xankəndinə, Ağdərəyə də köçəcəklər. Sənəddə bütün qaçqınların köçürülməsindən söhbət gedir. Ona görə panikaya gərək yoxdur”.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə açıqlamasında bildirib ki, Azərbaycan əsgəri torpaqlarımızı qarış-qarış azad etdi və dünya Azərbaycan Ordusunun gücünü gördü: “Azərbaycan tarixi qələbə qazandı. Etiraf edək ki, uzun müddətdir, regiondakı bəzi ölkələrin Azərbaycana qarşı düşmən münasibəti nəticəsində torpaqlarımızı itirmək məcburiyyətində qalmışdıq. Müəyyən zaman kəsiyində ölkəmizə rəhbərlik edən bəzi səriştəsiz şəxslərin də bu prosesdə az "xidmətləri" olub. Son olaraq 90-cı illərdə geosiyasi və daxili vəziyyət çərçivəsində Azərbaycan öz ərazisinin 20 faizini itirdi. O zaman şərtlər Azərbaycan üçün əlverişli deyildi. 2016-cı və 2018-ci ildə Azərbaycan artıq öz sözünü döyüş meydanında deməyə başladı. Cari ilin sentyabrın 27-də Ermənistanın növbəti təxribatı ilə başlayan müharibə isə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. 44 gün ərzində Azərbaycan Ordusu Şuşa da daxil olmaqla 5 şəhər və 300-dən çox artıq kənd və qəsəbəni erməni işğalından azad etdi. 30 ilə yaxın müddətdə ermənilər bu ərazilərdə güclü istehkamlar qurmuşdular. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar yeni hərb tarixinə qızıl hərflərlə düşdü. Azərbaycanın hava və quru sahədə düşməni məhv etməsi ordumuzun hazırlığının göstəricisi idi. Ordumuz ilk həmlədə düşməni darmadağın etdi. Hərbi uğurlarla yanaşı, dünyanın bəzi güc mərkəzləri müharibəni dayandırmaqla bağlı Azərbaycana təzyiq etməyə cəhd göstərirdilər. Lakin ölkə başçısının qətiyyəti sahəsində bütün bu cəhdlərin qarşısı alındı. Prezident İlham Əliyev yalnız hərbi əməliyyatların dayandırılmasının erməni qoşunlarının işğal etdiyi ərazilərdən konkret vaxt ərzində çıxmaq öhdəliyi götürdüyü halda mümkünlüyünü  israrla bildirdi”. 
Birlik sədri qeyd edib ki, Azərbaycan hərbi və diplomatik müstəvidə əsl mübarizlik nümayiş etdirdi və hərbi sahədə olan ciddi uğurlar Azərbaycanı diplomatik müstəvidə də xeyli güclü etdi:

“Eyni zamanda qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də bu uğurlarda xüsusi əhəmiyyət daşıyırdı. Hərbi, siyasi, informasiya və digər sahələrdə gedən müharibəni Ali Baş Komandan idarə edirdi. İlham Əliyev bu müharibədə qalib ordunun sərkərdəsi kimi mühüm və vacib addımları ilə yadda qaldı. O, qərar vermədə nə tələsdi, nə də ki, gecikdi. Bu müharibə zərgər dəqiqliyi ilə həyata keçirildi. Ölkə başçısının da dediyi kimi, vaxt gəldikcə açıqlanması mümkün olan məsələlər ictimaiyyətə açıqlanacaq. Döyüş meydanında Azərbaycan Ordusunun rəşadəti ilə bağlı xeyli məlumatlar üzə çıxacaq və bu, xalqımızın qəhrəmanlığı kimi tarixə düşəcək. Diplomatik müstəvidə gedən müharibə ilə bağlı tam məlumatların açıqlanması gözlənilən deyil. Lakin nəhəng dövlətlər də daxil olmaqla, bütün dünyanın diqqəti bu regionda olub. Bütün bu təzyiqlərə baxmayaraq prezident sona kimi gedəcəyini bəyan etdi və hərbi meydanda da öz sözünə sadiq qaldı. Dövlət başçısı Ermənistanın öncədən bəyan etdiyi şərtləri qəbul etdikdən sonra hərbi əməliyyatları dayandırdı. Bu dövrdə Ermənistan ordusu darmadağın edildi. Nəticə etibarı ilə Ermənistan kapitulyasiyaya məcbur edildi və Azərbaycan qələbə qazandı”. 
Rusiyanın iştirakı ilə hərbi əməliyyatların dayandırlması və ərazilərin boşaldılması haqqında razılaşmanın da Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayan QHT sədri bildirib ki, yaxın müddətdə 3 rayonumuz şəhid vermədən azad edilir: “Hərbi status-kvo aradan qaldırılır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu olmayacaq. Naxçıvan blokadadan azad olunur. Naxçıvan koridorunun yaradılması tarixi, geosiyasi və iqtisadi əhəmiyyətə malik addımdır. Ölkə başçısı şəxsən bu müddəa ilə bağlı israr etdiyini də bildirdi. Fikrimcə, bu maddənin Laçın dəhlizi ilə paralelliyi gələcəkdə xüsusi əhəmiyyət daşıyacaq. Hərbi sahədə qazanılan uğuru diplomatiyaya daşımaq prezidentin böyük uğurudur. Artıq regionda bütün şərtlər Azərbaycanın xeyrinə dəyişib. Azərbaycan ərazi bütövlüyü çərçivəsində bütün şərtləri diktə edən tərəfdir. Türkiyə və Rusiya arasında birgə monitorinq barədə saziş imzalanıb və Türkiyə artıq masadadır”.