Yeganə, düzgün yanaşmanı seçdik

Dünya Qalibin humanizmini də gördü

Bu, həqiqət və ədalətin ortaq ümumbəşəri standartını göstərmək bacarığıdır

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib.

Bu qərarı qəbul edərkən Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Dövlətimizin yürütdüyü siyasətdə daim humanizm prinsiplərini rəhbər tutduğunu nəzərə alsaq, Azərbaycanın bu məsələyə razılıq verməsini də bu qəbildən olan növbəti addım hesab etmək olar.

Lakin gecə evlərində yatan insanları raket atəşinə məruz qoyan, Xocalı faciəsini törədən Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi.

Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb. Odur ki, ermənilər Azərbaycanın növbəti bu humanist addımını heç vaxt unutmamalıdırlar.

 AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov bu barədə “Sherg.az”a açıqlama verib:

“20 il ərzində AŞ PA Assambleyasının tribunasından, komitələrin iclaslarında çıxış edərkən, rəsmilərlə söhbətlər zamanı Ermənistana qarşı sanksiyaların tətbiq olunması, onun beynəlxalq təşkilatlardan çıxarılması, ona qarşı sərt tədbirlərin görülməsi və ictimaiyyət tərəfindən qınanılmasını tələb edirdim.

Ermənilər isə cəzasız qaldıqlarını görərək təkəbbürlü şəkildə bizimlə nəyisə müzakirə etmək istəklərinin olmadığını nümayiş etdirir, dərhal Qərb üçün  daha “maraqlı” mövzulara keçərək “yeni demokratik” cəmiyyət qurmaq haqqında danışırdılar. Onlar nə etdiklərini çox yaxşı başa düşürdülər, çünki ərazilərimizi işğal edərək, mülki əhalini məhv edib torpaqlarımızdan qovaraq, bilirdilər ki,  cinayətlərini ört-basdır etməyi həqiqəti deməklə deyil, ancaq Qərb siyasətçilərinin və ictimaiyyətin eşitmək istədiklərini deyərək bacaracaqlar.

Başqa sözlə, yalan, cəfəngiyyat, böhtan... Bu yalan siyasətini onlar dövlət siyasəti səviyyəsinə qaldırdı və bunu Azərbaycana qarşı ideoloji və informasiya müharibəsi alətinə çevirdi. Etiraf etmək lazımdır ki, ilk dövrdə bu siyasət uğurlu alındı və biz işğala məruz qalmış bir ölkə olmağımıza baxmayaraq, bəzi siyasətçilərin, təşkilatların və hətta ölkələrin gözündə “işğalçı” kimi təsəvvür edilirdik. Axı təsadüfi deyil ki, ABŞ Konqresinin 1992-ci ildə qəbul edilən məşhur 907-ci düzəliş Ermənistana qarşı deyil, məhz bizə qarşı idi. Yaxud 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz olduğu halda dünyaya bu problemi yaratmış kimi təqdim olunurduq.

Dəhşətli səslənir, amma müasir Qərb dünyası bu cürdür: onun dözümlülüyü və tolerantlığı təcəssüm etdirən, danışıqlar və dialoq, diplomatiya və hökumətlərarası yanaşmanı müdafiə edən dili  bir şey deyir, amma əməldə isə tamamilə fərqli işlər görür. Demokratiya, insan hüquqları və qanunun aliliyi kimi böyük ümumbəşəri dəyərlərin "pərdəsi" arxasında dəhşətli işlər görülür, ikili standartlar tətbiq olunur, korrupsiya və şəxsi maraqlara əsaslanan ədəbsizlik və riyakarlıq açıq şəkildə özünü göstərir. Və bunlar Qərb ictimaiyyətinin və siyasətçilərinin əhəmiyyətli bir hissəsində bir tərəfdən demokratik və sülhsevər erməninin, digər tərəfdən isə qaniçən, təcavüzkar azərbaycanlının yalançı obrazlarını yaradan ermənilər tərəfindən məharətlə istifadə edilirdi”. 

 S.Seyidov düşmənə edilən növbəti güzəşti Azərbaycanın humanist siyasətinin növbəti təzahürü kimi qiymətləndirib:

“Biz bütün bunları doyunca görmüşük. Bunları görüb, ayırd etməyi də öyrəndik. Bəyan edilən dəyərlərdən ədalət gözləməli olmadığımızı, demokratiyalarının bir “universitet” olduğunu və orada onların daim professor, bizim isə hər zaman tələbə olacağımızı anladıq; insan haqlarının öz davamçıları tərəfindən pozulduğu zaman onlar üçün aktual olduğunu və bir milyon qaçqınımızın onlar üçün sadəcə statistika olduğunu; qanunun aliliyinin bizim torpaqlarımızı işğal edənlərdən başqa hər kəsə şamil edilməli olduğunu  anladıq.

Bütün bu dəyərlərin təzyiq aləti və oyuncaq olduğunu görərək yeganə düzgün yanaşmanı seçdik: həm ritorika, diskurs və münasibətlər səviyyəsində, həm də ölkələrdə və beynəlxalq təşkilatlarda konkret sənədlərin qəbul edilməsi səviyyəsində özümüzə münasibətdə bir dəyişikliyə nail olmaq üçün güclü, qətiyyətli, müstəqil və nüfuzlu olmağı. Hər kəsə məlumdur ki, qaliblər müharibəyə başlamazdan əvvəl qələbə qazanırlar, məğlublar isə qələbəni döyüş meydanında axtarırlar.

Müasir və əzəmətli ordu qurmaqla yanaşı, iqtisadi cəhətdən güclü, millətlərarası münasibət cəhətdən  multikultural və ümumbəşəri cəhətdən humanist dövlət quraraq ölkəmizin Prezidenti, Ali Baş Komandan qələbəmizin bünövrəsini ondan xeyli əvvəl yaratmışdı. Və bu gün, ilk növbədə öz gücü və qüdrəti sayəsində Qarabağda BMT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı, Qoşulmama Hərəkatı təşkilatlarının qərarlarını həyata keçirərək, Azərbaycan ədalətli tarixi Qələbəsini qazanmaqla yanaşı, müasir tarixdə ilk dəfə Humanist Qələbə nümunəsini nümayiş etdirdi. Soruşa bilərsiniz ki, bu nə termindir?

Cavab verirəm, bu, dövlətin Tərtər, Gəncə, Bərdə və Azərbaycanın digər şəhərlərinin mülki əhalisinə qarşı erməni faşizminin iyrənc, çirkin hərbi cinayətlərinə ordumuzun döyüş meydanında sarsıdıcı zərbələri ilə cavab vermək gücüdür. Bu, düşməni hər cəbhədə məğlub etmək və əzmək, Şuşanı düşməndən azad etmək və sonra dayanaraq mülki əhalinin humanitar dəhlizlərdən istifadə etməsinə imkan verməkdir.

Bu, Ermənistanı təslim aktını imzalamağa və qoşunlarını Azərbaycanın işğal olunmuş bölgələrindən onun diktəsi ilə müəyyən olunmuş konkret müddət ərzində çıxarılmasını qəbul etməyə məcbur edən, sonra isə mülki şəxslərin getməsində yaranan çətinliyi görərək həmin müddəti uzatmağa qərar verən Prezidentin nəcibliyidir. Bu, qoşunları artıq Kəlbəcərdə olan Qalibin humanizm, insanpərvərlik, multikulturalizm dilindən istifadə etmək və bütün dünyaya ikili standart deyil, həqiqət və ədalətin ortaq ümumbəşəri standartını göstərmək bacarığıdır!

İndi sülh, mehriban qonşuluq və humanizmdən yalnız biz danışmırıq, indi ətrafda hər kəs sülh, mehriban qonşuluq və humanizm səylərimizdən danışır. Və bu gün mülki əhalinin Kəlbəcərdən geri çəkilmə müddətini noyabrın 25-nə qədər uzatmaqla bunu bir daha bütün dünyaya nümayiş etdirmiş olduq”.