Zalım diktator hələ dirənir

Paşinyan iki dəfə ölkəsini iflic duruma salıb

Ortada 100 min qaçqın, qorxaqlıq, məğlubiyyət, bir də məhv edilmiş iqtisadiyyat var

İşğalçı Ermənistanın Qarabağ cəbhəsində uğradığı sarsıdıcı məğlubiyyətindən sonra bu ölkədə yaranmış ağır siyasi böhran və qeyri-stabil vəziyyət böyük xalq narazılığına səbəb olmaqdadır. Xüsusilə, Rusiya və Azərbaycan prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları atəşkəs bəyannaməsinin ardınca işğalçı ölkəyə aid silahlı birləşmələrin müəyyən olunmuş qrafik əsasında ərazilərimizdən çıxarılması düşmən ölkədə kəskin fikir ayrılıqları yaradıb. Məhz bu fakt baş verər-verməz Ermənistandakı siyasi qüvvələr, daha dəqiq desək, 17 partiya birgə bəyanatla çıxış edərək Nikol Paşinyanın istefasını tələb ediblər.

Onlar təslimçi sülh sənədini qəbul etmədiklərini, hakimiyyətin dəyişdirilərək, yeni güclərə təhvil verilməsini, sənəddən isə imtina edilməsini irəli sürüblər. Ermənistanın məğlub baş naziri isə özünə “haqq” qazandırmaqdan ötrü yenidən “günahkarlar” axtarışına çıxıb. Cəmi iki il yarım əvvəl Serj Sarkisyan iqtidarını Soros fondunun xeyir-duası və “məxməri inqilab” vasitəsi ilə küçələrdən gələrək dəyişməyə müvəffəq olan Paşinyan indi özü “Rədd ol, Paşinyan!” şüarları ilə qarşı-qarşıya qalıb. Çıxılmaz duruma düşən “demokrat” Paşinyan daha da aqressivləşib. Ermənistan KİV-lərindən öyrəndiyimiz kimi, artıq yüzlərlə etirazçı həbs olunur, polis zorakılığı tətbiq edilir.

Habelə Milli Təhlükəsizlik Xidməti mitinq və aksiyalarda iştirak edən şəxsləri evlərindən çıxararaq naməlum istiqamətlərə aparırlar. Üstəlik, Azərbaycan ərazilərində müxtəlif vasitələrlə məskunlamış və Qarabağdan köçən ermənilər də Paşinyandan hesabat tələb edirlər. Əsas məsələ isə 17 partiyadan olan 10 siyasi təşkilat liderinin həbslərə məruz qalması faktıdır. Onların içində Qagik Tsarukyan, Eduard Şarmazanov, keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru, Paşinyanın sabiq ailəvi dostu, hazırda müxalifətin “Vətən” partiyasının lideri Artur Vanetsyan və bir çox digər tanınmış erməni siyasətçiləri yer almaqdadır.

Beləliklə, ölkəsinə “demokratiya” və “azadlıq” gətirəcəyini vəd edən Paşinyan bütün bunların yerinə qan-qada, müharibə və diktatorluq rejimi gətirib. Məğlub hakimiyyət və məğlub xalq sözün əsl mənasında çalxalanır. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq aləm Ermənistanda yaşananlara susqun qalır.

Çünki Nikol Paşinyan məhz Qərbin məlum dairələri tərəfindən hakimiyyətə gətirilib və hətta onun güc strukturları əhaliyə qarşı silah işlətsə belə, yenə də susqunluq davam edir. İstənilən halda Paşinyan hakimiyyətinin sülhə məcbur edilməsinin ardınca Ermənistanda yaranan aqressiya artıq ölkə daxilindəki böhranı daha da dərinləşdirir.

Diktatorluq siyasətini həyata keçirən Paşinyan rejimi ilə müxalifət arasındakı uçurum dərinləşir. “Hraparaq” qəzetinin yazdığına görə, hakimiyyətin iki il yarımdır formalaşdırdığı saxta Ermənistan mifi məhv edilib, dağılıb. Nəşrin yazdığına görə, Ermənistanda minlərlə insan Nikol Paşinyanın istefasını tələb edərək küçələrə axışıb və mitinqə təşəbbüs göstərən 17 partiya baş nazirin tələbləri yerinə yetirənə qədər mitinqlərin davam edəcəyini bəyan edir. Tələb isə tərəflərin fikrincə, vəziyyəti dəyişdirə biləcək Nikol Paşinyanın istefasıdır. İnformasiya təhlükəsizliyi mütəxəssisi Karen Vrtanesyan qeyd edib ki, Paşinyan ölkəni iflic edib: “Bu çətin şərtlərdə, 100 min qaçqın, qorxaqlıq və mövcud hakimiyyətin təslim olması ilə məhv edilmiş bir iqtisadiyyat fonunda xain Paşinyan bütün dövlət aparatını praktik olaraq iflic etməyə davam edir. 2018-ci ildə Nikol Paşinyan ölkəni iflic etdi ki, hakimiyyəti ələ keçirsin. İndi də hakimiyyətini qorumaq üçün ölkəni iflic edir. İrəvanın girişində bir kilometr uzunluğunda tıxac var. Bundan sonra nə olacağı bəlli deyil. Bu biabırçı vəziyyətdə Nikol Paşinyan kreslosundan yapışıb ölkəni iflic etməyə davam edir”. 

Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü vurğulayıb ki, Qarabağdakı məğlubiyyətə görə İrəvanda baş nazirin və komanda üzvlərinin istefasını tələb edən şəxslərin kütləvi həbsinə başlanılması o deməkdir ki, Paşinyan hələ də onu hakimiyyətə gətirən və qarşısına ciddi öhdəliklər qoyan amerikalıların dəstəyini əldə edəcəyinə ümidini itirməyib, vaxtı uzatmağa çalışır. Ekspertin sözlərinə görə, Nikol Paşinyan Vladimir Putinə qarşı əməlli-başlı dirəniş göstərməyə başlayıb:

“Məlumat üçün bildirək ki, hələ ötən il Rusiyanın hərbi kəşfiyyatına yaxın media resurslarında ABŞ-ın Ermənistandakı səfirliyinin 2500 əməkdaşından 1400-ə yaxın şəxsin Amerika Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinə mənsub hərbçilər olduğu və 3 hərbi təyinatlı məxfi laboratoriyanın da Ermənistanda fəaliyyətə başladığı haqda informasiya yaymışdılar. Eyni zamanda, ruslar iddia edirdilər ki, Paşinyanı müdafiə edən “Sasna tsrer” (“Sasun cəngavərləri”) terror təşkilatının maliyyəsi də məhz ABŞ-ın İrəvandkı səfirliyi tərəfindən maliyyələşdirilir. İndi belə görünür ki, dekabrın 14-dək, yəni ABŞ-dakı seçkilərin ilk rəsmi nəticələrinin müəyyənləşəcəyi tarixədək, Paşinyan canını qorumaq, istefa verməmək və müqavimət göstərmək kursu seçəcək və əsas sığınacağı da elə ABŞ səfirliyi olacaq. Putinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasına əsasən, noyabrın 15-də Kəlbəcərin, 20-də Ağdamın və dekabrın 1-də isə Laçının boşaldılması isə böyük ehtimalla, Ermənistandakı daxili siyasi gərginliyi pik həddə çatdıraraq, etirazların rusyönümlülərlə qərbyönümlülərin silahlı toqquşması prosesinin başlanmasına təkan verəcək. Sözsüz ki, məhz bu ərəfədə Azərbaycandakı xarici agentura şəbəkəsi də xeyli fəallaşacaq, xüsusən də son 45 gündə yaranmış iqtidar-müxalifət, xalq-hakimiyyət həmrəyliyinin pozulmasına, yenidən bölücü mühitin və cəmiyyətdə hakimiyyətə inamsızlıq atmosferinin yaranmasına cəhd göstəriləcək. Odur ki, indi cəmiyyətimiz həddən artıq həssas və ayıq olmalı, nəyin bahasına olursa-olsun yaranmış bu həmrəyliyin, xüsusilə də qarşıdakı 3-4 həftə ərzində pozulmasına yönələcək bütün addımlardan çəkinməlidir!”.