Söz diplomatiyanındır:“Rus hərbçiləri torpaqlarımızda daimi qalmayacaq” – AKTUAL

Anar Həsənov: “Bu, müvəqqəti xarakter daşıyır. Qələbəmizin kölgədə qalmasına imkan verməməliyik”


O qədər çətin və həyəcanlı günləri geridə qoyduq ki!.. Prezident, Ali Baş Komandan İlham Əliyevin “tvit”ini, xalqa müraciətini həyəcanla, səbrsizliklə gözlədiyimiz vaxtları hələ uzun illər xatırlayacağıq. Ötən 44 gün noyabrın 10-u gecə saatlarında dövlət başçısının müraciətini dinləməyimizlə bitdi. Yadınızdadır, Prezident necə sevinclə danışırdı? “Noldu, Paşinyan?” ritorik sualına verdiyi tutarlı cavablar, qələbə xəbərlərimiz çoxlarının xatirindədir. Ermənistan baş naziri kapitulyasiya sənədinə qol çəkdi və səristəşiz, uğursuz siyasətçi olması ilə yanaşı, həm də növbəti təlxəkliyini sübut etdi. Deməli, hesab 1:0 bizim xeyrimizədir. Amma, necə deyərlər, oyun 90 dəqiqədir...

Rusiyada yaşayan soydaşımız, politoloq, jurnalist Anar Həsənov ötən günlərin nəticəsini “Sherg.az”a qiymətləndirib: 

“Bu sənəd Ermənistanın məğlubiyyətidir. Əgər Paşinyan bəyanata imza atmasaydı, azad olunmuş ərazilər, daha doğrusu, düşmənlə min kilometrlik sərhəd davamlı raket atəşinə məruz qala bilərdi. Aylarla yox, bəlkə, illərlə. Nəticədə Azərbaycan da öz növbəsində düşmənin atəş nöqtələrini susduracaq, o cümlədən İcevan, Qafan, Mehri rayonlarını atəşə tutacaqdı.

Beləliklə, KTMT-nin məsələyə müdaxiləsi üçün zəmin yaranacaqdı. İndiki halda qələbə bizimdir. Buna heç kimin şübhəsi olmasın. İmzalanmış sənəd bütün Qarabağın bizim olduğunu sübut edir. Həmçinin sənəd Xankəndi, Xocavənd və Ağdamın bizim olmasına dair heç bir şübhə yaratmır.

Sadəcə Fransa, Rusiya, ABŞ-dakı ermənipərəstlər öz təfsir və interpretasiyaları ilə məsələyə başqa don geyindirməyə çalışırlar. Amma dekabrın 1-dək həmin üç rayon da daxil olmaqla, bütün Qarabağın erməni separatçılarından “təmizləndiyini” görəndə belə qarayaxmalara son qoyulacaq. Hər halda sentyabrın 27-dək otuz ildir həsrət qaldığımız torpaqların bircə qarışı da bizim deyildi. İndi isə 12. 200 kvadratkilometr ərazi həm de-fakto, həm də de-yure tam olaraq bizdədir. Birinci mərhələ artıq bitib. Söz daha diplomatiyanındır”.

Həsənov rəsmi Moskvanın məsələyə münasibətindən də danışıb: 

“Əlbəttə, rus hərbi kontingentinin ərazidə olmasından şad deyilik. Amma bilməliyik ki, Kremlin Azərbaycana münasibəti Ukraynaya, Gürcüstana olduğu kimi deyil. Bizim aramızda strateji əməkdaşlıq var. Rusiyanın məqsədinin region ölkələrinin özündən asılılığını uzunmüddətli etmək olduğu aydındır. Lakin Azərbaycan diplomatiyasının uğuru dünya güclərinin bizi “xərcləməməsidir”.

Hər halda Azərbaycan nə Əfqanıstandır, nə İraq, nə Suriya, nə də Liviya. İndi qarşımızdakı əsas məqsəd yerdə qalan ərazilərimizdə də tam möhkəmlənə bilməkdir. Onu da deyim ki, Rusiya istəsəydi birbaşa, ya da hansısa başqa dövlətin, məsələn, Fransanın, İranın əliylə müdaxilə edə bilərdi. Amma etmədi. İnanıram ki, rus hərbçiləri bizim torpaqlarımızda daimi qalmayacaq. Bu, müvəqqəti xarakter daşıyır. Qələbəmizin kölgədə qalmasına imkan verməməliyik”.