Yücel Karauz: “Kapitulyasiya sənədinin 9-cu bəndi 100 ilin qisası idi” - Türkiyə bölgədə !

“Buna tarixi baxımdan yanaşmaq lazımdır. Zəngəzur bölgəsinin yıxılması ilə Türk dünyasının qolu əslində kəsildi”

“Naxçıvanın və Azərbaycanın 9-cu maddə ilə birləşməsi həm də türk dünyasının birləşməsi deməkdir”

“Bunun yalnız Azərbaycan tarixi üçün deyil, eyni zamanda türk tarixi üçün də şərəfli bir qələbəyə çevrildiyini görmək vacibdir”

“Türkiyə danışıq masasındadır, bölgədədir, olmağa da davam edəcək”


İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı.  Lakin bu, heç də münaqişənin tamamilə aradan qalxması və onun yox olması anlamına gəlmir. Azad olunmamış ərazilərdə Azərbaycanın suveren hüquqlarının təmin olunması və həmin ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi ilə bağlı siyasi səylər artıq diplomatik müstəvidə davam etdiriləcək. Ölkəmizin diplomatik masada uğur qazanağına hansısa bir şübhə yoxdur. 30 il ərazində Cənubi Qafqazda mövcud olmuş, hətta Sovet İttifaqının çökməsi proseslərində önəmli rol oynamış Qarabağ münaqişəsi öz həllinin son mərhələsinə- diplomatik həll mərhələsinə qədəm qoyur.

Prosesləri “Sherg.az”a şərh edən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Qarabağ münaqişəsini anlamaq üçün 200 ildir Qafqaz coğrafiyasında baş verənləri çox yaxşı oxumağın lazım olduğunu söylədi. General noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla bağlı mühüm nüansları qeyd edib.

Müsahibəni təqdim edirik:

- Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanat imzalandı. Perspektivdə mənfi nələr yaşana bilər?

-Qarşıdakı dövr üçün ən böyük narahatlığım, Ermənistan terror ünsürlərinin yenidən ortaya çıxması və hərəkətə keçməsidir. Ermənistanın PKK-ya dəstək verdiyini hamımız bilirik. Ermənilər keçmişdə ASALA terror təşkilatı vasitəsi ilə ölkəmizdə bir çox terror fəaliyyətini həyata keçirib. Erməni xalqı dinc və firavan yaşamaq istəyir. Ona görə də Ermənistan dövləti xalqının iradəsinin arxasında dayanmalı və sülhü qorumaq üçün əlindən gələni etməlidir.

- Üçtərəfli bəyannaməyə dair düşüncələriniz maraqlıdır...

-Üzüləcəyimiz yeganə məqam rus sülhməramlılarının Laçın dəhlizində və Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsidir. Çünki keçmişdə ağrılı təcrübələr yaşayan Azərbaycan xalqının Ermənistanın varlığı ilə bağlı xoş xatirəsi yoxdur. Lakin 1918-ci ildə Türkiyə var idi, bu gün var, sabah da olacaq. Qafqaz İslam Ordusunun və Nuri Paşanın ruhu Azərbaycandadır.

-Bəs qazancımız nələrdir?

-Üçtərəfli bəyanatın mahiyyətinə baxarkən bunu Azərbaycanın milli maraqlarına 90 faiz uyğun olaraq ifadə etməliyik. 12 iyulda heç bir şeyimiz yox idi və yüzlərlə haqsız, qanunsuz qərara baxmayaraq, torpaqlarımız işğalda idi. 27 sentyabrda da heç bir şeyimiz yox idi. Bu gün ifadə edilməməsinə baxmayaraq, Xocalı və Xocavənd daxil olmaqla işğal olunmuş ərazilər azad edilir. Ermənistanın silahlı qüvvələri ləğv edilir, Ermənistanın işğal etdiyi bölgələrdə yaratdığı qoruma rejimi sona çatır, köçkün qaçqınlar və mühacirlər öz torpaqlarına sağ-salamat qayıdırlar. Qarabağın dağlıq statusu haqqında muxtariyyətdən danışılırdı, amma bu artıq mümkün deyil. Bunlar əslində 28 illik cavab görüşüdür. Razılığa baxdığımızda, 9-cu maddənin 100 ilin qisası olduğunu görəcəyik.

-“100 ilin qisası” dedikdə nəi nəzərdə tutursunuz?  

-Bəli.100 ilin cavab görüşü dedikdə, ona tarixi baxımdan yanaşmaq lazımdır. Zəngəzur bölgəsinin yıxılması ilə Türk dünyasının qolu əslində kəsildi. Bununla yanaşı, Naxçıvanın və Azərbaycanın 9-cu maddə ilə birləşməsi həm də türk dünyasının birləşməsi deməkdir. Bunun yalnız Azərbaycan tarixi üçün deyil, eyni zamanda türk tarixi üçün də şərəfli bir qələbəyə çevrildiyini görmək vacibdir.

Amma Türkiyə - Azərbaycan qardaşlığından narahat olanlar da az deyil...

- Türkiyə və Azərbaycanın diqqət yetirməli olduğu vacib məqamlardan biri də ABŞ və AB ölkələrinin bölgəyə müdaxiləsinin qarşısını almaqdır. Nəticə əldə edə bilməyən dövlətlər bölgədəki qeyri-müəyyənliyi müxtəlif müdaxilələrlə davam etdirmək istəyə bilərlər. İnanıram ki, Türkiyə və Azərbaycan xalqı milli birlik və həmrəylik içərisində bütün problemlərin öhdəsindən gələcək. Yenidən xatırlatmaq istəyirən ki,bu böhranın ən əhəmiyyətli qaliblərindən biri Türkiyə oldu.Türkiyə danışıq masasındadır, bölgədədir, olmağa da davam edəcək. Azərbaycan bütün dünyaya Qafqazda regional güc olduğunu göstərdi. Bunlardan əlavə Paşinyan hakimiyyəti də tamamilə zəiflədi.

-Paşinyanın hakimiyyətə qalacağına inanırsızmı?

-Ermənistan xalqı da müharibə istəmir. Uşaqlarının boş yerə öldüyünü söyləyən erməni anaları var. Onların hamısı müharibədən Paşinyanı məsul hesab edirlər. Bu səbəbdən müharibənin sona çatması və atəşkəsin olması da erməni xalqının marağındadır.

-Ordumuzun hərbi əməliyyatları bir çöx ölkələr üçün örnək oldu. Qardaş Türkiyənin də rolunu danmaq olmaz. Türkiyə sona qədər Azərbaycanın yanında idi...

-Bəli. 27 sentyabrdan bəri Azərbaycan heç bir manipulyasiyaya getməyib və yalnız hərbi məqsədləri istiqamətində irəliləyib. Azərbaycan Fransa, ABŞ və silah lobbisinin təxribatlarına gəlmədən böyük uğurlar qazandı. Azərbaycan həm düşməni məğlub etdi, həm də düşmənin mübarizə əzmini qırdı.

“Ankaranın təhlükəsizliyi Bakıdan, Bakının təhlükəsizliyi Ankaradan keçir”. Bu məntiqlə hərəkət edən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan böyük uğurlar əldə etdilər. Bundan sonra qardaş Azərbaycan xalqının yanında olmaq, mənəvi dəstək vermək və yaralarını sağaltmaq bizim borcumuzdur .


Söhbətləşdi: Yeganə Bayramova