Vətən kimi oğullar...

Sizi sevmək azdır, sizinlə dirildik biz

Berlin divarını xatırlayırsınız? İkinci Dünya müharibəsində faşistləri paytaxtlarınadək qovan sovet əsgərləri – onların arasında Azərbaycan oğulları da 
vardı, adlarını Berlin divarlarına, Reyxstaq binası üzərinə yazırdılar. Torpaqdan yaranan insan çalışır adını daşlara həkk etsin. O daş Vətən daşı və ən əsası işğaldan, mənfur düşmənin tapdağından azad etdiyin daşsa, ad da Vətən kimi müqəddəsləşir.    
Qarabağ savaşında qalib olan hərbçilərimiz də işğaldan azad etdikləri ərazilərdə divarlara adlarını, soyadlarını, doğulub boya-başa çatdıqları rayonların adlarını yazırlar. Belə görüntülər sosial şəbəkələrdə çoxdur. Qalib ordunun əsgərinə nə etsə, yaraşır, qalib ölkənin vətəndaşları da hər belə paylaşımı sevinclə, xüsusi iftixar hissi ilə qarşılayır.   
Sosial şəbəkələrdə daha çox bəyənilən və həssaslıqla qarşılanan bir görüntü əsgər Elçin Əhmədova aiddir. 
Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədov tikililərin birinin divarına "Maştağa 1 N-li internat" sözlərini yazıb. Bundan sonra hər kəs onu tapmağa və dəstək olmağa çalışıb. Elçin Əhmədov özü həmin internat məktəbində böyüyüb. İndi isə 3 övlad atasıdır. Döyüşlər başlayanda da könüllü olaraq müharibəyə yollanıb.


O, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin aktiv üzvlərindən olub. Könüllü kimi bir çox Qeyri-hökumət təşkilatlarının aksiyalarında iştirak edib.

E.Əhmədov sosial şəbəkə hesabında əsgər yoldaşları ilə birgə döyüş zamanı çəkdirdiyi şəkli də paylaşaraq bunları yazıb: 
"Yastığımız Vətən daşı, yorğanımız qar olsun. Neçə vaxtdır sosial şəbəkələrdən uzağıq. İndi görürəm ki, bəzi təxribatçılar ağlına gələni də yazır. Siz bilmirsiniz buralar necə soyuqdur, necə əziyyətlərə qatlanırıq. Ali Baş Komandanımız hər şeyi götür-qoy edir. Nə etdiyini də gözəl bilir. Biz nə soyuqdan, nə şərəfsiz düşmənimizdən qorxuruq. Bəli, müharibədir, hər şeyə dözməliyik, şükürlər olsun dözürük də. Hara qədər desələr, nə vaxta qədər desələr Vətən keşiyində durmağa hazırıq. Təxribatlara uymayın, hər şey yaxşıdır, hər şey də ölkəmizin, xalqımızın xeyrinədir. Siz bilmədiyiniz çox şey var, zamanı gəlincə hər şeyi biləcəksiniz. İndi sizlərə sadəcə səbrli olmaq, ölkəmizin, rəhbərimizin yanında olmaq, onun fikirlərini dəstəkləmək düşür. Vaxt var idi nə Şuşa, nə Kəlbəcər, nə də işğal olunmuş rayonlarımızı görə bilirdik. İndi isə Şuşada biz çay içirik, ocaqda qaynatdığımız çay. Allah Prezidentimizi qorusun. Biz tək Ermənistanla savaşırıq, Ali Baş Komandanımız isə dünyayla".

Qalib ordumuzun tarix yaradan əsgərləri barədə hələ çox dastanlar yazılacaq. Əslən Füzuli rayonundan olan iqtisadçı Qalib Toğrul da iki qardaş – iki qəhrəman əsgər barədə paylaşım edib: 

- Amil Füzuli rayonunun Aşağı Güzlək kəndində çəpər qonşumuz idi. 
Rəhmətlik Mərkəz dayı ilə Əminə xalanın zəhmətkeş ailəsində böyümüşdü.
Kəndimizdən didərgin düşəndən sonra ailəsini saxlamaq, övladlarını böyütmək üçün çox əziyyət çəkdi. O vaxtlar tələbə idim, tez-tez ailəlikcə məskunlaşdığımız yataqxanada bizə baş çəkərdi. 
İndi Amilin ağır günlərini, ona qarşı edilən haqsızlıqları xatırlayıram, başımdan tüstü çıxır...
1994-cü ildə Füzulinin Babı kəndi işğaldan azad olunandan sonra Amil ailəsi ilə birlikdə orda məskunlaşdı, min bir əziyyətlə iki oğul böyütdü. Nicat və Fəqan.
Elə oğullar böyütdü ki..
Oğul deyirəm sənə!
İkisi də hərbçi, ikisi də xüsusi təyinatlı.

II Qarabağ Müharibəsinin ilk günlərindən hər iki oğlu ön cəbhədə döyüşlərə atıldı.
Nicat ağır yaralandı, Bakıda əməliyyat olundu, bərpa prosesindədir, yeriməsi üçün uzun bir müddət tələb olunur.
Fəqan da yaralandı, qəlpə yaraları aldı, Şirvanda xəstəxanaya yerləşdirildi. Ancaq ürəyi cəbhədəki dostlarının yanında olduğundan həkimlərin əməliyyatla bağlı təkidlərini qəbul etmədi, valideynlərinin sözünü eşitmədi, bədənindəki qəlpələrlə birgə yenidən döyüşlərə qayıtdı.
Müharibənin bitməsinə saatlar qala Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
3 gün öncə şəhidimizi göz yaşları içində Babıda torpağa tapşırdıq.
Allah sənə rəhmət eləsin, 23 yaşında canını Vətənə qurban edən Fəqan bala.
Allah ata-anana, qardaşına səbr versin!
Şəkillərinə baxıram, ürəyim parçalanır.

Beynimdə dayanmadan, durmadan Mehmet Akif Ərsoyun "Çanaqqala şəhidlərinə" şeirindən iki misra dolaşır günlərdir.

Yox, dolaşmır, mismar kimi beynimə sancılır; 
Vurulup tertemiz alnından, uzanmış yatıyor,
Bir hilal uğruna, ya Rab, ne güneşler batıyor!..” 

Belə igidləri olan ölkə basılmaz, xalqın beli bükülməz. Nur içində uyuyacaq şəhidimiz! Yaralı əsgərimizə də Allahdan şəfa diləyirik.