Minsk qrupu artıq post-müharibə dövrü üçün deyil

Azərbaycan öz ərazi bütövlüyünü dekabrın 1-nə kimi həll edəcək


“Minsk qrupu formatında danışıqlara getmək Azərbaycanın əleyhinədir”. Bu barədə Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri, MCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib. Politoloq bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri formatında danışıqların başlanması üçün yeni mərhələ hazırlanır. Analitik vurğulayıb ki, Rusiya XİN rəhbəri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan köhnə Minsk formatı çərçivəsinə qayıtmaq üçün əllərindən gələni edirlər:

“Bu format Azərbaycana qarşıdır və Türkiyənin burada siyasi rolunun qarşısını almağa hesablanıb. Xüsusilə Fransa burada əsas təşəbbüs göstərir. Məhz Rusiya XİN rəhbəri Qarabağla bağlı prosesləri Minsk qrupu ölkələri ilə bölüşdüklərini qeyd edir. Minsk qrupu artıq sentyabrın 27-dən öz funksiyasını itirib. Bu, format uzun illər işğala dəstək verib, Ermənistanın mənafelərinə xidmət edib. Müharibənin ilk günündən Fransanın vasitəçiliyini birtərəfli şəkildə işğalçı ölkənin yanında olduğu təsbit olunub. Azərbaycan hərbi yolla status-kvonu dəyişdi və Ermənistan kapitulyasiya sənədinə imza atdı. Minsk qrupu artıq post-müharibə dövrü üçün deyil. Azərbaycan öz ərazi bütövlüyünü dekabrın 1-nə kimi həll edəcək”. 

Siyasi şərhçi vurğulayıb ki, Minsk qrupunun iştirakı olmadan Ermənistan bəyannaməyə imza atıb:

“Göründüyü kimi həmsədrlər formatına ehtiyac qalmamalıdır. Artıq siyasi danışıqlar prosesi Ankara-Moskva-Bakı və Yerevan arasında aparılmaqla yeni format yaradılıb. Rusiya və Ermənistan XİN rəhbərliyi Fransanı prosesə qoşmaq üçün yeni təmaslara keçib. Azərbaycan Minsk formatına, xüsusilə Fransanın yer aldığı danışıqlara qatılmamalıdır. Biz qalib tərəfik.

Azərbaycan qəti şəkildə bəyan edib ki, status olmayacaq. Belə olan təqdirdə, Minsk formatı çərçivəsində danışıqlara getmək əleyhimizə ola bilər”.