“Türk ocaqları” BƏRDƏDƏ: Zərərçəkmiş insanlara yardım paylanılıb – Fotolar

Akif Aşırlı: “Cəbhə bölgəsində yaşayan insanlarımız daim diqqətimizdə olacaq”


Türkiyə “Türk ocaqları” Mərkəzi Qərargahının maddi dəstəyi ilə erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan, yaralanan insanlara kömək məqsədi ilə növbəti dəfə ərzaq yardımı edilib. Budəfəki yardımlar Bərdə rayonun şəhid ailələrinə, düşmən raketlərindən ziyan görən, ehtiyacı olan ailələrə göndərilib. Azərbaycan “Türk ocağı”nın təşkilatçılığı ilə içərisində zəruri ərzaqların olduğu 300 yardım bağlaması zərərçəkmiş insanlara paylanılıb. 








Düşmənin mənfur təxribatı nəticəsində evləri dağılmış Bərdə sakinləri qarşısında çıxış edən Azərbaycan “Türk ocağı”nın sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı torpaqlarımızın düşməndən azad olunması münasibəti ilə insanları təbrik edib və Bərdə sakinlərinin qəhrəman, fədakar olduğunu söyləyib. A.Aşırlı arxa cəbhənin səngərində heç nədən qorxmadan dayanan bərdəlilərə təşəkkürünü bildirib:

“Xain ermənilər bəşəriyyət əleyhinə cinayətlərini davam etdirərək Bərdəni bir neçə dəfə raket atəşinə tutdu. Mülki obyektlər, yaşayış evləri dağıdıldı, 27 nəfər həyatını itirdi, 200-ə yaxın insan yaralandı. Türkiyənin “Türk ocaqları” öz diqqətini Bərdəyə yönəltdi və sizə yardım göndərdi. Yardımlar Türkiyə “Türk ocaqları”na məxsusdur. Biz də Azərbaycan “Türk ocaqları” olaraq bu yardımları qəhrəman bərdəlilərə çatdırırıq”.



A.Aşırlı yardım kampaniyasının həyata keçirilməsinə şərait yaratdığına görə, Bərdəni təmsil edən millət vəkili Zahid Oruca da minnətdarlığını bildirib:

“Hörmətli Zahid müəllim yardımların nizamlı şəkildə paylanmasının təşkil edilməsi üçün göstəriş verib. Həm deputata, həm də rayonun icra stukturlarına təşəkkürümüzü bildiririk. Ən böyük təşəkkür isə şübhəsiz sizlərə düşür. Azərbaycan “Türk ocağı” olaraq hər zaman yanınızdayıq. Cəbhə bölgəsində yaşayan insanlarımız daim diqqətimizdə, nəzərimizdə olacaq. Allah sizə can sağlığı versin ki, bu torpaqlarda mətin, mübariz yaşayın, yaradın. Var olsun Azərbaycanımız, Ali Baş Komandanımız, var olsun Türkiyə-Azərbaycan qardaşlığı! Qardaş Türkiyə hər zaman, istənilən şəraitdə Azərbaycanın, bizim yanımızdadır və yanımızda da olacaq”. 



Yardım kampaniyası çərçivəsində Azərbaycan “Türk ocağı”nın nümayəndələri Bərdə rayonun Şirvanlı kəndində bir neçə şəhid ailələrini də ziyarət ediblər. 



Məlumat üçün qeyd edək ki, Türkiyə “Türk ocaqları”nın maddi dəstəyi ilə bir müddət öncə Tərtər və Gəncə şəhərlərinin erməni təxribatı nəticəsində evləri ziyan görmüş ailələrinə də yardım göstərilib. 120 yardım bağlaması zərərçəkmiş insanlara paylanılıb.