Qanun parlamentdən keçəcək

Şükür Allaha ki, artıq arxayınıq 

Azərbaycana qarşı istənilən təhdid və təzyiqin qarşısı dərhal Türkiyə tərəfindən alınacaq"


Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb və layihə Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Sənəddə vurğulanıb ki, Azərbaycanın müəyyən edəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Ortaq Mərkəzin həyata keçirəcəyi fəaliyyətlər üçün Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları və ehtiyac olacağı halda, mülki personalının xidmət etməsi reallaşacaq. Layihə 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan arasında Strateji Müttəfiqlik və Qarşılıqlı Yardım Anlaşması” çərçivəsində gündəmə gətirilib. 



Sənədin önəmi ilə bağlı “Şərq”ə danışan millət vəkili Tahir Kərimli deyib ki, Türkiyə tarix boyu bizi tək buraxmayıb. Deputatın sözlərinə görə, qardaş ölkə hər zaman xilaskar rolunda oynayıb:

“Türkiyə bizim təbii müttəfiqimizdir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış “Strateji Müttəfiqlik və Qarşılıqlı Yardım Anlaşması” çərçivəsində istənilən addımı atmağa hüquqi haqqımız çatır.

Rusiya ilə birlikdə sülhməramlı missiyada Türkiyənin yer almasını tələb edirik. Hüquqi prosedura uyğun olaraq layihə Türkiyə prezidenti tərəfindən TBMM-yə təqdim olunub. Şübhəsiz, parlamentdəki bütün siyasi partiyalar, əksər millət vəkilləri qanun layihəsinə səs verəcəklər”. 

T.Kərimlinin fikrincə, indiki məqamda qardaş dövlətin hərbi baxımdan bölgədə mövcudluğu çox mühümdür:

“Türk əsgərinin Qarabağa gəlişi vacibdir. Aydındır ki, bəzi dövlətlər regiondakı maraqlarını başqa ölkələrlə paylaşmaq istəmirdilər. Bunu özlərinin strateji maraqlarına ciddi təhlükə kimi görürdülər.

Türkiyənin bura gəlişini müxtəlif üsullarla əngəlləməyə çalışanlar var idi. Şükür Allaha ki, artıq arxayınıq. Azərbaycana qarşı istənilən təhdid və təzyiqin qarşısı dərhal Türkiyə tərəfindən alınacaq”.