Omandakı zəngilanlı sənətşünas: “... Şuşada böyük bir konservatoriya yaradılar”

“Ata-baba torpağımızın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr davam edir”

“Əlbəttə,  bir musiqiçi kimi mən də, necə deyərlər, əlimi daşın altına qoymaqdan şad olaram”

“Heyf ki, babam məcburi köçkün olaraq dünyasını dəyişdi. Amma atam oralara qayıda biləcək”


44 gün... Haqqında kitablar yazılacaq, filmlər çəkiləcək 44 gün. Hər birimiz heç fərqində də olmadan o qədər 44 gün geridə qoymuşuq ki...Amma beləsi olmamışdı. Vallah, billah, olmamışdı. Ötən bir aydan çox müddət ərzində bütün dünya azərbaycanlılarının ürəyi bir döyünürdü. Hər kəsin arzusu, daha doğrusu məqsədi eyni idi-həsrət qaldığımız Qarabağ torpaqlarına ən yaxın zamanda səfər. Bu, artıq nə arzudur, nə xəyal. Uğurlu diplomatiyamız, qüdrətli ordumuz onu reallığa çevirdi. İlk fürsətdə Şuşada görüşmək ümidilə...

 Dediyimiz kimi, bu günlərdə təkcə Azərbaycanda yaşayanların yox, dünyanın bütün nöqtələrindəki soydaşlarımızın gözü yolda, qulağı səsdə idi. İndi onların da ürəyi rahatdır. Bəlkə, həmin vətəndaşlarımız da vətənlərinə qayıdanda ilk səfərlərini Qarabağa edərlər...

Oman sultanlığında yaşayan soydaşımız, Sultan Qabus universitetinin müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova da, belə demək mümkünsə, ürəyinə su səpilənlərdəndir. Vüsalə xanım keçirdiyi hissləri daha ətraflı “Sherg.az”la bölüşüb:

-Bir mədəniyyət adamı, sənətşünas kimi fikirləriniz maraqlıdır, özü ilə birlikdə fəlakətlər gətirən müharibə hansı hallarda məqbul sayıla bilər?

-İndiki şəraitdə müharibə qaçılmaz idi. Azərbaycan nə qədər torpaqlarına həsrət qalacaqdı? Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə dediyi kimi, biz daimi işğalla barışa bilməzdik. Biz uzun illər sülh üçün çalışsaq da, bu, nəticə vermədi. Odur ki, nəhayət, sentyabrın 27-də düşmənin növbəti təxribatına layiqli cavab verdikdən sonra əks-hücum əməliyyatlarına başladıq. Bu, yerində alınmış qərar idi. Prezidentimizin siyasi iradəsi, ordumuzun əzmkarlığı ilə qələbə qazandıq. Bu münasibətlə hər kəsi, bütün dünya azərbaycanlılarını təbrik edirəm. Qalib xalqın nümayəndəsi olmaq böyük xoşbəxtlikdir.

-Ötən həftələr ərzində “no war” kampaniyası tərəfdarları da az deyildi. Onlara nə demək istəyirsiniz?

-Sosial şəbəkərdəki çıxışlardan, paylaşımlardan belə görünür ki, insanlarımızın yarıdan çoxu siyasətçi, tarixçi imiş. Hərçənd, hər kəs öz sahəsində fəaliyyət göstərsə, ortaq həllə kömək etsə, daha yaxşı olar. Əlbəttə, heç kim müharibə istəmir. Bizim necə sülhvərpər xalq olduğumuzu hər kəs bilir. Hətta indiki çətinliklərin səbəbi humanistliyimiz olub.

Ermənilərin 200 yüz il əvvəl siyasi köçürülmə ilə Qarabağda məskunlaşmaları tarixdən məlumdur. Sonradan etnik millət olduqlarını dedilər. Mən sosial şəbəkələrdə “no war” kampaniyasına həmişə etiraz edirdim.

Çünki düşmən heç vaxt sülhə yaxın durmazdı. Hətta 5 rayonu da dinc yolla qaytarmaq fikirləri yox idi. Rayonlarımızda tikdikləri güclü, beton istehkamlar buna sübutdur.

Müharibə həm ən son, həm də yeganə effektli variant idi. Təəssüf ki, savaş itkisiz, şəhidsiz olmur. Amma şəhidlərin ölmədiyini, vətənin bölünmədiyini unutmayaq. Şəhid analarının əlindən öpürəm.

-Bildiyimizə görə, atanız əslən Zəngilandandır. Bu şəhərin azad olunması xəbəri sizdə hansı hissləri oyatdı?

-Bəli, Zəngilan mənim ata-baba torpağımdır. 20 oktabrda Zəngilan şəhərinin azad olunması xəbərini alanda çox sevindik. İki gün sonra, yəni ayın 22-sində də isə mənim doğum günü idi. Həmin tarixdə kəndimiz işğalçılardan “təmizləndi”. Sevincimiz yerə-göyə sığmırdı. Heyf ki, babam məcburi köçkün olaraq dünyasını dəyişdi. Amma atam oralara qayıda biləcək.

Övladlarım dədə-baba torpaqlarını görəcəklər. Bu, çox sevindiricidir. Əsgərlərimizin şücaəti və qəhrəmanlığı Zəngilanı mənə hədiyyə etdi. Düzü, rayonumuzun belə tez azad olacağını gözləmirdim. Bunun dəryada damla olduğunu bilsəm də, indiyədək ordumuza dəstək məqsədilə keçirilən kampaniyalarda dəfələrlə iştirak etmiş və bacardığım qədər yardım etməyə çalışmışam.

-Bildiyiniz kimi, artıq Şuşa da azad olunub. Şuşanın mədəniyyətimizə, musiqimizə verdiyi töhfələri bir də sizdən eşidək.

-Bəli, noyabrın 8-də aldığımız bu xəbər də bizi çox sevindirdi. Şuşa Şərqin konvervatoriyasıdır. Bu şəhər təkcə Azərbaycana yox, bütün dünyaya böyük mütəfəkkirlər, o cümlədən musiqiçilər, ədiblər bəxş edib. Hacıbəyli qardaşları, Bülbül, Süleyman Ələsgərov və başqaları belələrindəndir. Yəni Şuşa mədəniyyət ocağıdır. Bilirəm ki, indi Üzeyir bəyin ruhu şaddır. Muğam beşiyində ən yaxın zamanda musiqi festivallarının keçirilməsini arzulayıram. İnşallah, Şuşada böyük bir konservatoriya yaradılar. Ata-baba torpağımızın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr davam edir. Əlbəttə,  bir musiqiçi kimi mən də, necə deyərlər, əlimi daşın altına qoymaqdan şad olaram.

-Baş verən hadisələrə Omanda münasibət necədir?

-Burada hər kəs olaylardan xəbərdar olsa da, portallar, saytlar heç nə yazmadı. Lakin tanıdığım şəxslər, o cümlədən iş yoldaşlarım, tələbələrim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyirdilər. Mən də öz növbəmdə ermənilərin beynəlxalq hüququ pozmalarına, törətdiyi vandallıqlara dair həqiqətləri ətrafımla bölüşməyə çalışırdım. Əlbəttə, indiki məqamda belə addımların atılması çox mühümdür.

-Bildiyiniz kimi, Ermənistanda vəziyyət qarışıqdır. Paşinyan nə edəcəyini bilmir. Onun bu durumunu musiqi dili ilə necə izah etmək olar?

-Bəli, erməni baş nazir hərtərəfli məğlub oldu. Onun siyasi səriştəsizliyi, fikrini düzgün ifadə edə bilməməsi, dil bilgisinin olmaması indiyədək dəfələrlə, xüsusiləAzərbaycan prezidenti İlham Əliyevlə dialoqlarda daha aydın görünüb.

Biz fəxr edə bilərik ki, İlham Əliyev kimi dövlət başçımız var. Buna görə çox şanslıyıq. Paşinyanın düşdüyü vəziyyətə gəlincə, “Ögey ana” kinofilmindəki “Yol çəkməyə gedirdin...” sözlərilə başlayan məşhur mahnı indiki situasiyaya tam uyğundur.

Baş nazir, bəlkə də, vaxtında torpaqlarımızı sülh yolu ilə qaytarsaydı, belə biabır olmazdı. Görünür, Azərbaycan ordusunu  90-cı illərdəki ilə səhv salmışdı.

O, səhv siyasi fiqur olduğunu sübut etdi. Bundan sonra Paşinyana ancaq mərsiyə oxumaq olar.