“Ermənilər torpaqlarımızda vəhşilik törədirlər” - Sülhməramlılar laqeyddirlər !

“Beləliklə, sanki faşist Almaniyası dövründəki hadisələri təkrarlanır”

“Sülhməramlılar hələ ora tam yerləşməsələr də,  duruma nəzarət etməli, lazım gələndə, reaksiya göstərməlidirlər”


Ermənistan hərbi-siyasi hakimiyyəti, nəhayət, məğlubiyyətini etiraf edərək, kapitulyasiyaya imza atdı. Lakin düşmənlər son nəfəslərində də rəzillik edirlər. Qınanılası deyil. Görünür, tarixi xislətlərindən, babalarından qalmış “miras”larından əl çəkə bilmirlər. Dediyimiz ənənələrini elə qoruyurlar ki, sanki əllərindəki torpaqlarımızı qoyub gedərkən tutduqları nəsnədir. Bilirsiniz niyə belə deyirəm? Çünki evləri, meşələri yandırır, ard-arda vəhşilik törədirlər. Bu barədə yayılan görüntülər əvvəlki cümlələrin bariz nümunəsidir.

 Sabiq millət vəkili, hüquqşünas Çingiz Qənizadə işğalçıların növbəti vandallıqlarına dair fikirlərini “Sherg.az”la bölüşüb:

 “Ermənilər hətta torpaqlarımızı tərk edəndə də vəhşilik törədirlər. Onlar təpədən-dırnağa yaramazlıqla məşğuldurlar. Hərçənd, biz dəfələrlə, elə Kəlbəcərdən çıxmaq üçün onlara vaxt verəndə də humanistlik göstərdik, güzəşt etdik. İşğalçılar belə hərəkətlərilə təkcə bizə yox, həm də təbiətə, kainata qarşı kinlərini ortaya qoydular. Beləliklə, sanki faşist Almaniyası dövründəki hadisələri təkrarlanır. Sülhməramlılar hələ ora tam yerləşməsələr də,  duruma nəzarət etməli, lazım gələndə, reaksiya göstərməlidirlər. Amma laqeyddirlər. Ermənilərsə müharibə qanunlarını pozmaqdadırlar. Əlimizdən lənət oxumaqdan başqa heç nə gəlmir. Həm də Yaradan gec-tez onları cəzalandıracaq. Necə ki, ermənilər otuz il əvvəlki vəhşiliklərinin cavabanı indi verirlər”.