Qəti qorxusu yoxdur ! - Kəlbəcərin təhvil verilməsi istiqamətində işlər gedir

Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb.

Halbuki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi, buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək, daha 10 gün gözləməyə razılaşıb. Təəssüf ki, Azərbaycanın humanist yanaşmasına ermənilər Kəlbəcərdə vəhşilik törətməklə cavab verirlər. 

Məsələni “Şərq”ə dəyərləndirən millət vəkili Cavid Osmanov deyib ki, dövlətimiz yürütdüyü siyasətdə daim humanizm prinsiplərini rəhbər tutur. O baxımdan Azərbaycanın bu məsələyə razılıq verməsini normal qəbul etmək lazımdır. Deputat xatırladıb ki, Ağdam və Laçın rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma olduğu kimi qüvvədə qalır:

“Azərbaycan bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur.

Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur. Onu da qeyd edim ki, 1993-cü ildə Kəlbəcərin əsl sakinləri dağları, meşələri, keçilməz yolları ayaqyalın qət edərək canlarını erməni silahlılarından güclə qurtardılar. Yüzlərlə kəlbəcərli qırğına məruz qaldı, cəsədləri belə təhqir edildi.

Çoxlu sayda insan girov və ya itkin düşdü. Kəlbəcərlilər özləri ilə heç nə götürə bilmədilər, sakinlərin bütün əmlakı ermənilər tərəfindən qarət olundu. Hesab edirəm ki, bu qərarın qəbulu bir daha sübut edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Ordumuz, hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir”.

Parlament üzvü vurğulayıb ki, xarici media orqanlarının yaydıqları informasiyalardan görünür ki, artıq Azərbaycanın Kəlbəcər rayonunun təhvil verilməsi istiqamətində işlərə başlanılıb:

“Proses noyabrın 25-də başa çatacaq. Kəlbəcərdəki Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşdırılan insanlar çıxarıldıqdan sonra Azərbaycan Ordusunun hissələri oraya yerləşdiriləcək”.