Faşizmə alov siyasəti əlavə edənlər...

"Bütün zərəri tam və yekun qiymətləndirib beynəlxalq məhkəmədə təzminat davası açmalıyıq"

Kəlbəcər rayonunu tərk etmək məcburiyyətində qalan ermənilər yaşadıqları evlərə və ətrafdakı meşələrə od vurublar. Ermənilərin özünəməxsus olan bu vandallıqları dünya mediasında da geniş işıqlandırılıb. Bəzi xarici mənbələr də qeyd edir ki, ermənilər ağacları kəsib-doğrayaraq maşınlara yükləyirlər və özləri ilə aparırlar. Ərazidə olan tarixi memarlıq abidələrinin də dağıdıldığı bildirilir. Onu da qeyd edək ki, ermənilərin törətdiyi bu cür barbarlıqlar dünyanın aparıcı media nəhənglərinin diqqət mərkəzindədir. Hazırda od vurulmuş evlər və meşələrin video-çəkilişləri və fotoları “mədəni” ermənilərin çirkin əməlləri kimi bütün dünyanı dolaşır.

“Villagers burn houses ahead of Azerbaijan takeover” (Azərbaycana təslim etməmişdən öncə kəndlilər evləri yandırırlar), “Aljazeera TV”nin bu başlıq altında yaydığı məlumatda deyilir: “Ağdərə ("Mardakert") rayonu ilə sərhəddə olan Çərəkdar ("Çarektar")  kəndində ən azı altı evə şənbə günü səhər od vuruldu. Vadinin üzərində qalın boz tüstü yüksəldi. "Bura mənim evimdir, onu türklərə buraxa bilmərəm" deyən ermənilərdən biri tamamilə boş bir evə benzinlə isladılmış yanan taxta və bez parçaları atdı: "Bu gün hamı evlərini yandıracaq. Bizə ərazini tərk etmək üçün gecə yarısına qədər vaxt verilib". Cümə günü Çərəkdar kəndində və ətrafında ən azı 10 ev yandırılıb”, - deyə materialda bildirilib. Türkiyənin ingilisdilli “Anadolu Agency ” media mərkəzi bildirir ki, işğaldan əvvəl Kəlbəcərdə 60 min Azərbaycan vətəndaşı yaşayıb: "Ərazi Ermənistanın nəzarətinə keçdikdən sonra burada ermənilər məskunlaşmağa başlayıb. Əldə olunmuş bəyannaməyə əsasən, ermənilər ərazini tərk etməlidir. Onlar ərazidən çıxarkən evlərə və meşələrə od vurublar. Mümkün olan hər bir şeyi məhv ediblər. Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilərin rayonu tərk edərkən zəbt etdikləri evləri və meşələri yandırması insanlığa yaraşmayan vəhşilikdir. Bu torpaqlar və evlər ermənilərə məxsus olmadığından və onlar geri qayıda bilməyəcəklərini dərk etdiklərindən Azərbaycana qarşı sonuncu düşmənçilik imkanlarını bu yolla həyata keçirirlər. Baş verənlər təcavüzkar Ermənistanın hərbi-siyasi məğlubiyyətini həzm edə bilməməsinin nəticəsi olmaqla bərabər, insanlıq cinayəti və ekoloji terrordur".  Hətta ermənilərə xüsusi simpatiyası ilə seçilən Fransa mediası da bu məsələyə xüsusi diqqət ayırıb. “Agence France-Presse” (AFP) və “France24” kimi TV kanallar oxşar xəbərlər yayıb. Dünyanın 155 ölkəsində 8 dildə yayımlanan, 350 milyon tamaşaçı auditoriyası olan “Euronews” TV kanalı da oxşar xarakterli materiallar yayımlayıb. Vahe Mikrtçyan “Euronews”a deyib ki, mən öz əlimlə od vurduğum evimə tamaşa edirəm: “Mən onlara nə isə qoyub getmək istəmirəm”. “Euronews” qeyd edib ki, digər ermənilər də evlərinə od vururlar. Onlar ərazini təhvil alacaq azərbaycanlılara xarabalıqlar qoyub gedirlər. “Euronews”un hazırladığı materialda o da bildirilir ki, ermənilərin tərk etməli olduqları ərazilər hüquqi baxımdan Azərbaycan torpaqlarıdır və bu əraziləri ermənilər işğal etmişdi.

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində də ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vandallıqlar barədə məqalə yerləşdirilib. Məqalədə Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri tərəfindən imzalanmış bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycana qaytarılmalı olan Kəlbəcər rayonunda sonradan məskunlaşmış ermənilərin yaşadıqları evləri yandırmalarından, dam örtüyü də daxil olmaqla tikinti materiallarını söküb aparmalarından söz açılıb. Qeyd olunub ki, Azərbaycanın hüquqi ərazisi olan Kəlbəcər 1994-cü ildə başa çatan müharibə nəticəsində ermənilərin nəzarətinə keçib. Amma bu il sentyabrın sonunda başlayan döyüşlərin gedişində Azərbaycan davamlı hərbi uğurlar əldə edib ki, bunların da kulminasiyası strateji vacib mövqeyi və Azərbaycan mədəniyyətində həssas yeri olan Şuşa şəhərinin azad edilməsidir. Bundan sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri atəşkəs barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistanın işğalı altında olan ərazilər Azərbaycana qaytarılacaq. Artıq Kəlbəcərdən Ermənistana gedən yolda kilometrlərlə uzanan avtomobil karvanı yaranıb. Məqalədə 1994-cü ildə başa çatmış döyüşlər nəticəsində yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin düşdükləri bildirilib. Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılması ilə öz evlərinə qayıdacaq sakinlər yanmış, xarabalığa çevrilmiş evlərlə qarşılaşacaqlar. Qarşıdakı günlərdə Azərbaycana qaytarılmalı olan və vaxtilə minlərlə sakinin yaşadığı Ağdam birinci müharibədə dağılması və ya sonradan qarətçilərin binaların tikinti materiallarını söküb aparması nəticəsində xarabalığa çevrilib. 

Avstraliyanın nüfuzlu “SBS news” portalında bildirilib ki, ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları ərazilərdə yerləşən evlərə od vururlar.

Qeyd edilir ki, Kəlbəcər rayonunda yerləşən və separatçılar tərəfindən uzun müddət işğal altında saxlanan kəndlərdə yaşamış ermənilərin Ermənistana qaçmazdan əvvəl evlərə və sosial obyektlərə məhz azərbaycanlılara qalmaması üçün od vurduqları vurğulanır. Bildirilir ki, bu evlərin əksəriyyəti ötən əsrin 90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara məxsus olub. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı qeyd edilir.  Misirin “Nile1” informasiya portalı ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda tərk etdikləri evləri və meşələri yandırmasından bəhs edən xəbər yayıb. BBC telekanalının reportajına istinadla yayılan xəbərdə ermənilərin aparılması mümkün olan hər şeyi özləri ilə götürdükləri, hətta pəncərə çərçivələrini, unitazları belə apardıqları, Kəlbəcərdə meşələri və evləri yandırmaqla daha çox ziyan vurmaq istədikləri qeyd olunub. Xəbərdə, həmçinin Ermənistanın işğal etdiyi və hazırda azad edilmiş ərazilərdə vurduğu böyük ziyanın hesablandığı və onun ödənilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcəyi bildirilib.

Yaponiyanın “msn.com” saytı da Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunu tərk edən ermənilərin törətdikləri vəhşiliklər barədə məqalə yayıb. “Azərbaycan köçürülmə vaxtını noyabrın 25-dək uzadır” sərlövhəli məqalədə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanata əsasən, Kəlbəcərin noyabrın 15-dək təhvil verilməsinin nəzərdə tutulduğu xatırladılır. Qeyd edilir ki, Ermənistan tərəfi Azərbaycana müraciət edərək ərazinin təhvil verilməsi müddətinin noyabrın 25-dək uzadılmasını xahiş edib. Azərbaycan tərəfi növbəti dəfə humanistlik göstərərək Ermənistan rəhbərliyinin bu xahişini qəbul edib. Məqalədə bildirilir ki, 1990-cı illərin əvvəllərində keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Kəlbəcəri mühasirəyə alan Ermənistan ordusu və separatçılar burada yaşayan azərbaycanlılara ərazini tərk etmələri üçün cəmi bir neçə saat vaxt vermişdilər. Lakin buna baxmayaraq, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, ölkə rəhbərliyi növbəti dəfə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək və Rusiya Prezidentinin xahişini nəzərə alaraq həmin müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib. Məlumatda ermənilərin tərk etdikləri evləri və sosial obyektləri yandırmasına da geniş yer ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı diqqətə çatdırılıb.

Tanınmış jurnalist Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında vurğulayıb ki, müharibədə məğlub olan Ermənistan tərəfindən Kəlbəcərdəki flora və faunanın məhvi, yaşı iki min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir. A.Rəşidoğlu qeyd edib ki, terrorçu ölkənin belə vandallığının dünya mediasında işıqlandırılması təqdirəlayiqdir:

" Bu ilk növbədə bizim beynəlxalq məhkəmələrə müraciət etməyimizə kifayət edir. Törətdikləri ekoloji cinayətlərə görə, ermənilər cavab verməlidir. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımına görə biz ermənilərdən maddi kompensasiya almalıyıq.  Mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib və inanıram ki, Ermənistanı cəzalandıra biləcəyik. Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq qiymətləndirmə qrupları Azərbaycana dəvət olunmalıdır.  Ekoloji terror faktlarına qiymət verilməlidir".

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri  Elçin Bayramlı "Şərq"ə açıqlamasında bildirib ki,  ermənilərin Kəlbəcərdə törətdikləri faktları toplayıb həm beynəlxalq ictimaiyyətə, həm də beynəlxalq təşkilatlara, məhkəmələrə çıxarmalıyıq. O bildirib ki, ermənilərin törətdikləri ekoloji terrorların xarici medialarda işıqlandırılması çox vacibdir:

"Çünki təzminat davası üçün gələcəkdə bunlar  olacaq.  İnternet videolarla doludur. Pyeklərimiz də istənilən faktı qeydə alır. Bu faktlar informasiya və təbliğat müharibəsində bizim xeyrimizə əsaslı arqumentlərdir. Yəni həm siyasi-diplomatik proseslərdə, həm də hüquqi- məhkəmə prosesində. Ona görə də bunların bizə maddi cəhətdən bir qədər zərəri varsa da, siyasi cəhətdən daha çox xeyri var. Ümumiyyətlə, müxtəlif qiymətləndirmələrə görə, Ermənistanın Azərbaycana vurduğu zərər 300 milyard civarındadır. İndiyədək Ermənistan burada cavabdeh tərəf olmadığını iddia edir. Onlar hər şeyi Qarabağda yaşayan ermənilərin və ordakı terrorçuların üzərinə atır. Bu sazişlə cavabdeh tərəf olduğunu rəsmi etiraf və qəbul etmiş oldu. Bunu erməni rəsmiləri də qeyd etdilər və Paşinyanı da sərt tənqid etdilər. İndi biz bütün zərəri tam və yekun qiymətləndirib beynəlxalq məhkəmədə təzminat davası açmalıyıq. Bunların xarci mətbuatda geniş işıqlandırılması isə bizim tam lehimizədir".