Sülhməramlıların tərəf tutmaq ixtiyarı yoxdur ! - “Münaqişəyə əngəl olmaq üçün gəliblər”

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. Hazırda Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi səbəbləri geniş müzakirə olunur. Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya təhrif olunur.


Situasiyadan asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Sülhməramlıların missiyası barədə millət vəkili Tahir Kərimli fikirlərini “Sherg.az”la bölüşüb: 

“Adətən sülhməramlı qüvvələrini işğal qüvvələrinə və hərbi bazalara bənzədirlər. Bunların hamısı yanlışdır. Sülhməramlılar iki kateqoriyaya bölünür. Biri BMT-nin qərarı ilə yaradılan sülhməramlılar. İkincisi isə tərəflərin razılığı ilə üçüncü qüvvələrin yaratdığı sülhməramlılar. İndiki halda Dağlıq Qarabağda ikinci məqam hökm sürür”.

T.Kərimli qeyd edib ki, sülhməramlıların məqsədi Azərbaycan  ərazilərindən erməniləri çıxartmaqdır:

“Biz nə vaxt demişik ki, erməniləri tamamilə qovacağıq? Onsuz da Azərbaycanda 30 min erməni yaşayır. Sadəcə demişik ki, kim Azərbaycanın qayda-qanunlarını qəbul edəcəksə, torpaqlarımızda yaşaya bilər. Cənab Prezident də birmənalı şəkildə bildirib ki, hansısa status olmayacaq. Sülhməramlılar müvəqqəti olaraq bölgədə olacaqlar. Onların tərəf tutmaq ixtiyarı yoxdur.

Sülhməramlılar yalnız  bölgədəki münaqişəyə əngəl olmaq üçün yerləşdirilib”.