Döyüşdük, qələbə qazandıq

İndi hamımız, hər birimiz daha çox yaralı əsgərlərimizin yanında olmalıyıq

Əsgər bilməlidir, hiss etməlidir və görməlidir ki, xalq onlarla fəxr edir və onların yanındadır. Bu, əsgərlərimizə ruh yüksəkliyi verəcək və onlar tez sağalacaq, sosial həyata da tez adaptasiya olunacaqlar

Müharibə və müharibədən sonrakı dövrdə mülki əhaliyə psixoloji yardım əhəmiyyətlidir. Psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında qeyd edib ki, 44 günlük Vətən savaşı müddətində psixoloqlardan ibarət qrup yaradılıb. Qrupda 34 psixoloq, həmçinin sosial işçilər də təmsil olunur. Lakin cəbhəyanı bölgələrə səfər edib fəaliyyət göstərmək məsələsində məlum çətinliklərlə üzləşiblər: 

- Məsələ belə idi ki, döyüş əməliyyatları getdiyi müddətdə mülki əhali cəbhə zonasını tərk etmədi. Müvəqqəti yerdəyişmələr oldu, Mingəçevirə, Ağcabədi, Goranboy və sair bölgələrə. Lakin əhali əsasən köç etmədi. Buna görə də bizim psixoloq qrupunun Ermənistan tərəfindən raket hücumlarına, atəşə daha çox məruz qalan rayonlarımıza (Gəncə, Bərdə, Tərtər...) səfər etməyimiz çətinləşdi. Çünki bu bölgələrdə postlar vardı, müharibə qanunlarına uyğun olaraq gediş-gəliş məhdudlaşdırılmışdı. Belə olduqda biz yerli sosial işçilərə, məktəb psixoloqlarına onlayn qaydada nəyi necə etməli olduqlarını başa saldıq. Və onlar yerli əhali ilə işlədilər. Birbaşa yardım göstərə bilməsək də, yerli işçilər vasitəsilə əhaliyə psixoloji yardım edilməsinə çalışdıq. İndi isə vəziyyət dəyişib. Müharibə qələbimizlə başa çatdı və indi işimiz daha çox olacaq. Həm əhali evlərinə qayıdır, həm də müharibədə birbaşa iştirak etmiş təbəqə var – hərbçilər, əsgərlər və yaralılar. Çalışırıq yerli kadrlarla iş aparaq, Dövlət Komitəsi və humanitar təşkilatlarla fəaliyyət planı tərtib edirik. Hazırda hospitallarda, xəstəxanalarda müalicə alanlarla işləyirik, könüllüləri də işə cəlb etmişik. Biz könüllülərə və sosial işçilərə təlimlər keçmişik. Bu bizə eyni metodika ilə işləyəcək komanda formalaşdırmağa imkan verir. Əvvəl qrupumuzda 34 psixoloq vardı, indi say çoxalıb. Könüllülər və sosial işçilər hesabına. İlkin məqsəd yerdə vəziyyəti öyrənmək, ikinci mərhələ diaqnostika – müayinə, üçüncü mərhələ isə ilkin psixoloji yardımdır. Bunu psixoloq, psixiatr da edə bilər, sosial işçi də. Sonra isə psixoloji reabilitasiya - sosial həyata qayıdış dövrü başlayır.  



A.İsazadə qeyd etdi ki, müharibənin fəsadları yaralı əsgərlərdə daha çox özünü büruzə verir: 

- Müharibə zamanı və müharibədən sonrakı dövrdə əhalinin psixoloji vəziyyəti müxtəlif ola bilər. Bu, insanların stres və sarsıntılara nə dərəcədə hazırlıqlı və həssas olub-olmamısandan asılıdır. Məsələn, raket zərbəsi bir insanda depressiya yarada bilir, digərini isə əksinə, aqressivləşdirə bilir. Döyüşən əsgərlər də müxtəlif psixoloji vəziyyətlərə düşə bilər. Məsələn, döyüş zamanı bir əsgəri tanımadığı, yaxınlığı, dostluğu olmayan başqa bir əsgərin ölümü qorxuda bilər. Amma elə əsgər olar ki, tanıdığı, eyni səngərdə döyüşdüyü əsgər dostunun ölümündən aqressivləşər və o, intiqam, qisas hissi ilə hərəkət edər. Ona görə də müharibə şəraitində və müharibədən sonrakı dövrdə insanların davranışları fərqli ola bilir. Psixoloqun öhdəsinə düşən vəziyyəti düzgün müəyyənləşdirməkdir, çünki psixoloji yardımın effektiv olacağı bundan asılıdır. 

A.İsazadə hazırda xalqımızın yaralı əsgərlərə daha yaxın olmasını tövsiyə etdi: 

- Döyüşdük, qələbə qazandıq. Qələbəni də qeyd etdik. İndi hamımız, hər birimiz daha çox yaralı əsgərlərimizin yanında olmalı və onlara diqqət və qayğı göstərməliyik. Əsgər bilməlidir, hiss etməlidir və görməlidir ki, xalq onlarla fəxr edir və onların yanındadır. Bu, əsgərlərimizə ruh yüksəkliyi verəcək və onlar tez sağalacaq, sosial həyata da tez adaptasiya olunacaqlar.